20 Yanvar 2023 04:21
2141
SİYASƏT
A- A+

Qisas qiyamətə qalmadı

 

Azərbaycan xalqı olaraq, düz bir qərinə əvvəl, haqsızlığa dirənc göstərərək Vətən uğrunda şəhadət şərbəti içənlərin haqqın dərgahına uğurlandığı Şəhidlər xiyabanında müqəddəs bir and içmişdik. 1990-cı ilin 20 yanvarında xalqımızın azadlığı, onun gələcəyi naminə qorxmadan haqq səsini ucaldan oğullarımıza, qızlarımıza söz vermişdik ki, uğrunda can qoyduqları Azərbaycanın müstəqilliyini təmin edəcək, torpaqlarımıza göz dikən düşmənə layiqli cavab verərək ərazi bütövlüyümüzü əbədiyyətədək qoruyacağıq və şəhidlərimizin qisasını alacağıq. 

 

Şəhidlər xiyabanından müjdələnən Şuşa zəfəri 

 

"Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".
2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın mirvarisi Şuşanın azadlığını Şəhidlər xiyabanından xalqımıza müjdələyən zaman qürurla bəyan etmişdi bu fikirləri. 
Müzəffər sərkərdənin Vətən qibləmizin azadlığının şad xəbərini məhz Şəhidlər xiyabanından çatdırmasının, tarixi Zəfərimizi bu müqəddəs məkandan dünyaya çatdırmasının öz rəmzi mənası var idi. Qalib Komandan İlham Əliyev şəhidlərimizin uyuduğu, xalqımızın əbədi  məşəlinin alovlandığı bu məkandan qürurla o ismarışı da vermişdi ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! 
Və torpaqlarımızın azadlığı, xalqımızın milli mənafeləri uğrunda haqq mübarizəsinə atılaraq canını qurban verən qəhrəman şəhidlərimizin də qisası alınıb, qanları yerdə qalmayıb.

 

Qan yaddaşımız

 

Müxtəlif zamanlarda olduğu kimi, 1987-ci ilin sonlarında da yenidən ortaya atılmış qondarma "Dağlıq Qarabağ" problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalqımız azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına çıxıb etirazını bildirir, gecə-gündüz milli mübarizəsini sürdürürdü. 
Amma 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq eşqini, haqq səsini boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.
Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.  
Dinc əhalimizə qarşı xüsusi qəddarlıqla həyata keçirilən "Bakı əməliyyatı" zamanı hətta fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 1990-cı il yanvarın 20-də səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Halbuki yanvarın 20-də gecədən  başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.  
Ümumilikdə 1990-cı ilin yanvarında Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 147 nəfər insan amansızcasına öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu.

 

Nicat yalnız müstəqillikdə idi

 

1990-cı il yanvarın 20-də gecə baş verən sovet zülmünə qarşı "Bu qan yerdə qalmaz" deyə ayağa qalxan qəzəbli insan izdihamı "Azadlıq" meydanına axışdı. Onlar müstəqillik uğrunda şəhid olan vətən övladlarının cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını istəyirdilər.
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Həmin vaxt Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.
Qanlı rejimə nifrət hissi aşıb-daşan xalqımız qətiyyətlə müstəqillik tələb edir, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini yandıraraq onun sıralarını tərk edirdilər.   
20 Yanvar faciəsi xalqımızın zülmə, istibdada qarşı açıq dirəniş göstərməsinə, qəddar rejimə qarşı mübarizəyə qalxmasına təkan verdi. Bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

 

Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi

 

1990-cı il yanvarın 20-də Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. 
Ulu Öndər təhlükələrdən çəkinməyərək hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Heydər Əliyev SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi: "Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır".
Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 
Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. 

 

Azadlıq eşqi 

 

1990-cı ilin qanlı 20 Yanvarından 33 il, düz bir qərinə zaman keçib. Amma xalqımızın ürəyində ağrı-acısı da, yaşatdığı qürur hissi də elə ilk gündəki kimi təzədir.
Tariximizə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar faciəsi sübut etdi ki, Azərbaycanın müstəqilliyi, demokratik dövlət qurmaq amalı ilə ayağa qalxan mərd xalqımızın inam və iradəsini qırmaq, milli azadlıq eşqini boğmaq mümkün deyil. 
Buna həm də 44 günlük Vətən müharibəsində dünya şahidlik etdi, gördü ki, Azərbaycan xalqı torpağını, azadlığını, müstəqilliyini canından artıq sevir və onun hər bir üzvü üçün öncə vətəndir. 
Bəli, elə bu yüksək milli amallara sahib olmağımız bizi Vətən savaşında qalib etdi. 
Düz 33 il əvvəl Şəhidlər xiyabanında xalqımız üzərinə götürdüyü mənəvi öhdəliyi, müqəddəs vətən borcunu cəmi 44 gün ərzində parlaq zəfər qazanaraq layiqincə ödədi. Bu şanlı qələbə sayəsində həm torpaqlarımızın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyümüzü təmin etdik, həm də milli maraqlarımız uğrunda özlərini fəda edən şəhidlərimizin qisasını alaraq onların ruhunu şad etdik.  

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video