Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması Qırğızıstan-Azərbaycan əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini göstərir. Bu, təkcə rəmzi siyasi akt deyil, həm də strateji tərəfdaşlıq üçün uzunmüddətli hüquqi bazanın yaradılması deməkdir.
Qırğızıstanlı politoloq Mars Sariyev AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Çolpon-Atada Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ilə bağlı fikirlərini bölüşüb.
Politoloq qeyd edib: “Müqavilə regional təhlükəsizlik, xarici siyasət, nəqliyyat, enerji və iqtisadi məsələlər üzrə daha sıx koordinasiyanı təmin edir. Bu, Qırğızıstana yeni Avrasiya nəqliyyat marşrutlarının inkişafında iştirak etmək üçün əlavə imkanlar verir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Orta Dəhlizin inkişafı ilə birlikdə, Azərbaycanla müttəfiqlik də Qırğızıstan mallarının Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirir. Sənəd, həmçinin Qırğızıstanın inkişaf etməkdə olan çoxqütblü dünyada beynəlxalq mövqeyini gücləndirir. Bişkek Avrasiyanın əsas logistika və enerji mərkəzlərindən birinə çevrilən dövlətlə əməkdaşlığı gücləndirir”.
Ekspertin fikrincə, imzalana sənəd Qırğızıstanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə xüsusi əhəmiyyət kəsb edir.
Mars Sariyev əlavə edib: “Bu gün Avrasiya Yaxın Şərqdə qeyri-sabitlik, Əfqanıstandakı risklər, beynəlxalq nəqliyyat dəhlizlərinə təhdidlər, terrorizm, kibertəhdidlər və hibrid müharibənin digər təzahürləri kimi yeni çətinliklərlə üzləşir. Belə olan şəraitdə Qırğızıstan ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri daha geniş regional sabitlik sisteminin elementinə çevrilir”.
Onun sözlərinə görə, hazırda mahiyyət etibarilə yeni Avrasiya məkanının formalaşmasının şahidi oluruq və bu kontekstdə Mərkəzi Asiya, Cənubi Qafqaz və potensial olaraq Əfqanıstan vahid geoiqtisadi və geosiyasi konstruksiyanın bir-biri ilə əlaqəli elementlərinə çevrilir.
“Coğrafi mövqeyi və fəal xarici siyasəti sayəsində Qırğızıstan bu yeni arxitekturanın əsas qovşaqlarından birinə çevrilmək imkanına malikdir və ŞƏT-ə sədrliyi Bişkekə əməkdaşlıq qaydalarının hazırlanmasında, həmçinin müasir təhlükəsizlik çağırışlarına kollektiv cavab verilməsində iştirak etmək üçün əlavə imkan yaradır”, - deyə politoloq sözlərini yekunlaşdırıb.