Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyev bu günlərdə Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə çıxışı zamanı bu regionun qardaş ölkələrinə ümumilikdə 16 səfər etdiyini, qardaş ölkələrdən olan həmkarlarının Azərbaycanda 26 dəfə səfərdə olduqlarını söyləyib. Bütün bu səfərlər münasibətlərin dinamikasından və yaxınlığından daha yaxşı xəbər verir, həmçinin göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi, geoiqtisadi məkana çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib. Deputat bildirib ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyi möhkəmlənir, dövlətimiz tərəfdaş ölkələrlə münasibətlərini yeni istiqamətlər üzrə daha da inkişaf etdirir, eyni zamanda, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış edərək bunu real addımlarında təsdiqləyir.
“Bu gün strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan əlaqələri dostluğun, qardaşlığın təzahürü kimi dəyərləndirilir. Ortaq tarix, mədəni əlaqələr, qarşılıqlı etimad iki ölkə arasında əməkdaşlığın inkişafını şərtləndirən əsas amillərdir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri mühüm məqamları ilə hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Prezidentlərin təkbətək görüşündə, mətbuata birgə bəyanatlarında, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə, Azərbaycan Respublikası və Qırğız Respublikasının dövlət başçılarının təltif olunma mərasimində səsləndirilən hər bir çağırış münasibətlərin gələcək inkişafının təqdimatı olub”, - deyə deputat qeyd edib.
Müsahibimiz vurğulayıb ki, liderlərin imzaladığı “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında mövcud siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcı olub.
Malik Həsənov qeyd edib ki, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə səsləndirilən fikirlər də özündə mühüm məqamları ehtiva edir: “Prezident Sadır Japarov Qırğızıstanın və Azərbaycanın bir-birinin timsalında etibarlı dost qazandığını bildirib. Prezident İlham Əliyev dostluğumuzun bariz nümunəsi olaraq azad Qarabağın bərpasına Qırğızıstanın köməyini xüsusi vurğulayaraq təşəkkür edib və bildirib ki, Ağdam bölgəsində birlikdə açılışı edilmiş məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaq.
“Dövlətimizin başçısı Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan məşvərət formatının fəal üzvü olacağına, əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcəyinə əminliyini də ifadə edib.
Ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biridir. Çolpon-Ata Bəyannaməsinin qəbulu və Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qismində qoşulması ölkəmizin Mərkəzi Asiyada artan siyasi nüfuzunu və regional əməkdaşlıq platformalarında rolunun genişləndiyini təsdiqləyir”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.