Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycan ilə bu ölkə arasındakı münasibətləri zənginləşdirən, rəsmi Bakının Türk Dövlətləri Təşkilatındakı rolunu artıran və Təşkilatın perspektiv strateji vizyonunu formalaşdıran prioritetləri əhatə edirdi. Bu səfər Azərbaycan-Qırğızıstan əlaqələrinə ikitərəfli prizmada yeni imkanlar qazandırır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi şərhçi Aqşin Kərimovun “Prezident İlham Əliyevin Qırğızıstan səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik:
Azərbaycan Prezidenti İlham Əliyevin Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası, dövlətlər arasında imzalanmış sənədlərin mübadiləsi, prezidentlərin təltifolunma mərasimləri və mətbuata birgə bəyanatları müttəfiqlik münasibətlərindəki növbəti mərhələnin konturlarını müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycan və Qırğızıstan əlaqələri formalaşan yeni dünya nizamında ikitərəfli müttəfiqliyin yüksək prioritetlərini inkişaf etdirir. Bunu prezidentlərin mətbuata birgə bəyanatları zamanı səsləndirdikləri mövqelər də təsdiq edə bilər.
Prezident Sadır Japarovun bəyanatından: “Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur”.
Prezident İlham Əliyevdən sitat: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.
Göründüyü kimi, Prezident İlham Əliyevin səfəri dövlətlərarası qarşılıqlı ortaq maraqları geniş spektrdə irəliyə aparmaq üçün unikal imkanlar yaradır.
Çoxtərəfli vektor- TDT cazibə mərkəzinə çevrilir
Prezident İlham Əliyevin səfərinə eyni zamanda, dünya arenasında alternativ formasiya yaratmaq səylərində önə çıxan Türk Dövlətləri Təşkilatının (TDT) kollektiv missiyası fonunda baxmaq mümkündür. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə TDT-nin regional və qlobal sabitləşdirmədəki indeksini yüksəldən mövqedən çıxış edir. Bu yanaşma beynəlxalq təhlükəsizlik modelindəki sabitləşdirmə səylərinə mühüm töhfə verir. Paralel olaraq beynəlxalq və regional aktorların TDT çərçivəsindəki tərəfdaşlığa, müttəfiqliyə maraqlarının artmasını təşviq edir. Proses göstərir ki, TDT-nin istiqamətləri, o cümlədən mədəni, siyasi, iqtisadi, təhlükəsizlik əlaqələrinin şkalası mühüm əhəmiyyət kəsb edir. Həmin konteksti səfər çərçivəsində müştərək qarşılıqlı maraqları nümayiş etdirən hadisələr fonunda oxumaq mümkündür. Belə ki, iyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.
Bundan başqa, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Bu cür tədbirlər və görüşlərdən sonra irəliyə baxdıqda TDT-nin beynəlxalq münasibətlərdə yeni kollektiv təşəbbüslərlə çıxış edərək eksklüziv təkliflər verəcəyi şübhəsiz görünür. TDT maraqlarında Azərbaycanın yeri geosiyasi və geoiqtisadi zonalarda kəsişən maraqları tarazlaşdıraraq konstruktiv əməkdaşlıq formatının qurulmasını müdafiə edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri:
- Azərbaycanın TDT daxilində tərəfdaşlıq və təhlükəsizlik gündəliyinin möhkəmləndirilməsinə xidmət edir,
- Azərbaycanın Mərkəzi Asiyanın təhlükəsizlik arxitekturasında rolunun daha da artacağına dair proqnozlar formalaşdırır.
Bu məqamlar Mərkəzi Asiya ilə yanaşı Cənubi Qafqazda təhlükəsizlik məsuliyyətinin daha səmərəli bölüşdürülməsinə gətirib çıxarır. Çünki Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi-ticari əlaqələrdən tutmuş təhlükəsizlik əlaqələrinə dair əhəmiyyətli bağlantı var. Digər tərəfdən, Prezident İlham Əliyevin səfəri Mərkəzi Asiya ilə Azərbaycan arasında geosiyasi koordinasiyanın gücləndirilməsi istiqamətində mühüm mərhələyə işarə edir.