Davam edən iqtisadi islahatlar ölkədə qeyri-neft sənayesinin yeni inkişaf mərhələsinə çatmasına imkan yaradıb. Bu mərhələ istehsalın artımının dinamik olması ilə fərqlənir.
Konkret rəqəmlərə müraciət edək: ötən ilin yanvar-noyabr aylarında ölkə üzrə qeyri-neft sektorunda məhsul istehsalı 7,2 faiz artmışdır. Bu, həm ölkənin hərtərəfli inkişafının, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından önəmli faktdır. Üstəlik, istehsalın artması ixracın yüksəlməsini təmin edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın dekabr ayı üçün açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracının dəyərində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artım qeydə alınmışdır. Ötən ilin 11 ayı ərzində ixrac şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları üzrə 65,4, pambıq lifi üzrə 52,6, bitki mənşəli yağlar və piylər üzrə 32, qiymətli metallar üzrə 29, kimya sənayesi məhsulları üzrə 19,6, spirtli və spirtsiz içkilər üzrə 13,5, çay üzrə 1,6, qara metallar üzrə 1,9, alüminium və ondan hazırlanan məmulatlar üzrə 1,5 faiz artmışdır. Ötən ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracında 4,4, aqrar-sənaye məhsullarının ixracında 58,3 faiz artım müşahidə olunmuşdur. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının ixracının dəyəri 15,9 faiz artaraq 988,9 milyon dollara çatmışdır.
Keçən ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pambıq mahlıcı ikinci, tomat üçüncü olmuşdur. Hesabat dövründə ən çox qeyri- neft sektoruna aid məhsullar Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə ixrac edilmişdir.
Yanvar-noyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Silk Vey Vest Aviaşirkəti" MMC, "ASG Business Aviation" MMC, "Baku Steel Company" QSC, Süleymanova Göhər Süleyman qızı, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Tabaterra" QSC, "Khan-El" MMC, "Atena" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda bu şirkətlərdir: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma zavodu" ASC, "Azəripək" MMC.
Keçən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 16,9 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac etmişdir. Belə ki, ötən ilin 11 ayında agentlik tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri göstərilmişdir. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil etmişdir. 11 ay ərzində peyk telekommunikasiya xidmətlərinin göstərildiyi ölkələrin siyahısında Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Pakistan və Türkiyə ilk beşlikdədir.
Rüstəm KAMAL,
"Azərbaycan"