"Avropa İttifaqı bizdən daha çox qaz istəyirsə, onda onlar da öz ev tapşırığını yerinə yetirməlidirlər"
Keçən il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib. İlin son günü "Cənub qaz dəhlizi"nin Avropa qolu olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsinin dörd ili tamam olub və bu xətlə qoca qitəyə göndərilən mavi yanacağın həcmi 42,8 milyard kubmetrə çatıb. Bəs gələcəkdə Avropa üçün enerji daşıyıcılarının təmin edilməsində Azərbaycanın yardımı necə olacaq. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində toxunulan məsələlərdən biri də bu idi.
Azərbaycan qazının ixracı getdikcə artır. İxracın artırılması üçün əsas şərtlərdən biri infrastrukturun olmasıdır. Ölkəmiz məhz müxtəlif infrastruktur layihələrindən, əsasən də "Cənub qaz dəhlizi"ndən istifadə edərək qaz təchizatının coğrafiyasını genişləndirir. Üstəlik, son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxış mümkündür.
Dövlətimizin başçısı təbii qaz ixracından danışarkən demişdir: "Bildiyiniz kimi, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi. Beləliklə, bunun üzərində işləməyə başladıq. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə qazımızı nəql etmək imkanlarını araşdırmağa başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir".
Hazırda 12 ölkə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya Azərbaycandan qaz alır. Gələcək planlar isə coğrafiyanı da daha genişləndirməkdir. Sözügedən idxalçılara yaxın olan bir sıra digər Avropa ölkələri ilə artıq danışıqlar aparılır. Deməli, ixrac coğrafiyasının genişləndirilməsi mümkündür.
İxracın artırılması üçün başlıca şərtlərdən biri də hasilatın artırılmasıdır. Bu sahədə də ehtiyatlarımız var və onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə 2,6 trilyon kubmetr təşkil edirdi. Prezidentimiz bildirmişdir ki, "Şahdəniz"in əsas qaz təchiz edən yataq kimi qalacağını, "Abşeron"da hasilatın 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılacağını nəzərə alaraq tərəfdaşlarla çalışmağı planlaşdırırıq. Bu il "Azəri-Çıraq-Günəşli"də "Dərin qaz" layihəsindən ilk qazın alınacağına da ümid var. Bu da bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla yanaşı, digər perspektivli yataqlar da var ki, bunlar da potensialımızı artıracaq.
Dövlətimizin başçısı hazırda əsas məsələnin yeni istiqamətlərə çıxmaqdan ibarət olduğunu bildirmişdir. Lakin bu məqsədlə mövcud interkonnektorları genişləndirmək və ola bilsin, yenilərini tikmək üçün Avropada əlavə sərmayələr qoyulmalıdır: "Hətta indi, 12 ölkəni boru ilə nəql olunan qazla əhatə etməklə, düşünürəm ki, Azərbaycan hazırda dünyada bu cür böyük coğrafiyaya malik olan aparıcı ölkələrdən biridir. Fikrimcə, təchizat coğrafiyası baxımından ölkəmiz Avropada, həmçinin aparıcı ölkələrdən biridir, çünki bu göstərici qazın həcmi qədər vacibdir və bəzi ölkələr üçün hətta 1 milyard kubmetr belə böyük fərq yaradır. Beləliklə, biz öz öhdəliklərimizə böyük məsuliyyət hissi ilə yanaşırıq".
Lakin burada bir vacib məsələ də var. Ölkəmiz böyük sərmayələr yatırır və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışır. Eyni zamanda elə bir vəziyyətlə üzləşir ki, Avropa bankları ənənəvi yanacaq layihələrinin daha maliyyələşdirilmədiyini bəyan edirlər. Prezident İlham Əliyev Avropaya qaz təchizatı ilə bağlı sualı cavablandırarkən bunu da bildirmişdir: "Demək, bir tərəfdən, Avropa bizdən əlavə təchizatı xahiş edir, digər tərəfdən, bizi həmin vəsaitlərdən məhrum edir. Məsələn, Avropa Sərmayə Bankı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsini tamamilə dayandırıb. Bildiyimə görə, AYİB-in hələ çox kiçik payı var. Beləliklə, əgər belə davam edərsə, onda sərmayə yatırmağa vəsait olmayacaq, çünki bu biznesdə sərmayə üçün korporativ maliyyələşmənin təxminən 30 faizi istifadə olunur. Pulun qalan hissəsi kredit götürülür. Pul vəsaitlərinin tərəfimizdən kredit kimi götürülməsi, yaxud avropalılar arasında interkonnektorların tikilməsi kimi məsələlər öz həllini tapmalıdır. İkinci məsələ isə, hətta deyərdim, digər məsələ təchizatın cədvəlidir, çünki "yaşıl keçid"lə Avropa İttifaqında qazıntı yanacağının payı azalacaq. Onda necə olacaq? Bir sözlə, bir çox məsələ açıq qalır və biz Avropa rəsmiləri ilə dövri məsləhətləşərək, onlarla məşğul oluruq. Lakin əgər Avropa İttifaqı bizdən daha çox qaz istəyirsə, onda onlar da öz ev tapşırığını yerinə yetirməlidirlər. Biz öz tapşırığımızı, onlar isə öz çalışmasını icra etməlidirlər".
Flora SADIQLI,
"Azərbaycan"