25 Avqust 2024 02:28
110
CƏMİYYƏT
A- A+

Qərbi azərbaycanlı: Mən öz doğma yurdumda cəmi on səkkiz il yaşaya bildim

 

Tarixin müxtəlif dövrlərində ermənilər və onların havadarları tərəfindən Azərbaycan torpaqlarının erməniləşdirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində yüz minlərlə soydaşımız öz ata-baba yurdundan didərgin salınıb. Deportasiya qurbanları təkcə öz yurd-yuvalarından qovulmayıb, həm də misli görülməmiş işgəncələrə, qırğınlara, soyqırımına məruz qalıblar. Bu deportasiyalardan sonuncusu 1988-ci ildən başlayaraq bir neçə il davam edib. Sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan qovulan soydaşlarımızdan biri də Sevil Abbasovadır.

AZƏRTAC-la xatirələrini bölüşən Sevil Abbasova Qərbi Azərbaycanın Dərəçiçək mahalında doğulub.

Artıq 17-ildir İstanbulda yaşayan, uşaqlığının ən gözəl illərinin isə Qərbi Azərbaycanda keçdiyini bildirən həmvətənimiz deyib: “Həyatımın yaddaş kitabçasına dönüb baxdığımda cəmi 18 səhifədən ibarət olduğunu görürəm. Hərdən özümü 18 yaşda hiss edirəm, ya da bu, mənim üçün bir təsəllidir, bilmirəm. Çünki mən öz doğma yurdumda cəmi on səkkiz il yaşaya bildim. Bu yaşımadək xatirəmdə qalan ən xoş günlərim uşaqlığıma aiddir. Ən gözəl arzularımı, ən şirin yuxularımı Dərəçiçəkdə qoyub çıxdım. Kəndimizi bir an belə unuda bilmirəm. Orada hər şey o qədər gözəl idi ki... Təbiətimiz, insanlarımızın arasındakı mehribanlıq, məktəbimiz heç yadımdan çıxmır. Biz toylarımızı da, yaslarımızı da birlikdə keçirirdik. Mən 1988-ci ilə qədər qayğı, həsrət, nifrət, kin kimi hisslərin nə olduğunu bilməmişəm”.

Babasının valideynlərinin 1915-ci ildə İrəvandan qovulduqlarını deyən müsahibimiz sözlərinə belə davam edib: “O deportasiyadan sonra ailəmin sağ qalan üzvlərinin bəziləri Azərbaycanda, bəziləri isə Türkiyənin İğdır şəhərində məskunlaşıblar. Babam 12 yaşında Ağrı dağını keçərək yenidən İrəvana qayıdıb. Lakin orada heç bir qohum-əqrəbasını tapa bilməyib. Onun demək olar ki, bütün doğmaları 1915-ci ildə erməni daşnakları tərəfindən amansızlıqla qətlə yetiriliblər. Deportasiya zamanı yolda soyuqdan-çovğundan donaraq dünyasını dəyişənlər də olub. Babamı o kənddə bir ailə himayəyə götürüb və orada boya-başa çatıb. Sonradan İğdırda olan qohumlarını tapıb və onlarla məktublaşmağa başlayıb. Bu məktubları atam yazırdı. Atam o vaxt Dərəçiçəyin Axundov kəndində məktəb direktoru işləyirdi. Heç yadımdan çıxmır, bir gün qapımız döyüldü və heç bir açıqlama verilmədən polislər atamı apardılar. İki gün sonra isə o evə qayıtdı. Ermənilər atamın Türkiyədəki qohumları ilə məktublaşdığını öyrənmişdilər və ondan Türkiyədən bəzi xəbərlərin Ermənistana ötürülməsində vasitəçi olmağı, yəni, casusluq tələb ediblər. Bunu qəbul etmədiyi üçün isə bir çox işgəncələrə məruz qoyublar. O, qayıtdıqdan sonra yenidən məktəbdə öz işini davam etdirdi”.

Ermənilərin 1988-ci ildə Qarabağ məsələsini ortaya atdıqlarında İrəvanda universitetdə oxuduğunu xatırlayan həmsöhbətimiz o vaxtlar erməni daşnaklarının soydaşlarımıza qarşı açıq şəkildə düşmənçilik nümayiş etdirdiklərini deyib: “İrəvanın küçələrində etiraz aksiyaları, Ermənistan televiziyasında isə azərbaycanlılara qarşı uydurma filmlər yayımlanmağa başladı. Vəziyyət getdikcə pisləşirdi. Bir gün universitetdə dərsdə idik və xəbər gəldi ki, bir qrup erməni universitetin qarşısında toplanaraq azərbaycanlı tələbələrin çıxmasını gözləyir. Onlar bizi ölümlə hədələyirdilər. O gün dekanımız Knyaz Mirzəyevin sayəsində sağ- salamat evimizə qayıtdıq. Atam vəziyyətin getdikcə pisləşdiyini görərək elə gecə bizi və əmimin uşaqlarını bir maşına yığıb yola çıxdı. Hamımız həm kədərli idik, həm də çox qorxurduq. Bu, bizim öz doğma kəndimizi son görüşümüz oldu. Hər birimiz üçün olduqca çətin idi. Göz yaşlarımız dayanmadan axırdı. Axı ora bizim evimiz idi... Atam çox böyük çətinliklə bizi Gəncəyə çatdıraraq geriyə döndü. Anam və bütün qohumlarımız kənddə qalmışdı. Elə o ərəfədə də atamın xalası qızının evinin ermənilər tərəfindən yandırıldığı xəbərini aldıq. Xatırlamaq belə çox çətindir...”

Artıq doğma evlərindən ayrıldığı gündən 36 il keçdiyini qeyd edən Sevil Abbasova deyib: “Ailəmizdən iki nəfər qalıb, mən və bacım. Atam və anam isə rəhmətə gedib. Mən və bacım atamın Türkiyədə məskunlaşan əmisi oğlunun nəvələri ilə ailə qurmuşuq. Yəni, iki bacı iki qardaşla evləndik. İki övladım var, çox şükür... Yəni, həyat davam edir. Bəzən ömrümüzdə elə məqamlar olur ki, onlar həyatın axarını dəyişir və heç vaxt unudulmur. Lakin mən Vətənimizə dönəcəyimizə, o yerlərə qovuşacağımıza olan inamımı heç vaxt itirmədim. O günün mütləq gələcəyinə çox əminəm. Qarabağ Zəfərini görəndən sonra isə bu inam dəfələrlə artdı. Bir vaxtlar xəyal etdiyimiz Şuşamıza, Kəlbəcərimizə gələn bahar Qərbi Azərbaycana da gələcək. Bizim qəlbimizdəki Vətən sevgisini, oralara qayıtmaq ümidini nə ermənilər, nə də onların havadarları söndürə bilməz. Mən bu ümidin, bu həsrətin Qərbi Azərbaycandan olan hər kəsin ürəyində yaşadığını bilirəm. Məhz elə bu səbəbdən biz, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində var gücümüzlə iştirak etməliyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video