02 Aprel 2023 00:25
562
SİYASƏT
A- A+

Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar

 

XX əsr bütövlükdə siyasi kataklizmlər, təlatümlər, müharibələr dövrü kimi yaddaşlarda qalmışdır. Bu əsr yüzillərlə ömür sürən imperiyaların çöküşü, illərlə davam edən dünya müharibələri, ictimai-siyasi formasiyaların sürətlə bir-birini əvəzləməsi, yeni siyasi idarəetmə formalarının yaranması ilə də tarixə öz möhrünü vurmuşdur. 
Xalqımız da bu dövrdə böyük tarixi faciələr yaşamışdır. Başımıza gələn bütün bəlaların kökündə isə vaxtilə tarixi torpaqlarımızda yerləşdirdiyimiz ermənilər durur. Dünyanın müxtəlif yerlərindən bilərəkdən indiki Hayastan ərazisində və Qarabağda cəmləşdirilən haylar dövlət qurmaq niyyəti ilə min illərdir  tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı məkrli planlar həyata keçirirlər. Hayların məqsədləri soydaşlarımızı tamamilə qırıb-çatmaq, yaşadıqları ərazilərdə monoetnik erməni dövləti qurmaq idi. Haylar çirkin niyyətlərinə çatmaq üçün ilk növbədə azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin salmağı qarşılarına məqsəd qoymuşdular. 
Bunun üçün isə ən amansız üsullardan istifadə etmiş, insanlığa yaraşmayan vəhşiliklər törətmişdilər. Ermənilər azərbaycanlılarsız Hayastan qurmaq niyyətlərini üç mərhələdə həyata keçiriblər. Birinci mərhələ 1905-1920-ci illər,  ikinci mərhələ 1948-1953-cü illər, üçüncü mərhələ isə 1988-1992-ci illəri əhatə edir. Bu proseslər zamanı haylar yalnız azərbaycanlıları öldürməklə, onları yaşadıqları ərazilərdən zorla çıxarmaqla kifayətlənmir,   azərbaycanlıların  yaşayış məntəqələrini yerləyeksan edirdilər. Uşaq, qadın, qoca olmaqla 140 min insan amansızlıqla qətlə yetirilib, 30 minə yaxın ev dağıdılıb və yandırılıb, 750 mindən artıq həmvətənimiz  öz dədə-baba yurdundan didərgin salınıb. Xatırladaq ki, tarixi torpaqlarımızdan azərbaycanlıların "təmizlənməsi" sovet hakimiyyəti illərində daha geniş vüsət almışdı. Bu illərdə ermənilər yalnız soydaşlarımızı köçürməklə kifayətlənmir, həm də azərbaycanlıların yaşadıqları yer adlarını, toponimləri də "təmizləməyi" qərara almışdılar. SSRİ-nin yüksək idarəetmə orqanlarında kök salan Anastas Mikoyanın və digər yüksək vəzifə tutub,  hər fürsətdə Azərbaycana qarşı məkrli niyyətlərini həyata keçirməyə çalışan ermənilərin vasitəsi ilə SSRİ Nazirlər Kabinetinin çoxsaylı  sərəncamları ilə 2 mindən çox yer adı dəyişdirilib. Ermənilərə yaxınlığı ilə seçilən Mixail Qorbaçovun hakimiyyətə gəlişi ermənilərin öz mənfur niyyətlərini həyata keçirmələri  üçün  bir fürsət oldu. 1988-ci ildə  Qorbaçovun xeyir-duası ilə 220 mindən çox azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı. İş bununla da bitmədi. Haylar  Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın etdilər.  1988-ci ildən sonra qədim torpaqlarımızda olan  azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlığı da yer üzündən sildilər.
1988-ci ildə ermənilərin başladığı separatçı hərəkat 1990-cı illərdə daha da genişlənərək Qarabağın işğalı ilə yekunlaşdı. Təcavüzkar ermənilər eyni vəhşilikləri işğal etdikləri ərazilərdə törədir, evləri yandırır, tarixi adları dəyişdirir, azərbaycanlılara aid bütün abidələri məhv edirdilər. Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədi ilə nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri gətirən Hayastan işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla beynəlxalq hüquqa belə məhəl qoymurdular.
Nəhayət, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi torpaqlarımızın 30 illik erməni işğalından azad olunması ilə başa çatdı. Əslində, bu dövr müstəqil Azərbaycan dövlətinin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 2021-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni iqtisadi rayonların bölgüsünün, ö cümlədən Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın uzaq hədəfə hesablanmış siyasətindən xəbər verirdi. Bu sərəncam həm də tarixi həqiqətlərin üstünə işıq tutdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün açar rolunu oynadı. İstər-istəməz   Şərqi Zəngəzur termini rəsmən ortalıqda varsa, Qərbi Zəngəzur tarixinin də dünya ictimaiyyəti tərəfindən maraq doğuracağı şübhəsizdir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında, ən nüfuzlu beynəlxalq tədbirlərdə indiki Hayastanın tarixi Azərbaycan torpaqları olduğunu dilə gətirib. Beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərini gündəmə gətirməklə  onilliklər ərzində ermənilərin təbliğ etdiyi yalanları, uydurma iddiaları real tarixi faktlarlarla alt-üst edib, Azərbaycan torpaqlarına iddia edən Ermənistanın, əslində, tarixi ərazilərimizdə yaradıldığını dünyaya çatdırıb.
 Son zamanlar isə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü, icmanın formalaşması, Ermənistandan qaçqın düşmüş həmvətənlərimizin doğma yurd-yuvalarına qayıdışı istiqamətində hüquqi müstəvidə atılan addımlar Hayastanı əməlli-başlı təşvişə salıb. Xüsusilə  Prezident İlham Əliyevin  Qərbi Azərbaycanın bizim tarixi torpağımız olması haqqında dediyi: "Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr və bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyeksan ediblər, dağıdıblar. Azərbaycanlıların tarixi irsini tamamilə silmək istəsələr də, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr də bir daha göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb". Dövlət başçısının "biz o torpaqlara da qayıdacağıq" açıqlaması Hayastanda böyük rezonans doğurub.
"Qayıdış Konsepsiyası"nın əsas məramı da indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Biz bunu Hayastandan fərqli olaraq silahlı təcavüzlə, qan tökməklə yox, "Qayıdış Konsepsiyası"nda əks olunduğu kimi, "müvafiq zəmanətlər və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində" etmək niyyətindəyik. Sənəddə qeyd olunduğu kimi, ermənilərin indiyə kimi törətdiyi bütün qeyri-insani davranışlara rəğmən, "Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir". 
30 ilə işğal etdikləri əraziləri 44 günlük müharibədə itirən Hayastanın hərbi siyasi rəhbərliyi, erməni ideoloqları dərk edirlər ki, dediklərini mərhələli şəkildə həyata keçirən, öz prinsiplərinə sadiq olan Azərbaycan Prezidentinin "biz bir gün öz tarixi torpaqlarımıza da qayıdacağıq" fikri də gerçəkləşəcək. Buna Hayastanda daha çox inanırlar.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video