Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində onun praktiki yardımlarını xahiş etmişdi.
UNESCO bu günlərdə icmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində icmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə xahişə müsbət cavab verib.
İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi məqsədilə UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Qərbi Azərbaycan İcmasının çağırışını müsbət cavablandırması Azərbaycan ictimaiyyətində məmnunluq doğurmuşdur. Xatırladaq ki, Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırımıdır.
İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədib.
Erməni təcavüzkarlar işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir).
Tarixçi alimlərin fikrincə, erməni təcavüzünün qurbanı olmuş dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumat toplamaq qeyri-mümkündür. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər müxtəlif vaxtlarda, azərbaycanlıların torpaqlarını, abidələrimizi təcavüzə məruz qoymuşlar. XX əsrin əvvəllərində, 1905 və 1918-ci illərdə ermənilərin təcavüzü aktiv forma almış, nəhayət, 1988-ci ildən kulminasiya nöqtəsinə çatmışdır.
Tarixi abidələr xalqın keçmişinə işıq tutan, yaddaşlarda həmişə qalan təkzibolunmaz sənəddir. Bu abidələr xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Bu baxımdan ermənilərin abidələrimizi, o cümlədən məbədlərimizi məhv etmələri məqsədlidir. Onlar bu yolla minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı yox etmək istəyirlər. Ermənilər işğal olunmuş ərazilərimizdə qalan tarixi-dini, mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırırlar.
Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi separatçıların nəzarətindəki ərazilərdə bu gün də davam edir.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli mətbuata açıqlamasında demişdir: "Qərara almışıq ki, yaxın və uzaq xarici ölkələrdə Qərbi Azərbaycanın tarixi-mədəni irsini əks etdirən sərgilər təşkil olunsun. Çünki Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Min illər boyu həmin ərazilərdə soydaşlarımız yaşayıblar. Min illər ərzində orada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradılıb. Amma 200 il bundan əvvəl başlayaraq mərhələlərlə oraya köçürülən ermənilər həmin mədəni irs nümunələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdirərək özününküləşdirməyə çalışıblar, dünya ictimaiyyətinə erməni tarixi-mədəni irsinin nümunələri kimi təqdim ediblər. Buraya xalça, mətbəx, musiqi və sair mədəniyyət nümunələri daxildir.
Qərbi Azərbaycan icması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev Mərkəzinin önündəki parkda ilk açılışını etdiyimiz "Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət" adlı tədbir çərçivəsində bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Bu il sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək, Qərbi Azərbaycan icması olaraq belə sərgilərin xarici ölkələrdə də təşkilini reallaşdıracağıq. Qarşımızda Ermənistan kimi hər cür yalana, iftiraya, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına faktlarla, sənədlərlə, sübutlarla, əsaslı mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları silib, Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək".
Bu barədə icmanın bu günlərdə Qərbi Azərbaycanın Vedibasar bölgəsini təmsil edən bir qrup nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə ətraflı danışılmışdır.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli icmanın fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat vermişdir.
Sonra Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon icmasının sədri, 1948-ci il deportasiyasının iştirakçısı və canlı şahidi, məşhur Şadlinskilər nəslinin təmsilçisi Vaqif Şadlinski çıxışında Vedi rayonunun tarixi, görkəmli şəxsiyyətləri, tarixi-mədəni abidələri barədə geniş məlumat vermişdir. O, yaddaşına əbədi həkk olunmuş erməni silahlılarının hücum və işgəncələrindən, deportasiya zamanı əhalinin mülkünün, var-dövlətinin necə qarət edildiyindən, yayın qızmar istisində yük vaqonlarında birgünlük yolu üç günə gedən qara vaqonlarda insanların məruz qaldığı işgəncələrdən, vedibasarlıların keçdiyi çətin yolla bağlı gördüklərindən bəhs etmişdir.
Azərbaycanın daxili işlərinə qarışanlardan, ermənipərəst mövqeyi ilə ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyənlərdən beynəlxalq qanunlara riayət etməyi tələb edən icma bu günlərdə ABŞ Konqrensinin Tom Lantos Komissiyasının ölkəmizə qarşı səsləndirdiyi ittihamlara cavab olaraq demişdir: "Sentyabrın 6-da ABŞ Konqrensinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir".
Təəssüf ki, Ermənistanın baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, bölgədəki vəziyyəti daha da kəskinləşdirir. N.Paşinyan bu günlərdə qondarma qurumun "müstəqilliyinin ildönümü"nə dair müraciəti ilə danışıqlar prosesini məhv edib.
Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, ölkəmizin daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək, bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır.
Rəhman SALMANLI,
"Azərbaycan"