19 May 2023 09:45
311
SİYASƏT
A- A+

Qərbi Azərbaycan İcmasının bəyanatları beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır

 

Azərbaycan dövləti soydaşlarımızın hüquqlarını təmin etmək üçün lazımi tədbirlər görür

 

Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran Prezident İlham Əliyev çıxışlarında hər zaman xüsusi qeyd edir: "Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış icma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək".
Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini özünün fəaliyyət istiqaməti kimi qəbul edən Qərbi Azərbaycan İcması tarixi faktlara, beynəlxalq konvensiya və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Sülhsevər Qayıdış Konsepsiyasını nüfuzlu təşkilatlarda ciddiliyi ilə müzakirəyə çıxarıb. Qeyd edək ki, Qərbi Azərbaycan İcması artıq 190 ölkədə tanınır. Bu gün haqlı olaraq "Qərbi Azərbaycan" mövzusu artıq beynəlxalq müstəvidə haqqın, ədalətin tələbinə çevrilib. Bu problemin konsepsiyasını tərtib edən icmanın qısa zaman kəsiyində böyük uğurlara imza atması qürurvericidir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması bu qurumun ilk uğuru oldu. 
"Qərbi Azərbaycandan etnik təmizləmə, soyqırımları nəticəsində qovulmuş, sıxışdırılıb çıxarılmış, deportasiya olunmuş soydaşlarımızın qeydiyyatının aparılması vacib və ümummilli məsələdir. Təəssüf ki, uzun illər bu iş lazımi səviyyədə aparılmayıb. Qərbi Azərbaycan İcması yaranan gündən biz bu məsələni önə çəkdik, çünki insan haqları üzrə təməl hüquqları pozulan insanların hüquqlarını tələb ediriksə, ilk növbədə onların dəqiq siyahısı ortada olmalıdır. Biz bu siyahıyaalmaya sonuncu deportasiyadan - 1987-1991-ci illər hadisələrindən başlamışıq. Hazırda biz siyahıyaalmanı 300-ə yaxın yaşayış məntəqəsi üzrə tamamlamaqdayıq. Söhbət 300 min nəfərə yaxın insandan gedir".  Bunu mətbuata açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.  
İcma sədrinin sözlərinə görə, faktlar əsasında arayışlar hazırlanır: "Qərbi Azərbaycan İcmasında 1987-1991-ci illər deportasiyası zamanı indiki Ermənistan ərazisində ermənilər tərəfindən öldürülmüş, döyülmüş, şikəst edilmiş, evi, əmlakı talanmış, yandırılmış, bir sözlə, fiziki, maddi və mənəvi təzyiqə məruz qalmış insanlarımızın siyahıları üzrə dəqiqləşdirmələr aparılır və şahid ifadələri, sənədlər əsasında arayışlar hazırlanır". 
Daha sonra o vurğulayıb ki, biz bununla kifayətlənməyəcəyik. Təkcə sonuncu deportasiya zamanı yox, ümumilikdə son 200 il ərzində Qərbi Azərbaycanda soydaşlarımız etnik təmizləməyə məruz qalıb: "Bununla bərabər mədəni irsimiz mənimsənilib və ya məhv edilib. Təkcə son yüz ildə dörd dəfə kütləvi deportasiya və soyqırımına, bütün əsr boyu isə etnik təzyiqlərə və köçlərə məruz qalmışıq. Bunların hamısının dəqiq qeydiyyatı aparılır və Ermənistandan hesabı sorulacaq. Tarixi ədalətin bərpa olunmasının zamanı gəlib".
İcmanın Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski bildirir ki, beynəlxalq müstəvidə Qərbi Azərbaycanla bağlı aparılan işlər Qayıdış Konsepsiyasının qəbulu ilə daha da sürətləndirilib. Yanvarın 31-də BMT Katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Bu, Qərbi azərbaycanlıların haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ilk ən mötəbər və genişmiqyaslı sənəddir. Bundan başqa, ötən yarım ilin müşahidələrindən məlum olur ki, beynəlxalq müstəvidə Qərbi Azərbaycan məsələsinə maraq artmaqda davam edir. V.Şadlinski cari il yanvarın 23-də Türkiyə səfiri Cahit Bağçının, fevralın 4-də isə bir qrup türk deputatın icmanı ziyarət etdiyini xatırladaraq belə təşəbbüslərin  davamlı olacağını söylədi.
İcmanın Ağsaqqallar Şurasının sədr müavini əminliklə bildirdi ki, Ulu Öndərin  rəhbərliyi ilə hazırlanıb referendumla qəbul edilən, insan hüquqları və demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsi ilə dövlət müstəqilliyinin milli ideoloji və hüquqi çərçivəsi müəyyənləşdirilib və istiqlalımızın əbədiliyi və dönməzliyi təmin edilib.
"Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır" sözləri ilə xalqımızın iztirablarını dilə gətirən Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət göstərib. Ulu Öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirib. Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi fərman, ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnun təsbit edilməsi və onlara göstərilən sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən bildirir ki, Prezident İlham Əliyevin ötən il 24 dekabr tarixində, öz doğum günündə "Mən ailəmlə bərabərəm" tarixi fikrini ifadə edərək icmanın inzibati binasının açılış mərasimində ifadə etmiş olduğu bütün fikirlər Qərbi azərbaycanlıların, o cümlədən bütün dünya azərbaycanlıların məqsəd və məramı, yol xəritəsi olmalıdır. Qarabağ savaşında, Türkiyəyə verdiyimiz dəstəkdə olduğu kimi, birləşməli, bir olmalı və beynəlxalq hüququn bütün üstünlüklərindən, hüquqlardan faydalanaraq, Ermənistan hökumətindən tələb edərək təhlükəsiz şəkildə geri qayıdışımızın təminatını həyata keçirməliyik: "1800-cü illərdə belə siyahıyaalmada əhalinin əksəriyyətinin azərbaycanlılar göstərilən İrəvan quberniyasından tutmuş Zəngəzur, Vedibasar, Göyçəyə qədər əksəriyyəti azərbaycanlılar idisə, bu gün orada bir nəfər də olsun Azərbaycan əsilli insan yaşamır". Artıq Ermənistan monoetnik dövlətə çevrilmişdir. Görünən odur ki, hayların yeritdiyi bu iyrənc siyasət iflasa uğramaqdadır. Dövlət  başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, əgər Ermənistan özünü dünyada, sözün həqiqi mənasında, hüquq tərəfdarı, beynəlxalq hüquqa riayət edən bir ölkə kimi göstərmək istəyirsə və monoetnik şəkildə bir kimliyə sahiblikdən çıxıb, artıq dünyanın bir parçası olmaq istəyirsə, öncəliklə Qərbi Azərbaycandan olan soydaşlarımızın yurdlarına qayıtmaqla bağlı haqlı tələblərinə qulaq asmalı və bu tələblərimizin həyata keçirilməsini təmin etməlidir. İcma olaraq bütün xalqımızın birlik və bərabərliyi içərisində öz hüquqlarımızı beynəlxalq təşkilatlar və təsisatlar vasitəsilə Ermənistan hökumətindən tələbetmə prosesinə start vermişik. Atılacaq addımların əksəriyyəti beynəlxalq strukturlar, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, İnsan Hüquqları Komissarlığı kimi bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə söykənir, siyasi və mülki hüquqlar konvensiyası, qaçqınlarla bağlı olan beynəlxalq paktlar və konvensiyalar kimi bir çox beynəlxalq sənədlərə əsaslanır. Əsas əməkdaşlıq edəcəyimiz struktur BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı olacaqdır. BMT-nin rəsmi sənədlərində Qərbi Azərbaycan kəlməsi, sözün həqiqi mənasında, beynəlxalq bir termin olaraq qəbul olundu və bu sənədin BMT-nin rəsmi sənədi kimi yayılması ilə beynəlxalq münasibətlər sistemində belə bir icmanın varlığı, Qərbi Azərbaycanın mövcudluğu tanındı. Bu, bizim ilk mərhələdə atdığımız uğurlu addımlardan biridir. Hüquq da, qanun da bizim tərəfimizdədir. Biz tələb edirik ki, beynəlxalq hüquq normalarına əsaslanan qayıdışımız təhlükəsiz şəkildə həyata keçirilsin".
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və onların haqq işinin yaxın gələcəkdə öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını haylardan azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir neçə gün öncə məhz mədəniyyət paytaxtımızda Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video