"Oktyabrın 26-da keçirilmiş parlament seçkilərində Gürcüstan xalqı Qərbə "yox" dedi. Seçkilər şəffaf şəkildə keçirildi və xalq üçün öz iradəsini ifadə etməsinə demokratik şərait yaradıldı. Seçkilərdə iştirak edən vətəndaşlar öz seçimlərini edərək "Gürcü Arzusu" partiyasını yüksək çoxluqla dəstəklədilər".
Qərbin gürcü xalqının iradəsini həzm edə bilmədiyini qeyd edən Milli Məclisin deputatı Azər Badamov deyib ki, ona görə də Qərbin təsiri ilə müxalifət insanları meydanlara çağırır, seçkinin nəticələrini tanımayacaqlarını bildirirlər. Seçkilərlə bağlı İsveç və Kanada açıqlama verərək Gürcüstana yardımları dayandırdığını elan ediblər.
Deputat hesab edir ki, digər Qərb ölkələri də eyni addımları atacaq və Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışacaqlar. Seçkinin nəticələri ilə Qərbin razılaşmayacağı qabaqcadan bəlli idi. Çünki bir müddət əvvəl "Xarici agentlər haqqında" qanunu parlamentdə müzakirəyə çıxaranda da Qərb öz narazılığını ifadə edərək bu qanunun qəbul olunacağı təqdirdə Gürcüstanın Avropa Birliyinə yolunun bağlanacağını bildirmişdi. Qərbin narahat olduğu bu qanun onların QHT-lər və siyasi fəal adı altında maliyyələşdirərək insanları ayağa qaldırmağa çalışdıqları siyasi texnoloqları dəstəkləməsində çətinlik yaradacaqdı və bu da onların çirkin planlarının reallaşdırılmasının qarşısını alacaqdı. Ona görə də Qərb birmənalı şəkildə bu qanunun qəbul olunmasına maneçilik törətməyə çalışırdı. "Amma Gürcüstan Parlamenti Qərbin təzyiqlərinə baxmadan bu qanunu qəbul etdi və bununla da Qərbin ölkədə ictimai-siyasi sabitliyin pozulmasına təsirini azaltmış oldu. Amma Qərb yenə ümidlərini üzməmişdi və 26 oktyabrda keçiriləcək parlament seçkilərində onların təsiri altında olan qüvvələri yenidən hakimiyyətə gətirə biləcəklərinə inanırdı. Gürcüstanlıların əksəriyyəti isə Qərbə "yox" deyərək ölkənin müstəqilliyinə və milli dəyərlərin qorunub saxlanılmasına səs verdi", - deyə o əlavə edib.
Prezident Salome Zurabişvilinin çağırışı ilə qərbyönümlü gürcülərin yenidən meydana axışaraq seçkilərə etiraz etdiklərini xatırladan deputat bildirib ki, meydana çıxmış şəxslərin əllərində Avropa İttifaqının bayraqları ilə yanaşı, ABŞ və Ukrayna bayraqları da var idi. Son illərin təcrübəsi göstərib ki, ABŞ bayrağının ayaq tutduğu ölkələrin taleyi Ukraynanın taleyi kimi olur. ABŞ siyasətinin qalib gəldiyi Ukraynada insanların düşdüyü ağır vəziyyətə nəzər yetirsək görərik ki, bu ölkənin gələcəyi şübhə altındadır. Bu gün böyük şəhərlər və yaşayış məntəqələri Yer üzündən silinir, on milyonlarla ukraynalı doğma yurdlarını tərk etməyə məcbur olub və özlərinə yeni yaşayış yerləri axtarışındadır. Yüz minlərlə ukraynalı isə müharibənin qurbanına çevrilib. Qərb isə Ukraynaya yardım adı altında yüz milyardlarla dollar həcmində silahlar göndərir və müharibənin Ukraynanın tam məhv olmasına qədər davam etdirilməsinə dəstək verir. Nəticədə isə böyük bir dövlət Yer üzündən silinməkdədir.
A.Badamov vurğulayıb ki, Qərb Ukraynanın yaxşı gələcəyini istəsəydi, müharibəyə xərclədikləri 100 milyardların yarısını müharibənin baş verməməsinə və bu ölkənin inkişafına yönəldərdi: "Təəssüf ki, bunun əksi baş verir, çünki Qərb müharibələri dəstəkləməklə, dövlətləri gücsüzləşdirməklə pul qazanmaqda maraqlıdır. Onları Ukraynanın gələcəyi düşündürmür. Gürcüstanda meydana çıxanların Ukraynanın bayrağını dalğalandırması Qərbin Gürcüstanla bağlı planlarının nədən ibarət olduğunu göstərir. 2008-ci ildə Qərbin Gürcüstana müdaxiləsi Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə başa çatmışdı. İndi Qərb yenidən Gürcüstana daxil olmaqla, ümumiyyətlə, bu ölkənin axırına çıxmağa çalışır. Amma gürcüstanlılar çox ağıllı qərar qəbul edərək Qərbə "yox" dedilər".
Deputat xatırladıb ki, Gürcüstan konstitusiyasına görə, prezident seçkinin başa çatdığı 10 gün ərzində parlamentin birinci iclasının çağırılmasına fərman verməlidir. Görünən odur ki, Salome Zurabişvili belə bir sənədi imzalamaqda maraqlı deyil. Bu da ölkədə qeyri-müəyyən vəziyyət yaradır. Konstitusiyaya görə prezident hər hansı partiyaya dəstək verməməli və təmsil etməməlidir. Reallıqda isə o, müxalifəti dəstəkləyir və seçkilərin nəticələrini ləğv etməyə çalışır. Hadisələrin gedişatı göstərir ki, 10 gün ərzində prezident fərman verməzsə, parlamentin çoxluğunu qazanmış "Gürcü Arzusu" partiyası öz təşəbbüsü ilə birinci iclası keçirəcək və sonra da prezidentin hakimiyyətdən uzaqlaşdırılması məsələsinə baxılacaq. Nəticədə isə Qərbin Gürcüstanla bağlı çirkin planları baş tutmayacaq və qalib gəlmiş "Gürcü Arzusu" partiyası hakimiyyətə davam edəcək. Partiyanın iqtidarda olması Gürcüstanı yenidən bütövləşdirə, o cümlədən Rusiya ilə əməkdaşlığın genişlənməsi bu ölkənin iqtisadiyyatının inkişafını sürətləndirə bilər. Seçkilər göstərdi ki, Gürcüstanın gələcəyini düşünənlər Qərbin alətinə çevrilənlərdən çoxdur. Bu da Gürcüstanı tərəqqiyə və inkişafa aparacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"