Ermənistanda hakim partiya ilə İstintaq Komitəsi arasında qarşıdurma ən yüksək həddə çatıb
Ermənistanda sosioloqlar ölkədəki kriminogen vəziyyət və intiharların artması ilə bağlı narahatlıq keçirirlər. Bildirilir ki, bu ilin 9 ayı ərzində onsuz da əhalisi az olan ölkədə 100-dən çox intihar hadisəsi baş verib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. İntiharların kökündə dayanan yeganə səbəb isə yoxsulluq, sosial sahədə yaranan problemlərdir.
Ancaq hakimiyyəti sosial problemlər maraqlandırmır. Çünki partiyadaxili cəbhələşmə, komanda üzvlərinin bir-birinə qarşı kompromat toplamaq cəhdləri getdikcə şiddətlənir. Belə ki, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları ilə İstintaq Komitəsi arasında ciddi münaqişə yaranıb. Bu məsələ hakim partiyanın parlament fraksiyasının rəhbəri Ayk Koncoryan tərəfindən qismən etiraf olunub. Onun sözlərinə görə, partiya daxilində İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanla bağlı müzakirələr gedir.
Qeyd edək ki, parlamentdə deputat Ovik Ağazaryanla Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan arasında baş vermiş insidentdən sonra cinayət işi başlanıb.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistan parlamentində ölkədəki kriminal vəziyyətlə bağlı başlayan dinləmələr Kərəmyan və Ağazaryan arasında qalmaqala gətirib çıxarıb. Qarşıdurmanı başladan tərəf hakim partiyanın nüfuzlu üzvü Andranik Koçaryandır. Ovik Ağazaryanı özündən çıxaran məsələ isə hüquq-mühafizə orqanları ilə partiyadaşları arasında bir müddətdir davam edən gizli savaşdır. Belə ki, Ovikin oğlu qeyri-qanuni işlərlə məşğuldur və artıq polisin "radarı"na düşüb. Dövlət büdcəsi hesabına avtomobil idxalı ilə məşğul olub cibini dolduran Ağazaryanın xeyli adamı aldatdığı da üzə çıxıb. İddia edilir ki, baş nazir Nikol Paşinyanın parlament tərəfindən dəstəklənməyəcəyi təqdirdə, dövlət çevrilişini planlayan şəxslərdən biri də məhz Andranik Koçaryandır.
Qeyd edilib ki, baş nazir Nikol Paşinyan da komanda daxilində gərginlik və qarşıdurmadan xəbərdardır. Amma proseslərə ya təsir edə bilmir, ya da təsir etmək niyyətində deyil. Belə bir dilemma da var ki, əgər Paşinyan rüşvət və korrupsiyaya bulaşmış deputatları açıq-aşkar müdafiə etsə, hüquq-mühafizə orqanları içindəki dayaqları sarsılacaq. Maraqlıdır ki, əgər baş nazir qeyri-qanuni əmrlərini yerinə yetirən təhlükəsizlik qüvvələrini qorumağa çalışsa, bu zaman parlamentdəki oliqarxlar bundan narazı qala bilər. Bu səbəbdən də hələlik o, proseslərə müdaxilə etmir.
Son dövrlər partiyadaxili iclaslarda fraksiya üzvlərinin 99 faizi güc strukturlarının fəaliyyətindən kəskin narazılıqlarını bildirir, hətta bəziləri təhqiramiz ifadələr də işlədirlər, lakin həmin insanlar dinləmələrdə iştirak etməyiblər. Çünki korrupsiya və rüşvətə bulaşmış deputatlar dinləmələrə qatılsalar, hüquq-mühafizə orqanlarının qəzəbinə tuş gələ bilərlər. Əslində, bu dinləmələr də sübut etdi ki, artıq hakim partiyada birlik yoxdur.
Bu vəziyətdə hakimiyyət daxilində çəkişmə də ölkə üçün əlavə problemlər yaradır. Erməni politoloqlar hesab edirlər ki, yaxın vaxtlarda Hayastanın iqtidar partiyası daxili çəkişmələrlə çalxalanacaq. Çünki bir tərəfdən iqtidarda olan "Vətəndaş müqaviləsi" partiyasında vəzifələr uğrunda çəkişmələr güclənib, digər tərəfdən isə Nikol Paşinyanın ətrafındakı insanların peşəkarlığına görə deyil, sadiqlik prinsipi üzrə seçilməsi ciddi fəsadlar yaradır.
Politoloq Manvel Levonisyan qeyd edir ki, Paşinyan hökumətinin daxilində çəkişmələr də getdikcə artır və bu da sərmayədarları ölkədən qaçırır. Erməni politoloq "məxməri inqilab"ın Hayastanda oliqarxların kənarlaşdırılması və bir adamın hakimiyyətinin bərqərar olması ilə nəticələndiyini bildirib. Onun sözlərinə görə, Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini etiraf edib. Bu isə öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur.
Bu onu göstərir ki, Ermənistanda hakimiyyətin vətəndaşlar arasında dayağı zəifləməyə başlayıb.
Elçin CƏFƏROV,
"Azərbaycan"