Azərbaycan torpağı əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və tarixi hadisələrin kəsişmə nöqtəsi olmuşdur. Qədim Şabran şəhər məskəni bu zəngin tariximizin ən parlaq səhifələrindən biridir. Böyük İpək yolunun mühüm dayanacaqlarından biri olan bu qədim şəhər yalnız hərbi və ticarət mərkəzi deyil, həm də sənətkarlığın və şəhərsalma mədəniyyətinin yüksək zirvəyə çatdığı bir məkandır.
Şabran şəhərinin bünövrəsinin qoyulması VI əsrə - Sasani hökmdarı I Xosrov Ənuşirəvanın dövrünə təsadüf edir. Lakin arxeoloji tədqiqatlar göstərir ki, bu ərazidə yaşayış məskənlərinin kökləri daha dərin qatlara - Qafqaz Albaniyası dövrünə gedib çıxır. Əlverişli coğrafi mövqeyi - Xəzər dənizinin sahilinə yaxınlığı və Böyük Qafqaz dağlarının ətəklərində yerləşməsi Şabranı qısa zamanda regional ticarətin mərkəzinə çevirib.
Ərəb xilafəti dövründən başlayaraq, Şirvanşahlar dövlətinin mövcudluğu illərində Şabran özünün çiçəklənmə dövrünü yaşayıb. Bəzi tarixi mənbələrdə Şirvanşahların ilk paytaxtı və ya əsas strateji istehkamlarından biri kimi adıçəkilən şəhər, regional siyasətdə və müdafiə sistemində mühüm rol oynayıb.
Qədim Şabranda aparılan arxeoloji qazıntılar Orta əsrlər Azərbaycan şəhərsalma arxitekturasının nə dərəcədə inkişaf etdiyini göstərir. 1970- 1980-ci illərdə görkəmli arxeoloqların rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar nəticəsində şəhərin qala divarları, yaşayış məhəllələri, ictimai binaları və su kəməri şəbəkəsi üzə çıxarılıb. Təsdiqlənib ki, Şabran öz dövrü üçün olduqca müasir sayılan mühəndislik qurğularına sahib olub. Şəhərə saxsı borularla (kürələrlə) dağ bulaqlarından təmiz su gətirilib, tullantı suları isə xüsusi şəbəkə vasitəsilə kənarlaşdırılıb.
Şəhər həm də möhkəm qala divarları və bürclərlə əhatə olunub. Çiy və bişmiş kərpicdən, eləcə də çay daşından inşa edilmiş bu divarlar şəhəri kənar basqınlardan etibarlı şəkildə qoruyurdu.
Şabran saxsı və dulusçuluq məmulatlarının, metal emalının, xalçaçılığın və şüşə istehsalının da mərkəzi idi. Qazıntılar zamanı tapılan zərif naxışlı bəzək əşyaları, şirli saxsı qablar və Şərq ölkələrinə aid sikkələr Şabranın Çin, İran, Ərəbistan və Avropa ölkələri ilə geniş ticarət əlaqələrinə malik olduğunu təsdiqləyir.
Bütün böyük şəhərlər kimi, Şabran da tarixin sərt sınaqları ilə üz-üzə qalıb. XIII əsrdə monqol yürüşləri zamanı ciddi dağıntılara məruz qalan şəhər, sonradan bərpa olunsa da, keçmiş əzəmətini qismən itirib. XVII əsrin ortalarında baş verən şiddətli zəlzələ və feodal çəkişmələri, habelə ticarət yollarının istiqamətinin dəyişməsi Şabranın tədricən tənəzzülünə gətirib çıxardı. Şəhər əhalisi treptik olaraq daha təhlükəsiz və münbit zonasında yerləşən ətraf ərazilərə köç etdi.
Şabran abidəsi yalnız keçmişin xarabalıqları deyil, milli kimliyimizin və zəngin mədəni irsimizin canlı şahididir. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ərazi 2003-cü ilin 27 sentyabrında "Qədim Şabran" Tarixi Qoruğu elan edilib. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə "Qədim Şabran" Tarix Qoruğu və Çıraqqala Tarixi Qoruqları birləşərək "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu kimi fəaliyyət göstərir. Hazırda bu ərazidə həm arxeoloji tədqiqat işləri, həm də abidənin konservasiyası və turizmin infrastruktura inteqrasiyası istiqamətində mühüm addımlar atılır.
2026-cı ilin yay arxeoloji mövsümündə əldə edilən elmi nəticələr Qədim Şabranın turizm potensialının artırılmasına və Azərbaycanın tarixi-mədəni irsinin dünya miqyasında təbliğinə böyük töhfə verir. Açıq səma altındakı bu muzey həm yerli, həm də xarici turistlər üçün Orta əsrlər Şərq şəhərinin ab-havasını duymaq üçün bənzərsiz bir məkandır. Ümumiyyətlə, qədim Şabranın hər daşı, hər torpaq qatı bizə ulu babalarımızın yaratdığı möhtəşəm mədəniyyətdən, onların əməyindən və zəkasından xəbər verir. Bu irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Aysel MEYLAVERDİYEVA,
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı