Vətən Müharibəsi Qəhrəmanının ömür yolu
Ağstafanın Böyük Kəsik kəndində məktəbin qapısı üzərində bir ad yazılıb: Azər Yusifli. Bu məktəbin şagirdi olmuş Azər 6 il əvvəl Zəngilan istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Azər 1994-cü il martın 28-də Böyük Kəsikdə müəllim ailəsində doğulub. Evdə tez-tez Vətəndən, torpaqdan, Qarabağdan danışılardı və o, bu söhbətləri uşaq yaşlarından diqqətlə dinləyirdi. Hərb sənətinə maraq da elə o vaxtlardan yaranıb.
Məktəbi bitirəndən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olmaq istəyib, amma ilk cəhd alınmayıb. Bu, onu yolundan döndərməyib. Hərbi xidmətini başa vurub, gizir təhsili alıb və Sərhəd Qoşunlarında xidmətə başlayıb.
"Azər torpaqlarımızın işğalda qalması ilə barışmırdı"
2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayanda Azər də döyüşlərə qatılıb, amma ailəsinə bu barədə məlumat verməyib. Dəfələrlə zəng edəndə "təlimdəyəm" deyib.
Atası Nazim Yusifov o günləri belə xatırlayır: "Azər torpaqlarımızın işğalda qalması ilə barışmırdı. Döyüş yolu Füzuli istiqamətindən başladı, Cəbrayıl və Zəngilanın yaşayış məntəqələrindən keçdi. Silahdaşları ilə birlikdə kəndlərimizin azad olunması üçün vuruşdu. Yol boyu 26 mövqedə Azərbaycan bayrağını dalğalandırdı".
Azərin əsas döyüş yolu Cəbrayılın kəndlərindən keçib. Ağır döyüşlərdən sonra Xudafərinə, oradan Zəngilan istiqamətinə irəliləyiblər.
Oktyabrın 14-də Azər atasına zəng edib. Səsi sakit olub: "Ağır əməliyyata gedirik, geri qayıtmamaq da var...".
"Bu, Azərin bizimlə son halallaşması oldu", - deyir Nazim kişi.
"Yaralı halda hospitaldan qaçıb döyüşə qayıtmışdı"
Silahdaşları Azəri iradəli, cəsarətli, çətin anlarda düzgün qərar verən hərbçi kimi xatırlayırlar. Onun rəhbərlik etdiyi qrup bir sıra mürəkkəb tapşırığı yerinə yetirib. O, silahdaşlarını mühasirədən çıxarıb, düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.
Yaralananda da dayanmayıb. Sinif yoldaşı və dostu Samir Osmanov danışır ki, Azər hospitaldan çıxıb yenidən cəbhəyə qayıdıb.
"Mən də müharibədə idim. Azər gecələr mənə zəng edirdi, telefonla danışırdıq. Bir dəfə "Hardasan" - deyə soruşdum, deyirdi aşağı düşmüşəm, istirahətdəyəm. Sonra bildim ki, yaralanıb, hospitaldadır. Yaralı halda hospitaldan qaçıb döyüşə qayıtmışdıi".
Dostlar bir-birinə həm dəstək olur, həm də ehtiyatlı olmağı tapşırırdılar. Sonra Samir Azərin şəhid olduğunu eşidib.
"Həyatımda eşitdiyim ən ağır xəbər idi. O hissi dillə deyə bilmərəm. Bilənlər bilir ki, Azərlə necə qardaş idik. Həmin vaxt Azər Zəngilan istiqamətində idi, biz isə artıq Cəbrayılda".
Təxirə salınan toy
Azərin şəxsi planları da vardı. Uzun illər sevdiyi qızla nişanlı idi, toy 2020-ci ilin oktyabrına planlaşdırılmışdı. Sadə bir arzusu vardı: xidmətdən ailəsinin yanına qayıtmaq, sevdiyi insanla həyatını qurmaq. Lakin Azər cəbhəyə getdi, planlar isə "müharibədən sonra"ya qaldı... Oktyabrın 21-də Zəngilan istiqamətindəki döyüşlər onun son döyüşü oldu.
Oktyabr ayında toy üçün hazırlanan ev bu dəfə başqa mərasimə, vida mərasiminə hazırlaşdı. Azər isə nişanlısına verdiyi sözü tuta bilmədi, amma uğrunda döyüşdüyü torpaqlar azad oldu.
Ömrü 26 il çəksə də, adı əbədi qaldı
Ailəni ziyarətə gələn döyüş yoldaşları, məktəb dostları və komandirlər, ilk növbədə, Azərin səmimiyyətindən, cəsarətindən, heç bir tapşırıqdan çəkinməməsindən danışırlar. Çətin vəzifə qarşıya çıxanda irəli atılar, məsuliyyəti öz üzərinə götürərdi.
Azərin "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif olunması atası üçün həm böyük qürur, həm də fəxarət mənbəyidir.
Böyük Kəsikdə Azəri tanıyanlar onu hələ də mehriban sinif yoldaşı, sadiq dost, qayğıkeş övlad kimi xatırlayırlar. Eyni sinifdə oxuyan dostları indi onun xatirəsini yaşadırlar. Məktəbin onun adını daşıması da bu ehtiramın ifadəsidir.
Azər Yusiflinin ömrü 26 il çəkdi. Ancaq bu ömür Vətənə sədaqətin, iradənin və fədakarlığın nümunəsinə çevrildi. O, ailəsinin qurulmasını arzuladığı xoşbəxt gələcəyə çata bilmədi, lakin uğrunda canından keçdiyi torpaqların azadlığı naminə tarixə öz adını yazdı. Bu gün onun şəhadətə ucalmasının ildönümündə xatirəsi ehtiramla yad edilir. Azər kimi qəhrəmanların fədakarlığı xalqımızın yaddaşında yaşayır, onların Vətən naminə göstərdiyi şücaət gələcək nəsillərə örnək olur.