İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş oğullarımızdan olan gənc zabit Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerikin Kələxan kəndində dünyaya gəlib. 2007-ci ildə 8-ci sinfi bitirəndən sonra arzusuna qovuşmaq üçün Bakıya üz tutub, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
İlk günlərdən hərbi biliklərə dərindən yiyələnməyə başlayıb. Keçirilən təlim-məşqlərdə fəal iştirak edib. Üçillik təhsilini yüksək göstəricilərlə başa vuran Əliqismət 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. 4 il də bu hərbi təhsil ocağında oxuyub, tərcübə və peşəkarlığını artırıb. 2014-cü ildə ali hərbi məktəbi uğurla başa vuraraq leytenant rütbəsi alıb. Bir il Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit hazırlığı kursunda təhsilini davam etdirib. 2015-ci ildə taqım komandiri kimi "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
Həmişə özünü döyüş meydanlarında görmək istəyən gənc zabit raportla komandirə müraciət edərək düşmənlə üzbəüz olan hərbi hissədə xidmət etmək istədiyini bildirib. Çox keçməyib ki, onun istəyi yerinə yetirilib. Əliqismət 2016-cı ildə başlayan Aprel döyüşlərində iştirak edib. Dörd gün silahı yerə qoymadan ermənilərə qarşı vuruşub, qəhrəmanlıq göstərib.
İkinci Qarabağ müharibəsi başlayanda Əliqismət Yaqublu döyüş təcrübəsi yüksək olan zabit kimi əməliyyatlara göndərilib. Onun döyüş yolu Murovdağ istiqamətindən başlayıb. Sərt qayaları, keçilməz sıldırımları kəndirlə dırmaşaraq gözlənilməyən istiqamətlərdən işğalçı qüvvələrin üzərinə atılıb. Azərbaycan Ordusunun güclü hücumları qarşısında dayana bilməyən düşmənlər geri çəkilməyə məcbur olublar.
Bir müddət Murovdağ istiqamətində vuruşduqdan, uğurlu əməliyyatlar həyata keçirdikdən sonra onları gərgin döyüşlərin getdiyi Füzuli istiqamətinə göndərirlər. Təyin olunan məntəqəyə çatan kimi onlar döyüşlərə atılırlar. Murovdağdakı kimi Əliqismət burada da cəsarətlə vuruşur, zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlir. İllərdən bəri Füzuli istiqamətində möhkəmlənmiş erməni qəsbkarları addım-addım geri sıxışdırılır. Yalnız bu bölgədə deyil, bütün istiqamətlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məğlubiyyətə uğradılır.
Çox keçmir ki, Əliqismət Yaqublunun xidmət etdiyi bölüyü Cəbrayıl istiqamətinə göndərirlər. Bir müddətdən sonra isə onlar Zəngilanın azadlığı uğrunda vuruşurlar. Zəngilan da işğalçılardan təmizləndikdən sonra Əliqismətgil döyüşlərini Qubadlı istiqamətində davam etdirirlər. Qarşıda isə cəsur hərbçilərimizi Laçın rayonu gözləyirdi. Baş leytenant Əliqismət Yaqublunun döyüşdüyü bölüklər uğurlu əməliyyatlardan sonra Laçının bir neçə kəndini də işğalçılardan azad edirlər. Getdikcə zəifləyən, qüvvəsi tükənən düşmən addım-addım geri çəkilir.
Noyabr ayının ilk günləri idi. Artıq Şuşanın erməni işğalçılarından azad olunması uğrunda döyüşlərə ciddi hazırlıq gedirdi. Şuşanın azadlığı naminə vuruşmaq Əliqismət Yaqublunun çoxdankı arzusu idi. İndi budur, artıq arzusuna çatmışdı.
Noyabrın 5-də artıq döyüşlər Şuşanın yaxınlığındakı Daşaltı kəndinə gəlib çatır. Gənc zabit bu kəndin adını əvvəllər çox eşitmişdi. Birinci Qarabağ müharibəsində də bu yaşayış məntəqəsi uğrunda qanlı döyüşlərin getdiyini bilirdi. 28 ildən sonra yenə də Daşaltı kəndi uğrunda gərgin əməliyyatlar alovlanmışdı. Daim ön sıralarda vuruşan Əliqismət qəhrəmanlıq, fədakarlıq göstərirdi. Təəssüf ki, Əliqismət Yaqublu elə həmin əməliyyatda, 5 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olur.
Şəhadətindən əvvəl atasına etdiyi vəsiyyətə uyğun olaraq Azərbaycan bayrağına bürünmüş cənazəsi Lerikə gətirilir. Yaxınlarının, doğmalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Kələxan kəndindəki qəbiristanlıqda, babasının məzarı yanında torpağa tapşırılır.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəxsi heyətə yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində böyük fədakarlıq göstərmiş, vəzifə borcunu ləqayət və vicdanla yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı zabiti, baş leytenant Əliqismət Mükafat oğlu Yaqublu Prezident İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə və "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medallarına layiq görülür.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"