Tərtərdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Çıxış edən M.Məmmədov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir dövlətçilik tarixində və siyasi sistemində tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu: "Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra keçirilən bu qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərlərin məntiqi davamı və gələcək inkişafımızın strateji xəritəsidir. Dövlət başçısı qurultaydakı dərinməzmunlu nitqində yalnız partiyamızın təşkilati və ideoloji fəaliyyət istiqamətlərini deyil, bütövlükdə dövlətimizin milli təhlükəsizlik, ideoloji müdafiə, xarici siyasət və regional inkişaf prioritetlərini aydın şəkildə bəyan etdi. Qurultayda vurğulandığı kimi, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşmış, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsi kimi ölkəmizdəki bütün nəhəng quruculuq işlərinin önündə gedir. YAP ümumxalq partiyasıdır. Bizim partiyamız ölkəmizdə gedən bütün müsbət proseslərin mərkəzində durur, onların təşəbbüskarı və icraçısıdır".
Natiq daha sonra vurğulayıb ki, qələbəni, suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq, davamlı sülhə nail olmaq, azad Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq - bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir. Prezidentin irəli sürdüyü birinci vəzifə - "Biz güclü olmalıyıq" tezisidir.
"Əldə olunmuş tarixi zəfərlər və qazanılmış uğurlar bizdə arxayınlıq yaratmamalıdır", - deyən M.Məmmədov bildirib ki, qarşıda duran yeni dövrdə daha böyük hədəflərə doğru irəliləməliyik. Prezidentin nitqində səslənən bu fikri hər birimiz fəaliyyət proqramımızın ana xətti hesab etməliyik: "Biz heç vaxt əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Həmişə irəliyə baxmalıyıq, gələcəyi düşünməliyik, ölkəmizin dayanıqlı inkişafını təmin etməliyik".
Müşavirədə Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Faiq Məmmədov Prezidentin nitqindən "Ağsaqqallar gənclərə nümunə olmalı, milli-mənəvi dəyərlərin qorunması və təbliği işində fəal iştirak etməlidirlər" sözlərini xatırladaraq bildirib: "İdeoloji mübarizədə, quruculuq işlərində biz daim Prezidentin yanındayıq və əlimizdən gələni edəcəyik ki, Azərbaycana qarşı təxribat törətmək istəyənlər özləri peşman olsunlar".
Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva isə çıxışında pedaqoq, məktəb direktoru kimi günümüzün ən mühüm vəzifələrindən biri olan ideoloji təhlükəsizliyimizin təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasından söz açıb: "Çağdaş dünyada müharibələr yalnız səngərlərdə getmir. Bu gün informasiya məkanında, süni intellekt və kiberməkanda ölkəmizə, milli dəyərlərimizə qarşı yönələn təxribatlar az deyildir. Biz təhsil işçiləri, müəllimlər olaraq şagirdlərimizi, gənclərimizi savadlı, bilikli etməklə yanaşı, onları yad ideologiyalardan qorumalıyıq".
Lazım QULİYEV,
"Azərbaycan"