2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi, 44 günlük haqq savaşı Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə yazılmışdır.
Bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı böyük qürur hissi ilə yaşayır. Qazandığımız bu tarixi Zəfərə görə xalqımız Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə həmişə minnətdar olacaq.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda da əziz tutulur. Şəhidlərin ailə üzvlərinə, qazilərə həmişə diqqətlə yanaşılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərdikləri diqqət və qayğıdan nümunə götürən rayon rəhbərliyi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı kəndlərində olmuş, şəhidlərimizin məzarlarını ziyarət etmişdir.
Şəhid kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, leytenant Mayis Yaqubovun anası Ruhiyyə Yaqubova və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmiş, övladlarının doğum və anım günlərində, bayramlarda yad olunmasını yüksək qiymətləndirmişlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"