28 Mart 2023 00:55
512
İDMAN
A- A+

Qardaşlıq qazandı

 

"Qarabağ" və "Qalatasaray" yoldaşlıq oyunu azarkeşlərə əsl futbol bayramı yaşatdı

 

Azərbaycan və Türkiyənin sarsılmaz dostluğu, qardaşlığı bu gün özünün ən möhtəşəm dövrünü yaşayır. Şad gündə də, dar gündə də bir-birinə hayan olan qardaşların ortaya qoyduqları mövqe dünyaya nümunə kimi göstərilir.  Ötən ay  Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələdə Azərbaycan xalqının və dövlətinin mütəşəkkilliyi bunun bariz təcəssümü oldu. Hər zamankı kimi Türkiyənin köməyinə çatan ilk ölkə məhz Azərbaycan idi və bu, Türkiyə vətəndaşları tərəfindən də yüksək səviyyədə qiymətləndirildi.  
Bu faciə növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun sarsılmaz olduğunu sübut etdi. Bu gün də Azərbaycanın hər bir bölgəsində türkiyəli qardaşlarımıza kömək etmək üçün insanlarımız əllərindən gələn köməyi əsirgəmirlər.
Bu dəstək martın 26-da xeyriyyə məqsədilə keçirilən "Qarabağ" - "Qalatasaray" matçında növbəti dəfə özünü göstərdi. Çünki bu qarşılaşmadan əldə ediləcək gəlirin zəlzələdən zərərçəkənlərə yönəldiləcəyi barədə razılığa gəlinmişdir.   

 

Prinsipiallıq yox, mübarizə vardı

 

Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır. Elə xeyriyyə məqsədi ilə keçirilən matç üçün satışa çıxarılan biletlərin 25 mindən çoxunun cəmi 2 saat ərzində alınması bunun əyani təsdiqi oldu. 
Matç günündə isə bu rəqəm 65 min idi. Tarixində ilk dəfə olaraq Bakı Olimpiya Stadionuna bu sayda azarkeş toplaşmışdı. 
Matç günü şəhərdə əsl futbol bayramı yaşanırdı. Küçələri Azərbaycan və Türkiyə bayraqları bəzəyirdi. Stadion ətrafında qələbəlik hökm sürürdü. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın stadiona gəlməsi bu qardaşlıq tədbirinin pik nöqtəsi idi. 
Hər iki heyətin aparıcı oyunçularının əksəriyyəti milli komandalarda olduğundan əsas heyət üzvlərinin bir çoxu qardaşlıq matçında forma geymədi. "Qarabağ" heyətinə "Zirə"dən və "Şamaxı"dan iki futbolçu dəvət etmişdi.  "Qalatasaray"ın start 11-liyində müdafiənin mərkəzində yer alan Kaan Ayxan və Matias Rossun ilk dəfə bu oyunda tandem təşkil etməsi arxa xətdə Ağdam klubu üçün qol epizodları yaradacağı ehtimalını artırmışdı. Matçın əvvəlində standart vəziyyətdən sonra qapısından qol buraxan ağdamlılar mərkəzdə top saxlamaqla rəqibi üzərilərinə çəkməyə çalışdılar. Matçın müəyyən hissələrində hətta buna nail oldular. Məhz belə epizodlardan sonra "Cim-Bom"un heyətində Debuanın kobud səhvindən sonra "Qarabağ" tarazlığı bərpa etdi. 
Fasilədən sonra tərəflərin etdikləri dəyişikliklər matçın tempini aşağı salsa da, son dəqiqələrdə "Qalatasaray"lı futbolçuya qarşı edilən kobudluq "Qarabağ"ın qapısına  təyin edilən 11 metrlik cərimə zərbəsi ilə nəticələndi. Azarkeşlərin böyük  həyəcanla meydana çıxmasını gözləyən argentinalı superulduz Mauro İkardi zərbəni dəqiq yerinə yetirərək İstanbul klubuna qələbə qazandırdı-2:1.
Əslində,  xeyriyyə məqsədilə keçirilən qarşılaşmada məğlub olmadı. Prinsipiallıq olmasa da, maraqlı mübarizənin şahidi olduq. Ən əsası isə tribunalarda yaşanan futbol bayramını görməyə dəyərdi. 
 

"Azərbaycan"ın əməkdaşının şərhləri Türkiyə kanalında gündəm oldu

 

Türkiyə mediası da bu qarşılaşmaya geniş yer ayırmışdı. Matçdan bir neçə gün öncədən  başlayaraq "Qarabağ" - "Qalatasaray" oyunu barədə dostluğu, qardaşlığı tərənnüm edən materiallar dərc olunurdu. Qəzetimizin əməkdaşı Elçin Cəfərov ardıcıl üç gün Türkiyənin ən məşhur televiziya kanallarından "A Spor"a bağlanaraq oyunla bağlı fikirlərini səsləndirirdi. Canlı yayımda şərhlər böyük maraq doğururdu, qardaş ölkənin aparıcı yazılı KİV-ində də dərc olunurdu. 
Qarşılaşmanın keçirildiyi gün isə birbaşa stadiondan "CBC Sport" kanalında efirdə gedən "Matça doğru" verilişində komandaların heyətləri üzərindən də  təhlillər apararaq, prinsipiallıq olmasa da, maraqlı mübarizənin vacibliyini diqqətə çatdırdı.
Qeyd edək ki, qəzetimizin əməkdaşının aparıcı-eksperti olduğu "CBC Sport" kanalında yayımlanan "Türkiyədən futbol" verilişi qardaş ölkənin idman mediasında geniş işıqlandırılır, orada səslənən fikirlər gündəm mövzusu olur. 
Bu arada qarşılaşma Türkiyənin nüfuzlu qəzetlərinin idman səhifələrində də yer alıb. "Sabah"ın "Yaxşı aslan", "Akşam"ın "Qardaşlıq rüzgarı", "Hürriyet"in "Bakıda qardaşlıq şousu" və  "Milliyet"in "Qardaşlıq qazandı" başlıqlı xəbərlərində matçın təhlilinə yer verilib, azərbaycanlı azarkeşlərin böyük dəstəyindən bəhs edilib.  

 

"Dostluğumuz davam edəcək"

 

Matçdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirdikləri xeyriyyə oyunundan sonra deyib ki,  möhtəşəm atmosfer var idi, azarkeşlərimizə təşəkkür edirəm: "Fanatlar üçün baxımlı oyun oldu. Oyundan çox razı qaldım. İşimizə görə çox şey qazandıq. Belə görüşlər həm futbola sevgini çoxaldır, həm də bizə böyük təcrübə verir. Oyunun mahiyyətini bilirdik, yardım məqsədilə keçirilirdi. "Qalatasaray"a uğurlar arzu edirəm. Son vaxtlar böyük işlər görürlər. Qarşıdakı oyunlarda onlara uğurlar arzu edirəm. İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin, bir liqamız olsun. Qarşıda iki ölkə klublarının oyunları keçirilə bilər. Bu, bir başlanğıc oldu. Bu cür atmosfer tək Bakıda yox, digər bölgələrdə, hətta Türkiyədə də olar. Futbolumuzun inkişafı üçün belə oyunların daha çox keçirilməsi lazımdır. Bu cür görüşlər futbolu insanlara daha çox sevdirir. Bizim çempionatla onların liqası arasında fərq böyükdür. İstərdim ki, belə görüşlərin sayı çox olsun. Mənim narahatlıq keçirdiyim dostların bir-birinə qarşı oyunlarıdır. Çünki bəzən narazılıqlar olur və bu da futbolun prinsiplərindəndir. Bugünkü oyundan çox razı qaldım. Türkiyə futboluna uğurlar arzu edirəm. Hər zaman bir-birimizin yanındayıq".
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk isə deyib ki, evimizə gəlmiş kimi olduq. Bu stadionda, şəhərdə möhtəşəm qarşılandıq: "Əsas məqsəd Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım etmək idi. Çox gözəl futbol gecəsi oldu. Hər kəsə təşəkkür edirəm. Xüsusilə "Qarabağ" daha diqqətli və hazır idi. Heyətdə rotasiyalar etmişdik. Bəzi oyunçular şans qazanmırdılar. Qələbə qazandığımız üçün xoşbəxtik. Sizinlə birlikdə olmaqdan daha çox şadıq. Bu, başlanğıc idi. "Qarabağ"la olan dostluğumuz davam edəcək. "Qarabağ" Türkiyəyə gələcək, biz Bakıya. Burada olduğum müddətdə tez-tez belə oyunların keçirilməsini istəyəcəyəm".
Göründüyü kimi, xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır. Bu ağır dönəmdə Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkəyə  hərtərəfli yardım göstərir.

Rəhman HƏSƏNOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video