"Neftçi" "Beşiktaş"la qarşılaşmada nələrə diqqət yetirməlidir ?
Avqustun 10-da UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk qarşılaşmalar keçiriləcək. Turnirdə mübarizə aparan komandalarımızdan "Neftçi" doğma arenada Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək. İki qardaş ölkə təmsilçilərinin duelində hansı komanda favoritdir? Bu suala cavab tapmaq üçün futbolçular və oyun planları üzərindən təhlil vermək daha faydalı olardı.
Ümumiyyətlə, reallığı qəbul etmək lazımdır ki, "Beşiktaş" kağız üzərində favoritdir. İstanbul klubunun yarımmüdafiə xəttinin əsas fiqurlarından olan Qedson Fernandes-Amir Hadcıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda rəqibdən top almalarda ən önəmli qüvvədirlər. Əsas şərt Fernandeslə bu futbolçuların bağlantısını kəsməkdir. Bunun üçün də çox yaxın oynayaraq, elə bir basqı qurulmalıdır ki, ikili mübarizələrdə bu bağlantını qopara biləsən. "Beşiktaş"ın hücumlarının qurulması, təşkili həmişə Fernandesdən başlayır. Onun sürəti və drinblinqləri hesabına komanda hücumda çoxalmağı bacarır. Bu baxımdan "Neftçi" onu zərərsizləşdirə bilsə, qonaqlar topa sahib olmada və hücumda çoxalmada ciddi problemlərlə üzləşəcəklər. Eddi İsrafilovun, Emin Mahmudovun və Ataa Caberin üzərinə böyük iş düşəcək. Fernandes çox sürətlidir, onu saxlamaq üçün də Eddi ilə Ataa gərək indiyəcən göstərdikləri performansdan daha artığını nümayiş etdirsinlər.
"Beşiktaş"ın heyətində ən önəmli simalardan biri Vinsent Abubakardır. Burada da "Neftçi"də müdafiəçilər Matiasla Tamasın işi asan olmayacaq. Xüsusən cinah müdafiəçiləri ilə stopperlər mövqe seçimində, bir-birilərini sığortalamaqda çox diqqətli olmalıdırlar. Matias və Tamas qırmızı vərəqə almamaq üçün ikili mübarizələrdə ayıq olmalıdırlar. Matias topa müdaxilədə zamanlama səhvi etməməlidir.
Qonaq komandaya qarşı oynayarkən hücumları sol cinahdan təşkil etmək daha yaxşı olardı. Çünki Artur Masuaku qırmızı vərəqə aldığına görə bu mövqedə Umut Meraş çıxış edəcək və bu, həmin bölgədə ciddi problem yaşadacaq. Bakıda keçirilən qardaşlıq oyununda "Sabah"la matçı da xatırlasaq, Meraş hücuma qoşularkən geri dönməkdə çətinlik çəkir və Aleksey Kaşuk iki dəfə bu fürsətdən istifadə etmişdi.
Sol mərkəz müdafiəçisi Omar Koli də təzə gəlib və Meraşla anlaşmada, mövqe sığortalamasında ciddi problemləri var. "Neftçi" həmin cinaha uzun ötürmələrlə qol epizodları yarada bilər.
Bunlara paralel olaraq qazanılan topları tez bir zamanda zonalara yaymaq lazımdır. Topu komandamız çox saxlayacağı təqdirdə irəliyə gedə bilməyəcək. Hacıahmetoviç, Uçan və ya sağ cinahda Onur Bulut və Valentin Rosyer çox sürətlidirlər. O cinahdan hücum qurmaq çətin olacaq. Qısası, üstünlük əldə etmək üçün ilk növbədə rəqibin yarımmüdafiə xəttini dayandırmaq lazımdır. Xüsusən də Fernandeslə Hacıahmetoviçi. "Neftçi" bu iki nəfər arasında ötürmə bağlantısına imkan verməsə, həm topa daha çox sahib olacaq, həm də boş zonalar tapacaq. Topa nəzarət "Beşiktaş"a verilsə, bu, müəyyən problemlər yarada bilər.
Komandamız ancaq öz oyununu oynayıb, ələ keçirilən toplarda dərhal əks-hücum qurmaqla, müdafiənin arxasına verilən ötürmələrlə "Beşiktaş"ın sol cinahına ciddi təhlükə yaşada bilər. Oyunçularımız Abubakara qarşı da diqqətli olmalıdırlar. O, həm toplu, həm topsuz epizodlarda çox fərqli oynayır. Sonda bir daha vurğulayaq ki, yenilməyən rəqib yoxdur, yetər ki, onlar qədər meydanda mübarizə aparasan.
Uğurlar, "Neftçi"!
Elçin CƏFƏROV,
"Azərbaycan"