Siyasi Repressiya Qurbanları Muzeyi gənclərin daim maraq dairəsindədir
Muzeydə hər şey 87-94 il öncəni - ötən əsrin məşum otuzuncu illərini xatırladır. Kandarına qədəm qoyduğun dəhlizlər də, sanki üzərinə qan, nalə, fəryad hopmuş qalın divarlar da, içərisindən günahsız insanların ümidlə "boylandığı" dəmirqapılı "məhbəslər" də... "İstintaq" kameraları, "cəza" mexanizmləri, "edam" otaqları da eləcə qalır. Bir yanda Cavid əfəndi "sorğu-suala tutulur", digər məkanda Tağı Şahbaziyə "işgəncə verilir", başqa tərəfdə Müşfiq "güllələnir..."
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında Siyasi Repressiya Qurbanları Muzeyinin ekskursiya zalları və eksponatları o qədər təbii işlənib ki, bura üz tutan hər kəs nəinki ziyarət müddətində, binanı tərk etdikdən sonra da həmin dəhşətli zamanın təəssüratlarından, mühitin ağrı-acılarının təsirindən uzun müddət çıxa bilmir. Adıçəkilən muzeyin 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə DSX-nin inzibati binasında yaradılması da təsadüfi deyil. 1925-ci ildən sonra burada ovaxtkı hökumətin əsas repressiv orqanları fəaliyyət göstərib, zirzəmidə məhbusların saxlanma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənmə yeri olub. 1920-1950-ci illərdə aparılan amansız repressiya siyasəti nəticəsində on minlərlə ictimai və dövlət xadimi, elm, mədəniyyət, ədəbiyyat, incəsənət nümayəndələri, sıravi vətəndaşlar bu məkanda ən ağır cəzalara məhkum ediliblər.
Müzeyin əsas zalında - "Danışan sənədlər" guşəsində repressiya aparatı ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda bu iyrənc ssenarini "qanunlaşdıran" ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmrində əks olunmuş "Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək" müddəası xalqımıza qarşı qəddarlığın açıq-aydın nümunəsidir. İlk qurbanlar isə Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olmuşlar.
Növbəti lövhə təhsil almaq üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, xalqa xidmət üçün geri dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün olunub.
Siyasi repressiya qurbanı olan qadınlara həsr edilmiş lövhədə güllələnmiş beş ziyalı xanım - Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin "xalq düşmənlərinin" islah-əmək düşərgələrində cəza çəkən həyat yoldaşları haqqında məlumatlar verilib.
1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlığı illərində belə məlumatların yayılmasının yasaqlanması üzündən yalnız müstəqillik illərində - 15 mart 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında" Azərbaycan Respublikası Qanununda bütün bu hadisələrə ilk dəfə hüquqi qiymət verilib.
Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiramla yanaşı, yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin düzgün məlumatlandırılmasıdır.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"