ABŞ şirkətinin keçirdiyi sosioloji sorğunun nəticəsi bunu bir daha təsdiqləyir
Fevralın 7-də Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq qalib xalqın qalib vətəndaşı kimi prezident seçkilərində iştirak edəcək. Xalq Zəfər Seçkiləri adlandırılan bu seçkilərdə layiqli namizədə etimad mandatı verərək onu özünə lider seçəcək.
Ən mühüm məqam isə odur ki, illərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşanacaq.
Əlbəttə ki, suverenliyimizin təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə məhz prezident seçkiləri keçirilməsinin özünün də böyük rəmzi mənası var. Bu baxımdan, seçkilərin keçiriləcəyi 7 fevral təqvimi şanlı salnamələrimizə tarixi gün kimi yazılacaq. Çünki Azərbaycan xalqı müstəqillik həyatında ilk dəfə olaraq bu seçkilərə - ərazi bütövlüyümüzün tam bərpası fonunda gedəcək. Bu seçkilərin işğaldan azad edilmiş yurdlarımızda keçirilməsi isə bir ayrı milli qürurumuzdur.
Artıq seçkiyə sayılı günlər qalır. Bütün ölkə üzrə, habelə Qarabağ və Şərqi Zəngəzurda seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Komissiyaların katibi və üzvləri, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Bütün seçkilərdə olduğu kimi, budəfəki prezident seçkiləri ərəfəsində də ölkədə sosioloji sorğu keçirilib. ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın (VƏHML) birgə keçirdiyi sorğunun əsas məqsədi prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub.
Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 3000 nəfər respondent cəlb edilib. Bunlardan 24,1 faizi Bakı şəhərindən, 8,3 faizi digər böyük şəhərlərdən, 21,3 faizi kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3 faizi ) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3 faizini (1479 nəfəri) qadınlar, 50,7 faizini (1521 nəfəri) kişilər təşkil edib. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 36,2 faizi 18-34 yaşarası, 39 faizi 30-54 yaşarası, 24 faizi 55 və daha çox yaşda olan insanlar olublar.
Sosioloji sorğu vərəqindəki suallar "Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi", "Ölkənin hazırkı vəziyyətinə münasibət", "Əhalinin siyasi fəallıq səviyyəsi", "Ermənistan-Azərbaycan münaqişəsi", "Vətən müharibəsinə dəstək" kimi qruplaşdırılıb. Respondentlərin 34,9 faizi "Əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz sualına "Demək olar ki, hər zaman" variantını seçib. Daha 28,4 faizi "Hər zaman", 11,1 faizi isə "Çox vaxt" cavabı verib. Bu isə əhalinin seçkilərdə fəallığının göstəricisidir.
"Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?" sualına seçicilərin 81,2 faizi "düzgün istiqamət", 12,3 faizi isə "yanlış istiqamət" cavabını veriblər.
Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün təhlükəsiz ölkə olduğunu hesab edirlər. Belə ki, "Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı" sualına, sorğuda iştirak edənlərin 85,4 faizi "bəli" cavabını veriblər.
Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Respondentlərin 98,50 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?" sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.
"Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?" sualına respondentlərin əksəriyyəti - 72,5 faizi "müsbət", 2,6 faizi "mənfi", 24,9 faizi "neytral" variantını seçib.
Sorğunun nəticəsinə əsasən ölkə əhalisi fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyədə aparılmasından xəbər verir.
Əlbəttə ki, Azərbaycanın seçki təcrübəsi budəfəki seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf və demokratik prinsiplər çərçivəsində keçirilməsinə imkan verir. Ölkədə artıq formalaşmış seçki sistemi, həmçinin 40 mindən yuxarı insanı özündə birləşdirən peşəkar seçki ordusu mövcuddur. Azərbaycanda hələ 2003-cü ildə qəbul olunmuş və zaman-zaman yenilənməklə müfəssəl məlumatları özündə ehtiva edən, mütərəqqi standartlar baxımından təkmilləşdirilmiş Seçki Məcəlləsi var. Mərkəzi Seçki Komissiyası müxtəlif prosesləri tənzimləyən və ictimaiyyət tərəfindən asanlıqla anlaşılan təxminən 47 təlimat, izah və qayda qəbul edib. Bütün bunların fonunda tam səmimi şəkildə deyə bilərik ki, Azərbaycanda Zəfər seçkilərinin keçirilməsi üçün tam hüquqi baza mövcuddur. Bu seçkilər hətta əvvəlki seçkilərdən də daha təkmil olacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"