Bu, BRICS ölkələrinin iqtisadiyyatına mühüm töhfə verir
"Braziliya, Rusiya, Hindistan və Çin kimi dünyanın böyük dövlətləri tərəfindən 2006-cı ildə təsis edilmiş BRICS-ə sonradan Cənubi Afrika Respublikası da daxil olaraq təşkilat yaradıldı. Bu gün BRICS dünyada nəhəng iqtisadi təşkilata çevrilib".
Bu sözləri "Azərbaycan" qəzetinə professor, siyasi ekspert Kamilə Əliyeva deyib. O bildirib ki, təşkilata üzv dövlətlərin əhalisinin sayı təxminən 3.5 milyard nəfərdir ki, bu da dünya əhalisinin 45 faizini təşkil edir. Üzv dövlətlərin birgə iqtisadiyyatları dünya iqtisadiyyatının təxminən 28 faizi olmaqla dəyəri 30 trilyon dollara yaxındır. Eləcə də dünyada istehsal edilən xam neftin 44 faizə qədəri bu təşkilata üzv dövlətlərin payına düşür. Beynəlxalq maliyyə təşkilatlarının hesablamalarına görə, yaxın 20-25 ildə təşkilatın iqtisadi gücü inkişaf etmiş ölkələri dəfələrlə üstələyəcək. Bu günə qədər 40-dan çox dövlət BRICS-ə üzv olmaq üçün müraciət edib. "Bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Azərbaycanın BRICS-ə daxil olmaq arzusu Çin dövləti tərəfindən dəstəklənib. Ümumiyyətlə, ölkəmizin təşkilata üzv dövlətlərlə iqtisadi əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin 9 ayı ərzində 3.5 milyard dollar olub. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi dövlətlər arasında Rusiya birinci yerdədir. Digər dövlətlərlə də ticarət dövriyyəsi hər il artmaqdadır. Azərbaycan xarici ticarətinin 25 faizini BRICS ölkələri ilə həyata keçirir", - deyə K.Əliyeva əlavə edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 24-də Kazan şəhərində XVI BRICS sammitinin "Outreach"/"BRICS +" formatının ilk plenar iclasına dəvət olunması ölkəmizə və dövlət başçımıza olan böyük inam və etimadın nümunəsidir: "Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə mühüm ölkə olduğu, eyni zamanda 4 il ərzində Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın böyük nüfuz qazanması barədə məlumat verdi. Bu gün Azərbaycan qlobal dünya iqtisadiyyatının yüksəlməsində mühüm rol oynayır. Azərbaycan "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzərində yerləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat-logistika infrastrukturu yaradılıb. Şərqdən Qərbə, Şimaldan Cənuba Azərbaycan üzərindən yükdaşımaların həcmi hər il artmaqdadır. Bunun sayəsində BRICS-ə üzv olan dövlətlərin iqtisadiyyatına böyük töhfələr verilir".
K.Əliyeva vurğulayıb ki, Azərbaycanın BRICS-ə üzv olması ölkəmizlə yanaşı, bu təşkilatın ümumi iqtisadiyyatının artmasına müsbət təsir göstərəcək. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycan da hər zaman bu prinsipləri qoruyur.
XVI BRICS sammiti əsnasında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutduğunu xatırladan ekspert bildirib ki, danışıqlar zamanı sülh gündəliyinin irəli aparılması, sülh sazişi, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası məsələləri müzakirə olunub. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə tapşırıq verilib.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"