09 Fevral 2024 09:00
1185
SİYASƏT
A- A+

Qalib Azərbaycan xalqıdır

 

Daha bir seçki kampaniyası uğurla, mütəşəkkilliklə başa çatdı - seçkilərin alisi sayılan prezident seçkiləri!
Xalq növbəti dövrdə müstəqil dövlətini idarə edəcək rəhbərinə öz etimadını göstərdi!

Bütün seçki prosesi ilk gündən son dəqiqəsinədək demokratik şəkildə, Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmaqla keçirildi!
Nəticə hamının gözlədiyi kimi oldu!
Azərbaycan xalqı birmənalı şəkildə, böyük əminlik və minnətdarlıq hissi ilə yenidən cənab İlham Əliyevə səs verdi!

Cənab İlham Əliyevin rəqibi olan digər namizədlər də bu qələbəni normal qarşıladılar, keçmiş rəqiblərini və köhnə - yeni prezidentlərini təbrik edərək seçkinin nəticələrini qəbul etdiklərini bildirdilər.
* İlham Əliyevin bu qələbəsi ədalətli və gözlənilən qələbədir!
* İlham Əliyevin bu qələbəsi onun ölkəyə rəhbərliyinin 20 ili ərzində gördüyü işlərin bəyənilməsinin və davamlı olmasının məntiqi təsdiqi və ifadəsidir!
* İlham Əliyevin bu qələbəsi Azərbaycanın inkişafının yeni dövrünün başlanmasına xalqın xeyir-duası, razılığının təntənəsidir!
* İlham Əliyevin bu qələbəsi bütövlükdə xalqın, Azərbaycanın hər bir vətəndaşının qələbəsidir!
Bu seçki də, bu qələbə də dünyada nadir hallarda təsadüf olunan əsl xalq seçkisi və qələbələr qələbəsidir!
***
Azərbaycanda yenicə başa çatan növbədənkənar prezident seçkilərini unikal, bənzərsiz və nəticəsini mübahisəsiz edən nədir?
Əvvəla, ilk dəfə olaraq prezident seçkiləri müstəqil Azərbaycanın bütövləşdirilmiş ərazisində keçirildi!
İkincisi, əsas milli istək və vəzifənin yerinə yetirilməsindən sonra keçirildi!
Üçüncüsü, Azərbaycanın inkişafının yeni mərhələsinin başlanğıcında baş tutdu! 
* Xalq başlanılan qələbələrin uğurla davam etdirilməsi üçün rəhbərinə yenidən mandat verdi!
* Xalq ölkəni erməni işğalından azad edən, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya əsaslarını təmin edən rəhbərinə sonsuz təşəkkür və minnətdarlığının ifadəsi olaraq İlham Əliyevə yekdilliklə səs verdi!
* Xalq İlham Əliyevə möhtəşəm layihələri reallaşdırmaq, Azərbaycanın yeni hədəflərini müəyyən edərək yeni zəfərlərə çatmaq üçün səs verdi!
* Xalq İlham Əliyevə inandığı, etibar etdiyi, sözü ilə əməlinin bir olduğuna görə səs verdi!
* Xalq möcüzələr yarada bilən, mümkün görünməyənləri belə mümkün edən əvəzolunmaz liderinə səs verdi!
Əslində, öz arzularının gerçəkləşməsinə, rifahının daha da yüksəlməsinə, ölkəsinin və övladlarının xoşbəxt gələcəyinə səs verdi!
***
Cənab İlham Əliyev bu dəfə də çox böyük fərqlə, mütləq səs çoxluğu ilə qalib gəldi!
Belə də olmalı idi!
İlham Əliyev bu qələbəyə Azərbaycana iyirmi illik rəhbərliyi dövründə gördüyü nəhəng işlər, əldə etdiyi saysız-hesabsız uğurlar, 44 günlük II Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfərlə nail olmuşdur!
Məhz onun qurduğu və ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz etdiyi, ən yeni strategiya və taktika ilə təmin etdiyi, vətənpərvər və igid gənclərdən təşkil etdiyi ordu sayəsində Azərbaycan son beş əsrdə ilk dəfə olaraq işğal altındakı torpaqlarını azad etdi!
İlham Əliyev iki əsrdir davam edən və mərhələlərlə Azərbaycandan torpaq qoparılmasına səbəb olan məkrli "Qarabağ problemi"nə birdəfəlik son qoydu!
İlham Əliyev bütün şəhidlərimizin qisasını hərb meydanında "dəmir yumruğ"u ilə aldı:
* Ən əvvəl erməni işğalçılarını Azərbaycan torpaqlarından iti qovan kimi qovdu!
* Sonra Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edərək tarixində ilk dəfə bütün sərhədlərimizi nəzarətə götürdü!
* Ən nəhayət, 23 saatlıq lokal antiterror tədbirləri keçirərək ölkəmizin dövlət suverenliyini, Konstitusiya əsaslarını bərpa etdi!
İndiyədək dünyanın heç bir dövləti öz ərazisindəki separatizmin kökünü tam kəsə bilməyib!
İlham Əliyev isə bunu məharətlə, atdığı qətiyyətli və inamlı addımlarla, xalqın birmənalı dəstəyi ilə bacardı!

Bu gün Azərbaycanda cəmi 6 separatçı qalıb!
Onlar da Bakıdakı məlum ünvanda "çay içirlər"!

Odur ki, xalq qalib rəhbərinə və qüdrətli sərkərdəsinə böyük məhəbbətlə, minnətdarlıq hissi ilə və yekdilliklə səs verdi!
***
Bu seçkilərdə İlham Əliyevin qələbəsi hamıya və hər kəsə lazım idi!
İlk növbədə özünə!
* Çünki yarımçıq qalmış layihələri davam etdirmək, dövlətin qüdrətini və ordunun gücünü daha da artırmaq, Azərbaycan xalqına verdiyi və icrası tam başa çatmamış vədləri sonadək yerinə yetirmək, ən nəhayət, yeni dövrün yeni hədəflərini müəyyənləşdirərək xalqın qüvvə və imkanlarını onların icrasına yönəltmək məhz İlham Əliyevin gücü, qüdrəti və intellekti sayəsində mümkündür!
Bu qələbə Azərbaycan xalqına da gərəkdir!
* Çünki müstəqilliyinin ilk illərindəki zəif və imkansız Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə çatdıran cənab İlham Əliyev xalqın digər arzu və istəklərini də gerçəkləşdirmək, sosial rifahını əsaslı şəkildə yüksəltmək qüdrətindədir!
Bu qələbə heç də xoş səslənməyən "məcburi köçkün" adından qurtulan yüz minlərlə insanın arzusu idi!
* Çünki cənab İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyinə söz verib və hazırda bu istiqamətdə möhtəşəm quruculuq işləri gedir.
Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla həyata keçirilir!
Doğma yurddan uzun illər ayrı düşmüş insanlar sevinclə, fərəhlə geriyə, əvvəlkindən də gözəl, "ağıllı yaşayış məntəqələri"nə qayıdaraq həyatlarını yenidən qururlar.

Bu qələbə Cənubi Qafqaza, burada xoş niyyətlə əməkdaşlıq qurmaq istəyən ölkələrə də gərəkdir.
* Çünki İlham Əliyevin müəllifi olduğu transmilli layihələrin bir çoxu başa çatıb, Orta dəhliz tezliklə işə salınacaqdır. 
Yalnız İlham Əliyev zəkası və quruculuq məharəti Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirə bilər!
Bu qələbə türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcəkdir.
* Çünki İlham Əliyevin böyük fəallıq göstərdiyi, türk dövlətlərinin birliyinin və əməkdaşlığının güclənməsinə daim töhfələr verdiyi Türk Dövlətləri Təşkilatı onun səmərəli və məqsədyönlü fəaliyyətinə daim ehtiyac duyur.
***
Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi iyirmi il ərzində ortaya bir sıra nümunələr qoymuşdur.
Bu nümunələr həm də beynəlxalq əhəmiyyətlidir və hamı bəhrələnə bilər.

Bu nümunələr ilk növbədə Azərbaycana və onun dostlarına, dövlətlərə və insanlara fayda vermək istəyində olanlara gərəkdir.
Nədir o nümunələr?
BİR NEÇƏSİNƏ DİQQƏT YETİRƏK:
* Siyasi kursa, milli ənənələrə, dövlətçilikdə varislik prinsipinə sədaqət;
* Müstəqil siyasət yürütmək, bütün məsələlərdə dövlət maraqlarını uca tutmaq;
* Dövlətə böyük fayda gətirəcək möhtəşəm layihələr hazırlamaq və daxili imkanlar hesabına onları reallaşdırmaq;
* İqtisadi inkişafı davamlı və sürətli şəkildə təmin edən müasir model yaratmaq;
* Dövlətin qarşıya qoyduğu vəzifələri qısa müddətdə həyata keçirə bilən  möhtəşəm ordu qurmaq;
* Ləyaqətli müharibə aparmaq;
* Mülki əhaliyə zərər yetirmədən separatizmin kökünü birdəfəlik kəsmək!
***
20 ildən çoxdur ki, Azərbaycan xalqı sevimli rəhbəri İlham Əliyevlə birlikdə yol gəlir.
Bu, çətin dövrdə başlamış, qarşıda mühüm sınaqlar olan bir dövr idi.
Azərbaycanın qarşısında iqtisadi, siyasi, beynəlxalq və hərbi sahədə həll etməli olduğu çoxsaylı problemlər dayanırdı.
Ancaq Azərbaycan xalqı yeni rəhbərinə inandı, etibar və etimad etdi:
* Bu etibarın və inamın kökündə Ulu Öndər Heydər Əliyevin vəsiyyət və tövsiyəsi dayanırdı;
* Bu etibarın və inamın kökündə İlham Əliyevin "Əsrin müqaviləsi" neft kontraktının imzalanması üçün apardığı gərgin və çətin danışıqlardakı uğuru dayanırdı;
* Bu etibarın və inamın kökündə İlham Əliyevin MOK-un prezidenti kimi gördüyü işlər, yeni nəslin yetişdirilməsi sahəsindəki uğurları dayanırdı;
* Bu etibarın və inamın kökündə İlham Əliyevin Milli Məclisin AŞPA-dakı deputat qrupuna rəhbərliyi dövründə gördüyü işlər və topladığı təcrübə dayanırdı!
* Ən nəhayət, bu etibarın və inamın kökündə İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə gördüyü işlər, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və separatçıların torpaqlarımızdan toxumunun kəsilməsi sahəsində yaratdığı möcüzəvi nəticələr dayanırdı!
Əslində, bu inamı, bu etibarı, bu etimadı və bu sevgini İlham Əliyev özü qazanıb!
Öz işi, əməlləri ilə qazanıb!
Qələbə, uğur, nailiyyətləri, Zəfəri ilə qazanıb!

* Xalq isə istəyir ki, bütün bunlar davamlı olsun!
* Başlanmış nəhəng layihələr tezliklə sona çatdırılsın!
* Azərbaycanın sürətli inkişafı, xalqın sosial rifahının yüksəldilməsi davam etsin!
* Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesi sürətli axarı ilə getsin!
Xalq İlham Əliyevi həm də ona görə sevir ki, o, sözünün sahibidir, dediyini edəndir!
İlham Əliyevə səs verməklə həm də onun dediklərinin etməsinə dəstəyini göstərdi!
***
Tanrı bu birliyi xalqımıza çox görməsin!
Tanrı Azərbaycanı, xalqımızı, onun əvəzsiz rəhbərini pis niyyətlərdən, pis gözlərdən qorusun!
Tanrı İlham Əliyevə möhkəm cansağlığı, uğur və qələbələr nəsib etsin!
Tanrı öz kölgəsini dövlətimizin, xalqımızın, rəhbərimizin üstündən əskik etməsin!
Qələbən mübarək, Azərbaycan! 
Gözün aydın, Azərbaycan!
Təbrik edirik, möhtərəm Prezidentimiz, əziz rəhbərimiz!
Sizin uğurlarınız hər birimizin uğuru, istək və arzularının gerçəkləşməsi deməkdir!

SİZƏ YENİ YOLDA YENİ QƏLƏBƏLƏR ARZULAYIRIQ! 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video