18 Yanvar 2023 03:08
2827
SİYASƏT
A- A+

QABAQLAYICI ADDIMLAR

 

 

Yaxud gələcəyi görmək, hadisələri önləmək və bütün variantlara hazır olmaq məharəti

 

Otuz ilədək müddətdə xahişçi, minnətçi və diliqısa olmuşuq!

Otuz ilədək müddətdə haqqımızı tələb edərək kimlərdənsə kömək gözləmişik.

Otuz ilədək müddətdə özümüzü inandırmağa çalışmışıq ki, dünyada ədalət var, beynəlxalq hüquq adlı bir anlayış var, beynəlxalq qurum və təşkilatlar həmin hüquqa və ədalətə arxalanaraq qəbul etdikləri qətnamələri, qərarları yerinə yetirməklə Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxaracaqlar!

Amma erməniyə "gözün üstə qaşın var" deyən olmadı!

BMT nə özünə hörmət qoydu,  nə də bu məsələ ilə bağlı qəbul etdiyi dörd qətnaməyə!

ATƏT-in Minsk qrupu boş danışıq, turist səfərləri, tut arağı və donuz kababından irəli getmədi!

Ermənistana nəinki sanksiya tətbiq olundu, heç yüngülvari təzyiq belə göstərilmədi!

Heç Ermənistanın işğal zamanındakı yaşayış məntəqələrini dağıtmalarını, meşələri, bağları qırmalarını, ekologiyanı korlamalarını, tarixi abidələrimizi, qəbiristanlıqlarımızı yerləyeksan etmələrini, məscidlərdə donuz, mal-qara saxlamalarını da "görən" olmadı!

Necə deyərlər, özümüz dedik, özümüz də eşitdik!

Amma təkcə danışmaqla, kimdənsə kömək ummaqla, torpağımızın nə zaman könüllü qaytarılacağını gözləməklə də kifayətlənmədik!

Aşkar-gizli digər varianta, hərbə də hazırlaşdıq!

***

Ulu Öndər Heydər Əliyev xalqın  arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdığı ilk gündən işğal altındakı torpaqların azad olunacağını, doğma torpaqlara qayıdacağımızı qətiyyətlə bəyan edirdi!

Atdığı ilk addımlardan biri atəşkəs barədə razılaşma olsa da!

Amma həmin dövrdə atəşkəsə nail olunması zəruri idi:

* Yeni ərazilərin işğalının qarşısının alınması üçün;

* Ölkədə baş alıb gedən xaos və anarxiyaya son qoyulması üçün;

* Qeyri-qanuni silahlı dəstələrin ləğvi, əhalidəki külli miqdarda silah-sursatın yığılması üçün;

* Möhkəm və dönməz sabitlik yaradılması üçün;

* Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması üçün;

* İqtisadiyyatı dirçəltmək, sərbəst bazar iqtisadiyyatına keçidi şərtləndirən islahatların aparılması üçün;

* Xalqın itmiş inam və etibarının geri qaytarılması üçün və s.

Ulu Öndərimiz bir an olsun belə işğal altındakı torpaqları, onların azad edilməsini unutmurdu!

Bunu 1994-cü ilin yanvarında keçirilən Horadiz əməliyyatı və bu zaman 22 yaşayış məntəqəsinin geri alınması da göstərirdi!

Lakin nə etməli, düşmən güclü və arxalı, Azərbaycan isə tək və zəif idi!

***

Ömür vəfa etməsə də, Ulu Öndər Heydər Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hər şey etdi, gələcəyə hesablanmış bir sıra zəruri addımlar da atdı:

* "Əsrin müqaviləsi" neft kontraktını imzalayaraq ölkənin gələcək iqtisadi yüksəlişini təmin etdi;

* Zəruri hüquqi baza yaratmaqla islahatlar keçirdi, bazar iqtisadiyyatı münasibətlərinin bərpasına nail oldu!

* Ordu quruculuğuna, peşəkar zabit kadrlarının hazırlanmasına başladı;

* Azərbaycanın Avropa Şurasına qəbuluna nail oldu;

* Milli maraqlara əsaslanan daxili və xarici siyasətin təməlini qoydu.

Ulu Öndər Heydər Əliyevin gələcəyə ünvanlanmış iki mühüm tarixi xidmətini ayrıca qeyd etmək istəyirik:

Birincisi, Azərbaycanın sürətli və davamlı inkişafını, dünya birliyinə inteqrasiyasını, xalqın yüksək rifahını və xoşbəxt gələcəyini müəyyən edən Heydər Əliyev siyasi kursunu bərqərar etməsini;

İkincisi, yarımçıq qalan işləri başa çatdıracaq, xalqın arzu və istəklərini gerçəyə çevirəcək siyasi varisin hazırlanmasını!

Bugünkü uğur və qələbələrimiz həm də bu iki möhtəşəm təməl üzərində qərar tutub!

***

Biz bu gün qalib xalq və qalib dövlətik!

Bizi bu qələbəyə, bu bəxtəvərliyə Müzəffər Ali Baş Komandan İlham Əliyev çatdırdı!

Biz bu gün güclüyük, söz sahibiyik, dediklərimizi həyata keçirə bilirik!

Bu qüdrəti də bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev verib!

Biz bu gün heç kimdən qorxmuruq, çəkinmirik, gələcəyə inamla, sevinclə baxır, istədiyimizə nail oluruq!

Bu gerçəyi, yeni reallığı da Müzəffər Ali Baş Komandan İlham Əliyev yaradıb!

Biz bu gün  hansı dövlətlərin, kimlərin Ermənistana necə və hansı vasitələrlə köməyini açıq şəkildə görürük.

İşğal dövründə isə bütün bunlar üstüörtülü formada, beynəlxalq qurum və təşkilatların əli ilə edilirdi.

Baş verənlər, hadisələrin indiki gedişi, müharibədən sonra gördüklərimiz, eşitdiklərimiz və öyrəndiklərimiz isə göstərir ki, bütün bu olanları, həqiqətləri İlham Əliyev aydın şəkildə görür, bilir və onları qabaqlamaq, zərərsizləşdirmək üçün lazımi məqamda zəruri addımları atırmış!

Hələ bundan sonra olacaqlar da, üstəlik, onları xeyrimizə yönəltmək, uğura çevirmək üçün baş verəcəklər də Prezident İlham Əliyevə məlumdur və preventiv addımlarını atmaqdadır!

***

Havadarlarına arxalanan, cəzasız qaldığına əmin olan Ermənistan quduraraq  cızığından çıxdı.

Yeni hakimiyyətə gələn sorosçu baş nazir N.Paşinyan isə "Qarabağ Ermənistandır nöqtə" deyərək sülh danışıqlarının mənasızlığını bəyan etdi!

Həm də Azərbaycanın səbir-kasasını daşdırdı!

Ermənistanın azğınlaşmış, təxribatçı əməllərinə cavab vermək, torpaqları işğaldan azad etmək üçün cənab İlham Əliyev "İrəli!" əmrini verdi!

Beləliklə, İkinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi başladı!

***

44 gün davam edən hərbi əməliyyatlar dövründə  Azərbaycan Ordusunun şücaət və qəhrəmanlığı, tətbiq olunan strategiya və taktika, işlədilən silahlar, düşmənə endirilən sarsıdıcı zərbələr, bir zamanlar özünü "məğlubedilməz ordu" adlandıranların ilk həmlələrdə qorxaqcasına döyüş meydanlarından qaçması, qorxaqlar, fərarilər yığnağına çevrilməsi, Paşinyanın İlham Əliyevə dayanmadan minnətçilik zənglərini təşkil etməsi, Şuşa kimi qala şəhərinin əlbəyaxa döyüşdə geri qaytarılması, Ağdam, Laçın və Kəlbəcərin döyüşsüz təslim edilməsi ordumuzun gücündən və qüdrətindən, habelə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müharibəyə uzun müddət, diqqətlə, uzaqgörənliklə hazırlaşaraq bütün məqamları nəzərə almasından, ən nəhayət,  vədəsində gərəkli addımlar atmasından xəbər verir!

Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə düşmənin başını əzdi, onu qarşısında diz çökdürdü, kapitulyasiya aktını imzalatdırdı!

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə Ermənistana qalib gəlmədi.

Eyni zamanda:

* Ermənistanın havadarlarını və müdafiəçilərini;

* Ona gizli və aşkar dəstək verənləri;

* "Bacı"larını və "din ayrı qardaşları"nı;

* Dünyanın müxtəlif ölkələrindəki erməni lobbilərini;

* Bir sıra ölkələrin senat və parlamentlərində oturaraq müəyyən muzd hesabına erməni maraqlarını durmadan müdafiə edənləri;

* Bütövlükdə "dünya erməniliyi" adlı böyük qüvvəni acınacaqlı məğlubiyyətə uğratdı!

Belə qollu-budaqlı, köklü-rişəli düşməni qısa bir müddətdə darmadağın etmək elə asan və sadə iş deyildi!

Bu tarixi savaşa Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun müddət, hərtərəfli və diqqətlə hazırlaşmışdı.

Ən əsası, vaxtında qabaqlayıcı, hadisələri önləyəcək  addımlar atmışdı.

Həm də Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən.

* Belə ki, daim müstəqil, yalnız xalqın və dövlətin maraqlarına xidmət edən siyasət yürütmüş;

* Azərbaycanı heç kəsdən asılı olmayan qüdrətli dövlətə çevirmiş;

* Kimsəyə boyun əyməyərək bütün problemləri öz gücü, öz imkanları hesabına həll etmişdir!

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə daim ölkəmizə etibarlı dostlar qazandırmışdır.

* Karbohidrogen ehtiyatlardan səmərəli və uzaqgörənliklə istifadə etmiş;

* Tərəfdaşları ilə açıq, səmimi olmuş, qarşılıqlı maraqları daim nəzərə almış;

* Çətin vəziyyətə düşən dost dövlətləri tək qoymamış, təmənnasız əl uzadaraq mərdcəsinə kömək göstərmiş;

* Sözünün üstündə duraraq dediyini etmişdir.

***

Prezident İlham Əliyevin çox az qisim dövlət başçılarında təsadüf olunan siyasi uzaqgörənliyi və rəhbər fəhmi vardır!

Bu gün hamıya əyan olanları İlham Əliyev hələ 15-20 il öncə duyaraq indi yerinə düşən, gərəkli olan və başqalarını qabaqlamağa imkan verən zəruri addımlar atmışdır.

MƏSƏLƏN:

* Tikintisinə illər tələb olunan "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri işə salınmış;

* "Cənub qaz dəhlizi" çox gərəkli vaxtda fəaliyyətə başlamış;

* Azərbaycan logistika mərkəzinə çevrilmiş, Xəzərdə ən böyük mülki donanma yaradılmış;

* Ordu XXI əsrin ən yeni müharibəsinə hazırlanmış, ən yeni texnologiyaya əsaslanan silahlarla silahlandırılmış;

* Fəal diplomatik iş aparılaraq beynəlxalq təşkilatlarda düşmənin və havadarlarının məkrli əməllərinin qarşısı ustalıqla alınmış;

* Hər zaman düşməndən və hadisələrdən bir neçə addım qabaqda olduğunu dəfələrlə əyani şəkildə sübut etmişdir!

***

Preventiv addımlar sayəsində cənab İlham Əliyev düşməni çaş-baş vəziyyətinə salmağı, beləliklə, kobud səhvlər buraxmağa vadar etməyi də bacarır.

Ermənilər otuz il ərzində möhkəm müdafiə qurğuları və istehkamlar yaradaraq bizimlə ötən əsrin 90-cı illərinin müharibəsinə hazırlaşmışdılar və bu dəfə də qalib gələcəklərinə əmin idilər!

* Müzəffər Ali Baş Komandan İlham Əliyev XXI əsrin ən yeni, nümunəvi müharibəsini apardı, düşmənin başına göydən od yağdırdı!

* Ən möhkəm müdafiə sistemi  və əlverişli təbii relyefi olan Ağdam, Laçın və Kəlbəcər rayonları bu uzaqgörənlik sayəsində  bir güllə atılmadan geri qaytarıldı!

* Xankəndiyə hərbi əməliyyatlarla girməmək düşmənin "soyqırımı" şivəninin qarşısını almağa, ölkəmizə ədalətsiz sanksiyaların tətbiqinə yol verməməyə səbəb oldu!

* İlham Əliyevin eyni zamanda üç cəbhədə - hərbi, diplomatiya və informasiya cəbhələrində qətiyyət və məharətlə çarpışaraq qalib gəlməsi postmüharibə dövründəki işlərin uğurunu təmin etməyin, erməni məkrinin qarşısını almağın təminatına çevrildi!

***

Önləyici, orijinal və gözlənilməz addımların zamanında atılması, əslində, təkcə düşməni deyil, onun havadarlarını da qabaqlamağa imkan vermişdir.

Cənab İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi dövründə davamlı humanist və ədalətli yanaşmalar nümayiş etdirməsi, inkişaf etməkdə olan dövlətlərin maraqlarına xidmət edən qərarlar qəbul etməsi BMT-dən sonra ikinci böyük təşkilat sayılan bu qurumu Azərbaycana dost etmişdir.

Nəticədə müharibə davam edən müddətdə Ermənistanın "böyük bacısı" Fransanın BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamə qəbulunun qarşısını Qoşulmama Hərəkatındakı dostlarımız qətiyyətlə aldılar.

Yaxud Frankofoniya təşkilatında yenə də Fransanın əleyhimizə sənəd qəbuluna bu qurumdakı dostlarımız yol vermədilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyev vədəsində ATƏT-in Minsk qrupunu oyun meydançasından kənarlaşdırdı, "status" məsələsini cəhənnəmə göndərdi, Fransanın birtərəfli mövqeyini, qərəzli addımlarını ifşa etməklə danışıqlara vasitəçilikdən uzaqlaşdırdı.

***

Biz bu gün də Prezidentimizin hazırkı dövr üçün gərəkli, üstəlik, sabaha hesablanmış addımlarının şahidi oluruq.

Məsələn, vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəalların ekoloji cinayətə və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı dinc formada etiraz aksiyası məkrli düşmənə qarşı sivil mübarizənin ən uğurlu formasına çevrilmişdir.

Əslində, silahsız Azərbaycan gəncləri düşmənlərə və düşmən niyyətlilərə xidmət edən Laçın dəhlizini əliyalın formada nəzarətə götürmüşlər.

Dünya mətbuatı ilə əməkdaşlıq, tanınmış siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, bloqçuların vaxtaşırı Azərbaycana dəvət edilərək erməni vəhşiliklərini gözləri ilə görmələrinə şərait yaradılması, dünya ağıl mərkəzləri rəhbərləri və nümayəndələri ilə hər il ADA Universitetində keçirilən görüşlər və saatlarla davam edən sual-cavab, fikir mübadiləsi erməni şər və böhtanlarının qarşısının irəlicədən alınmasına xidmət edir.

***

Hal-hazırda atılan, lakin gələcəyə hesablanan addım və tədbirlərin də şahidiyik.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi açılacaq: ermənilər istəsələr də, istəməsələr də!

Artıq Ermənistanda hamı bilir ki, bu belə də olacaqdır!

Sadəcə İlham Əliyev dəmir yolunun çəkilməsi və yol infrastrukturunun qurulub qurtarmasını gözləyir!

Azərbaycan Üçüncü Qarabağ müharibəsinin baş verməsini istəmir!

Lakin yenə də hərbiyə ən çox vəsait ayırır!

Orduda islahatlar, silahlanma davam edir!

Komando qüvvələrinin, xüsusi təyinatlıların yeni dəstələri yetişdirilir.

Müdafiə sənayemiz yeni növ silahların istehsalını, hətta xarici ölkələrə satışını qaydaya salır.

Sistemli və davamlı şəkildə hərbi təlimlər keçirilir, orduda döyüş qabiliyyəti və qələbə ruhu yüksək səviyyədə saxlanılır.

Qərbi Azərbaycan İcması əzəli torpaqlarına qayıtmağa hazırlaşır, bu istiqamətdə fəaliyyətlərini gücləndirir və sürətləndirir!

Qarabağda da bərpa və quruculuq işləri bir an belə dayanmır. Böyük qayıdışa ciddi və sürətli hazırlıq aparılır!

Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik əlaqələri uğurla davam edir!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim dediyini edir!

Bunu təkcə Azərbaycan xalqı, düşmən Ermənistan deyil, bütün dünya bilir!

İlham Əliyev bəyan edibsə, deməli:

* Ermənistan ərazi bütövlüyümüzü tanıyaraq sülh müqaviləsini imzalayacaq;

* Qarabağdakı ermənilər ya bizim vətəndaşlığımızı qəbul edəcək, ya da ərazimizi tərk edəcək;

* Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq;

* Böyük qayıdış uğurla reallaşacaq;

* Qərbi azərbaycanlılar da doğma yurdlarına dönəcəklər!

Əslində, hər şey Azərbaycan Prezidentinin dediyi kimi olacaqdır!

Çünki o, əvvəlcə ölçüb-biçir, sonra qabaqlayıcı və gərəkli addımlar atır, xalqına və dövlətinə güvənərək dediyini edir!

İlham Əliyev arzuları gerçəkləşdirməyi, yeni reallıqlar yaratmağı məharətlə bacardığını dəfələrlə sübut edib!

Bizə isə onun - deməli həm də özümüzün və xalqımızın qələbəsini görmək, xoş günlərə sevinmək, daim Prezidentimizin ətrafında sıx, yumruq kimi birləşmək qalır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video