Bunun üçün yeni yataqlar işlənir və layihələr icra edilir
Neft-qaz hasilatının ölkəmizin ümumi iqtisadi inkişaf templərinə hansı dərəcədə təsir göstərdiyi şərhə, təhlilə ehtiyacı olmayan məsələdir. Son üç onillik ərzində karbohidrogenlərin hasilatından və satışından əldə olunan gəlirlərlə nələrə nail olduğumuz göz qabağındadır. Lakin son illər neft hasilatının azalması müşahidə edilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yaranmış vəziyyətə münasibətini bildirmişdir.
Dövlətimizin başçısı iqtisadi məsələlərə həsr olunmuş müşavirədə demişdir: "Onu da bildirməliyəm ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var".
Hasilatın artmasına keçən ilin aprel ayından neft verməyə başlayan "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi də kömək edəcək. Platformada hazırda bir quyudan gündə təxminən 8 min barel neft hasil olunur. Bu ilin sonuna kimi daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
Yeri gəlmişkən, qeyd edək ki, ACE-dəki müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir. Platformanın təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2050-ci ilədək uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
Daha bir perspektivli layihə barədə. Keçən ay SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) BP, MOL, INPEX, "Equinor", "ExxonMobil", TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə AÇG yataqlar bloku üzrə mövcud HPBS-yə yeni bir əlavə edildiyi barədə sənəd imzalayıb. Bu əlavə ilə tərəflərə AÇG yataqlarının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. Ehtiyatların isə xeyli iri həcmlərdə - 4 trilyon kubfutadək olduğu düşünülür.
Xatırladaq ki, imzalanan yeni sənəd mövcud HPBS-nin müddəti bitənədək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var. İnvestisiyaların həcmi ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsindən asılı olacaq. Qeyd edək ki, STQ hazırda hasilatda olan neft laylarının altında və üstündə olan çoxsaylı geoloji formasiyalardan ibarətdir. Bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdir. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiq aralığında əhəmiyyətli təbii qaz ehtiyatlarının olduğunu təsdiqləmişdir.
Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti tədbirləri planlaşdırırlar. Bu fəaliyyətlər çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Quyu mühüm əhəmiyyət daşıyır, çünki hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək. Bunun əsasında isə gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu "Qərbi Çıraq" platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir. İlkin quyudan hasil ediləcək bütün qazın alıcısının SOCAR olacağı barədə razılıq əldə edilib.
Keçən ay Bakıda BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu da imzalanıb.
Birinci blok Bakıdan 120 kilometr şərqdə, "Günəşli" yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 faiz iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 kilometr şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 faizinə malikdir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu iki blokun işlənməsi və kəşfiyyatında iştirakın mümkün sinerjilər vasitəsilə layihələrin irəliləyişini sürətləndirə biləcəyinə inam ifadə edib: "Biz birlikdə bu blokların işlənmə variantlarını müəyyənləşdirərkən elə ssenarilər ola bilər ki, onlar bu regionda əməliyyatçısı olduğumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradar. Bu həm də hər iki layihəyə BP-nin qlobal təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və maliyyə resurslarına çıxışı təmin edərdi. Bu əhəmiyyətli biznes imkanının həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-ın dəstəyinə inanırıq".
SOCAR və BP keçən ay enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu imzaladıqlarını da elan ediblər. Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcəklər. Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.
Bunlar ümid verən, perspektiv vəd edən layihələrdən yalnız bir neçəsidir.
Prezident İlham Əliyev icra edilməkdə olan bu və digər işlərin nəticəsinə inam ifadə edərək demişdir: "Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".
Flora SADIQLI,
"Azərbaycan"