Prezident İlham Əliyevin G20 Liderlər Sammitinə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin göstəricisidir. Bu, Azərbaycanın qlobal iqtisadi və siyasi proseslərdə iştirak imkanlarının genişləndiyini nümayiş etdirir.
Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında diqqətə çatdırdı ki, G20 dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən ən mühüm beynəlxalq əməkdaşlıq platformalarından biridir. Buraya dünyanın ən böyük iqtisadiyyatlarına malik dövlətlərlə yanaşı, Avropa İttifaqı və Afrika İttifaqı da daxildir. G20 iştirakçılarının dünya ümumi daxili məhsulunun təxminən 85 faizini, dünya əhalisinin isə təqribən üçdə ikisini təmsil etməsi bu platformanın qlobal miqyasını aydın göstərir. “G20-nin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada dünya iqtisadiyyatının gələcəyi, maliyyə sabitliyi, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, ərzaq təminatı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və digər strateji məsələlər müzakirə olunur. Burada formalaşan razılaşmaların və siyasi mövqelərin dünya iqtisadiyyatına, maliyyə bazarlarına və beynəlxalq münasibətlərə ciddi təsiri olur”, – deyə o əlavə etdi.
Deputat bildirdi ki, Azərbaycan G20-nin daimi üzvü olmasa da, bu platforma ilə əməkdaşlıq təcrübəsinə malikdir. Müxtəlif ilərdə ölkəmiz ev sahibi dövlətin dəvəti ilə sammit və nazir səviyyəli toplantılarda iştirak edib. Bu platformada təmsil olunmaq rəsmi Bakıya milli maraqlarımızı beynəlxalq səviyyədə ifadə etmək və yeni əməkdaşlıq istiqamətlərini müzakirə etmək imkanı verir.
K.Nurullayeva vurğuladı ki, Azərbaycanın beynəlxalq əhəmiyyətini şərtləndirən bir sıra amillər mövcuddur: “Ölkəmiz Xəzər hövzəsinin mühüm enerji təchizatçılarından biridir. Eyni zamanda, Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm mövqeyə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolunu artırır. Enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələri və regional bağlantılar G20 sammitinin gündəliyi ilə birbaşa əlaqəlidir. Bu baxımdan, Azərbaycanın təcrübəsi və mövqeyi beynəlxalq müzakirələrə əlavə töhfədir”.
Deputat bildirdi ki, digər mühüm məsələ investisiya imkanlarıdır. G20 sammiti çərçivəsində aparılacaq ikitərəfli görüşlər ölkəmizə yeni sərmayələrin cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində tərəfdaşlıqların genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”