Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Mərkəzi Asiya dövlət başçıları ilə keçirilən görüşlər Türk dünyasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində türk dövlətləri arasında qarşılıqlı etimad və strateji tərəfdaşlıq yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyevin Qırğızıstana səfəri də bu siyasətin məntiqi davamı olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın institusional əsaslarının daha da möhkəmlənməsinə xidmət edir.
Bilal Dündar qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də bütövlükdə Türk dünyasının ortaq maraqlarına xidmət edən strateji layihələrin inkişafına töhfə verir. Onun fikrincə, nəqliyyat dəhlizləri, logistika, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və investisiya sahələrində birgə fəaliyyət türk dövlətlərinin iqtisadi inteqrasiyasını sürətləndirən əsas amillərdəndir.
Ekspert vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi və Xəzər regionunda formalaşan yeni əməkdaşlıq platformaları türk dövlətlərinin Avropa ilə Asiya arasında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfəri regional əlaqələrin genişlənməsinə və ortaq iqtisadi məkanın formalaşdırılmasına əlavə impuls verir.
Bilal Dündarın sözlərinə görə, dövlət başçısının səfəri zamanı verilən mesajlar göstərir ki, Türk dünyasının gələcəyi yalnız iqtisadi əməkdaşlıqla deyil, eyni zamanda, ortaq tarix, mədəniyyət, təhsil və gənclər siyasəti istiqamətində əlaqələrin inkişafı ilə də sıx bağlıdır. Bu yanaşma gələcək nəsillər arasında həmrəyliyin möhkəmlənməsinə və türk dövlətlərinin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə mühüm töhfə verəcək.
Siyasi ekspert əlavə edib ki, Azərbaycanın təşəbbüskar və etibarlı tərəfdaş kimi nümayiş etdirdiyi mövqe Türk dünyasında qarşılıqlı etimadı daha da artırır və Prezident İlham Əliyevin Qırğızıstana səfəri bu istiqamətdə yeni imkanlar açan mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.