13 May 2024 10:59
3642
Qəbullar
A- A+

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirdi, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırlatdı.

Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd etdi, bunun özünü xüsusilə COVID19 pandemiyası zamanı göstərdiyini vurğuladı. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd etdi. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırdı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğuladı. Pandemiya dövründə COVID19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.

Azərbaycan Prezidenti ölkəmizin Hərəkata sədrliyi dövründə qazandığı beynəlxalq təcrübədən iqlim dəyişikliyi ilə bağlı istifadə edəcəyini, bu məsələdə də səylərini davam etdirəcəyini dedi, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ədalətli yanaşmanı nümayiş etdirəcəyini bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, dünya ictimaiyyətinin yekdil dəstəyi ilə ölkəmizin COP29-a sədrlik etməsi və bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın Qoşulmama Hərəkatının “sədrlik üçlüyündə” yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də “üçlük” mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.

Qonaq Millətlər Birliyi təşkilatının üzvlərinin 33-nün məhz kiçik ada dövlətləri olduğunu deyərək, həmin ölkələrin iqlim dəyişikliklərinin mənfi fəsadlarına ən çox məruz qalan, hətta iqlim dəyişikliklərinə görə mövcudluqları sual altında olan dövlətlər olduğunu vurğuladı.

Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video