25 Yanvar 2023 22:22
483
PARLAMENT
A- A+

Parlamentin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

 

Yanvarın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Zahid Oruc deputatlara qarşıdan gələn sessiyada uğurlar diləyib və gündəlik barədə məlumat verib. O bildirib ki, gündəliyə Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı və 2 qanun layihəsi daxil edilib.

Əvvəlcə komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı müzakirə edilib.

Komitə sədri bildirib ki, hesabat dövründə İnsan hüquqları komitəsinin 12 iclası keçirilib. İclaslarda 18 məsələyə, o cümlədən 6 qanun layihəsinə baxılıb. Komitə sədri baxılan qanun layihələri barədə qısa məlumat verib, “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisin sədri Sahibə Qafarovanın dəstəyi ilə geniş ictimai dinləmələrdən və müzakirələrdən keçdiyini xüsusi vurğulayıb.

İnsan hüquqları komitəsinin qarşıdakı sessiya üçün iş planı barədə məlumat verən komitə sədri Zahid Oruc bildirib ki, daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Komitə sədri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının, ekoloji hüquqlarının, Qərbi azərbaycanlıların deportasiyası və onların hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda qaldırılması, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın və reinteqrasiyanın hüquqi tənzimlənməsi kimi mövzularda dinləmə, konfrans və müzakirələrin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Gündəlikdəki qanun layihələri - “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, ”Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında bildirilib ki, sənədlər uyğunlaşdırma xarakterlidir və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Müzakirələrdə İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Naqif Həmzəyev, Jalə Əhmədova, Elşad Mirbəşiroğlu və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.

Deputatlar ötən payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, qarşıdakı sessiyada komitənin görəcəyi işlər, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı fikirlərinin bildiriblər, insan hüquqlarının qorunmasının aktual məsələləri barədə qeydlərini və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihələri isə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video