Vəkillər Kollegiyası (VK) 2025-ci il üzrə fəaliyyəti barədə hesabatını açıqlayıb.
Hesabatda bildirilib ki, son illərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da davamlı inkişaf yolunu tutub. Bu istiqamətdə ardıcıl və əsaslı tədbirlər həyata keçirilib ki, görülən işlərin nəticəsində ölkəmizdə vəkillik institutunun sürətli inkişafı təmin olunub. Vəkil korpusunun güclənməsi, vəkil qurumlarının və üzvlərinin sayının artması, habelə vəkillik peşəsinin nüfuzunun yüksəlməsi bu islahatların mühüm nəticələrindəndir.
Qeyd edilib ki, ötən ildə də VK bir sıra beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, imtahanlar, ixtisasartırma təlimləri keçirib, hüquqi maarifləndirmə işlərini genişləndirib, vəkillərin sayı daha da artıb. Bununla yanaşı, vəkillik fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb.
2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı təşkil olunub. Ötən il iyulun 6-dan noyabrın 28-dək keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. İl ərzində isə 347 nəfər and içərək kollegiyanın üzvlüyünə qəbul olunub.
Nəticə etibarilə, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2836 nəfərə çatıb. Onlardan 2203-ü (77,68 faiz) kişi, 633-ü (22,32 faiz) qadındır. Həmin vəkillərdən 2314-ü (81,59 faiz) Bakıda, 522-si (18,41 faiz) regionlarda fəaliyyət göstərirlər.
Həmçinin kollegiyada 400-dən çox vəkil köməkçiləri fəaliyyət göstərir.
Bildirilib ki, 2018-2025-ci illərdə VK üzvlüyünə qəbul olunan 2156 şəxs müxtəlif dövlət və özəl qurumlarda fəaliyyət göstərib.