KOSMİK Akademiyanın uğuru, “AIREX 26” sərgisinin sorağı, “İstisu”yun Şanxay səfəri
Həftənin ilk günü Bakıda Milli Süni İntellekt Mərkəzi ilə ABŞ-nin Nyu York Dövlət Universitetinin Buffalo kampusunun İdarəetmə Məktəbinin əməkdaşlığı çərçivəsində beynəlxalq praktiki təlim proqramı keçirilib. İki günlük proqramda dövlət və özəl sektoru təmsil edən 180-dən çox rəhbər və mütəxəssis iştirak edib.
***
Məlumdur ki, sosial məsuliyyət və qadınların müdafiəsinə yönələn təşəbbüslər beynəlxalq səviyyədə diqqət qazanır. Bu istiqamətdə həyata keçirilən layihələr cəmiyyətin diqqətini vacib sosial problemlərə yönəldir ki, bu da beynəlxalq platformalarda təqdir olunur. “Azercell”in zorakılıqla üzləşən və ya risk altında olan qadınlara dəstək məqsədi daşıyan “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq yaradıcılıq festivalında ümumilikdə beş mükafata layiq görülüb.
Daşkənddə keçirilən “TAF!26” festivalında layihə bir qızıl və iki gümüş, Batumidə təşkil olunan “Ad Black Sea” festivalında isə gümüş və bürünc mükafat qazanıb. Mükafatlar təşəbbüsün sosial təsirini, kreativ strategiyasını və yaradıcı həllərini əhatə edib.
***
Həftənin bənzər hadisələrindən biri də budur: kosmik sahədə beynəlxalq əməkdaşlıq və təhsil imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri beynəlxalq mükafatla qiymətləndirilib. “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya kosmik təhsilin və insan kapitalının inkişafına verdiyi töhfələrə görə “APRSAF Kosmik Nailiyyət Mükafatı”na layiq görülüb.
Mükafat noyabrın 3-də Tailandın Banqkok şəhərində Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun 32-ci sessiyası çərçivəsində təqdim olunub. Qeyd edək ki, KOSMİK Akademiya 2024-cü ildən forumun dörd beynəlxalq kosmik təhsil layihəsində Azərbaycanın iştirakını təmin edir. Bu təşəbbüslər gənclərin kosmik elmlərə marağının artırılmasına, praktiki bilik və bacarıqlarının inkişafına xidmət edir.
***
Daşınmaz əmlak, memarlıq və tikinti sektorunda yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi - “AIREX 2026” ötən həftə diqqət mərkəzində olub. “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 47 yerli və 14 xarici şirkət olmaqla ümumilikdə 61 şirkət iştirak edib.
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda təşkil olunan sərgi əmlak bazarının iştirakçılarını, investorları və sektorun peşəkarlarını bir araya gətirərək yeni əməkdaşlıq imkanları və təcrübə mübadiləsi üçün platforma yaradır.
***
Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi və ixracın artırılması istiqamətində də işlər davam edib. Noyabrın 6-da Şanxayda keçirilən 9-cu Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” brendi ilə 12 yerli şirkətin və “İstisu” mineral su zavodunun məhsulları nümayiş olunub. Sərgidə Azərbaycanın iqtisadi, turizm və investisiya imkanları da təqdim edilib.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti Bişkekdə SPECA çərçivəsində keçirilən iqtisadi forumda və rəhbər qurumların iclaslarında iştirak edib. Tədbirlərdə regional ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər dəhlizinin inkişafı və gömrük prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub. İnvestisiya imkanları və region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi də diqqətdən kənarda qalmayıb.
***
Aqrar sahədə fermerlərin dövlət dəstəyi imkanlarından yararlanması və keyfiyyətli toxumla təminatı istiqamətində Yevlax rayonunda maarifləndirici tədbir və sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi panel müzakirəsində fermerlərə subsidiya, sığorta, güzəştli kreditlər, sertifikatlı toxumlarla təminat və toxumçuluq sahəsindəki yeniliklər barədə məlumat verilib.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”