İrandakı müharibədən sonra neft və qaz qiymətlərinin kəskin artması insanları qalıq yanacaqlardan başqa alternativlərə yönəlməyə təşviq edib. Bu da cari ildə iqlimə zərər vuran karbon emissiyalarının azalmasına gətirib çıxarıb.
Alimlərin apardığı əhatəli qiymətləndirməyə və ilin indiyədək olan dövrünə dair məlumatlara əsasən, neft, qaz və kömürdən yaranan karbon qazı emissiyalarının 2026-cı ildə sabit qalacağı (artmayacağı) proqnozlaşdırılır. Sürücülərin yanacaq sərfiyyatına qənaət etməsi və bunun əvəzinə elektrikli nəqliyyat vasitələrinə üz tutması səbəbindən, təkcə neftin yandırılmasından yaranan emissiyalar 2% azalacaq. Bildirilib ki, 2026-cı ildə qalıq yanacaqlardan yaranan emissiyaların həcmi ötən illə müqayisədə təxminən 0,4% azalacaq.
Builki cüzi azalma müvəqqəti ola bilər və Cənub-Şərqi Asiyada baş verən böyük yanğınlardan sonra meşələrin qırılması və torpaq istifadəsindəki dəyişikliklərdən yaranan artan emissiyalar və istifadəsiz torpaqların kənd təsərrüfatına çevrilməsi ilə kompensasiya olunur.
Hindistanda kömürün intensiv şəkildə genişlənməsi, neft qiymətlərinin aşağı düşməsi və ABŞ Prezidenti Donald Trampın fosil yanacaqlara olan marağı da daxil olmaqla, bir çox amillər fosil yanacaqlardan emissiyaların yavaşlamasının kövrək tendensiyasını poza bilər. Hesabat müəllifləri bildiriblər ki, illik emissiyaların daimi azaldılması üçün bərpa olunan enerjiyə və elektrikli nəqliyyat vasitələri kimi aşağı karbonlu texnologiyalara daha çox investisiya qoyulması tələb olunacaq.
Dünyanın müxtəlif ölkələrindəki çoxsaylı universitet və elmi qurumlardan olan alimlərin hazırladığı və “Earth System Science Data” jurnalında dərc olunan illik “Qlobal Karbon Büdcəsi” (Global Carbon Budget) hesabatına əsasən, bu il təxminən 38,2 milyard ton CO2 emissiyası baş verəcək.
Meşələrin qırılması və torpaqların kənd təsərrüfatı məqsədilə istifadəyə verilməsi nəticəsində yaranan emissiyalar bu il artıb. Bu da ümumi karbon emissiyalarının bir qədər yüksəlməsinə səbəb olub. Ötən il 42,8 milyard ton olan göstəricinin 2026-cı ildə 43,3 milyard tona çatacağı proqnozlaşdırılır.
Alimlər xəbərdarlıq edirlər ki, dünyanın mövcud “karbon büdcəsi”, yəni qlobal istiləşmənin sənayeləşmədən əvvəlki səviyyədən 1,5°C-dən yuxarı qalxıb orada daimi olaraq qalması ehtimalına qədər atmosferə buraxıla biləcək karbon miqdarı təxminən 150 milyard tondur. Bu isə mövcud templə davam edərsə, dörd ildən də az müddətə bərabərdir.
Artıq iki ildən çoxdur ki, temperatur 1,5°C həddini keçib. Üstəlik, “El-Ninyo” hadisəsi dəniz və hava temperaturlarını daha da yüksəldir. Əgər temperaturun 1,5°C həddini aşması hallarını məhdudlaşdırmaq şansı olacaqsa, qlobal emissiyalar ən qısa zamanda pik həddə çatmalı və sonrakı illərdə sürətlə azalmalıdır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”