Böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin haqq dünyasına qovuşmağından səkkiz il ötür. Azərbaycan və dünya elminin tarixində özünəməxsus iz qoyub getmiş, bütün həyatı alimlik, müəllimlik və insanlıq nümunəsi olan bu fenomenal şəxsiyyətin itkisi, bu itkidən yaranmış boşluq hər gün hiss olunur.
Sanki Tanrı akademik Cəlal Əliyevin üzərinə bir alim və vətəndaş kimi elmin təmizliyi və elmi həqiqətin təntənəsi naminə haqq carçısı olmaq, özündən sonra yaşamını və parlaq əməllərini davam etdirəcək böyük bir elmi məktəb yaratmaq, Azərbaycan elmini, Azərbaycan idrakını, xalqımızın zəkasını bütün dünyada tanıtmaq, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərmək missiyası qoymuşdu.
Bu gün Azərbaycan dövləti tarixinin ən möhtəşəm dövrünü yaşayır. Növbəti prezident seçkilərinə hazırlaşan müstəqil ölkəmizdə dayanıqlı inkişaf və tərəqqi dönməz xarakter almışdır. Azərbaycanı yüksək inkişaf etmiş ölkələrin sırasına daşıyacaq yeni mərhələ hər bir vətəndaşa dünya miqyasında rifah və təhlükəsizlik standartları, davamlı sülh və əmin-amanlıq vəd edir. Şəksiz bir həqiqətdir ki, bu uğurların əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş və reallaşdırılmış milli qurtuluş konsepsiyası dayanır. Ümummilli Liderin 1980-1990-cı illərdə Azərbaycan uğrunda apardığı mücadilənin ön sıralarında yer almış şəxslərdən biri olmuş akademik Cəlal Əliyevin müasir Azərbaycan elminin inkişafında xidmətləri danılmazdır. Elmdə və elmə münasibətdə daim həqiqət axtaran Cəlal Əliyev bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşmiş, lakin şəxsi iradəsi və cəsarəti, daim haqqa, ədalətə tapınması sayəsində bütün çətinlik və bəlalardan üzüağ çıxmağa müvəffəq olmuşdur.
Bu gün Azərbaycan elm və təhsildə, yüksək texnologiyalara, süni intellektə və rəqəmsal idarəetməyə əsaslanan cəmiyyət quruculuğunda böyük uğurlara doğru iri addımlarla irəliləməkdədir. Bu sahədə, xüsusən biologiya elminin dünya reytinqlərində ön sıralara yüksəlişində, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində, biomüxtəlifliyin qorunmasında Cəlal Əliyevin dühasının, yaratdığı və xeyir-dua verdiyi böyük elmi məktəbin öz çəkisi, öz yeri, öz rolu vardır.
Bu böyük şəxsiyyətin elmi uzaqgörənliyi sayəsində Azərbaycanda biologiya elminin ən müasir istiqamətlərinin, o cümlədən fiziki-kimyəvi biologiyanı inkişaf etdirməklə molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyaları, riyazi biologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elm sahələrinin təşəkkülü və inkişafı yüksək şəkildə təmin edilmişdir. Xüsusi qeyd olunmalıdır ki, biologiyada inteqrativ, multidissiplinar yanaşmaların dünyada ilk təşəbbüskarlarından və təşkilatçılarından biri, bəlkə də birincisi məhz Cəlal Əliyev olmuşdur.
Keyfiyyətli insan kapitalının cəlb edilməsi ilə elmin inkişafı üçün atılması vacib olan addımlardan danışarkən, bu sahədə Azərbaycanda mövcud olmuş, unikallığı ilə seçilən təcrübəni xatırlatmaq lazımdır.
Heydər Əliyevin elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində akademik Cəlal Əliyev tərəfindən görülmüş işlər olduqca böyük dəyərə malikdir. Bu böyük elm ağsaqqalı və müəllim perspektivli, istedadlı gəncləri ətrafına toplayır, elmə fanatikcəsinə vurğunları həmişə qiymətləndirir, çətin anlarda onlara dayaq olaraq inamla irəli getmələri üçün zəmin yaradırdı. Onun ustad himayəsi, müəllim qayğısı və şəxsi təşəbbüsü ilə 300-ə yaxın gənc dissertasiya müdafiə edərək alim adı qazanmışdır. Cəlal müəllim onlardan 80-dən çoxunun namizədlik dissertasiyasının bilavasitə elmi rəhbəri, 12-nin doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Böyük alimin gərgin zəhməti sayəsində Azərbaycanda müxtəlif elm sahələri (kimya, fizika, riyaziyyat və s.) üzrə savadlı mütəxəssislərin biologiya və aqrar elmlərin ən müasir istiqamətləri üzrə tədqiqatlara cəlb olunması, kadrların hazırlanmasında keçmiş ittifaqın və uzaq xaricin tanınmış elm və təhsil mərkəzlərindən, görkəmli alimlərin elmi rəhbər kimi cəlb edilməsi təcrübəsindən istifadə edilməsi öz bəhrəsini vermişdir.
Hər hansı bir sahənin inkişafında başlıca nailiyyətlərin yalnız keyfiyyətli insan kapitalının düzgün seçilməsi və inkişafı ilə əldə edilə biləcəyini dahiyanə surətdə dərk edən akademik Cəlal Əliyevin yaratdığı və Azərbaycanda biologiya elminin əsas potensial qüvvəsini təşkil edən elmi məktəbinin nümayəndələri bu gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və onlarla digər qabaqcıl ölkənin tanınmış universitetlərində, elmi-tədqiqat müəssisələrində, beynəlxalq mərkəzlərdə çalışmaqla elmə ləyaqətlə xidmət edir, vətənimizə dünya səviyyəsində nüfuz qazandırırlar. Azərbaycanda biologiya elminin gələcək inkişafı çox cəhətdən bu adamlardan, onların Cəlal Əliyev yolunu davam etdirmək cəhdləri və bacarıqlarından, elmi və təşkilati cəhətdən məqsədyönlü yüksəlişlərindən, həmrəyliyindən və Azərbaycan elminin dünya elminə inteqrasiyasına göstərdikləri dəstəyin səviyyəsindən asılı olacaqdır.
Azərbaycan elmi tarixində ilk dəfə olaraq apardığı tədqiqatların əhəmiyyətli bir hissəsini yer üzərində həyatın əsasını təşkil edən, işığın enerjisini həyatın davamına yönəldən fotosintez prosesinin sirlərinin, nəzəri əsaslarının öyrənilməsinə həsr edərək özünün orijinal, fundamental tədqiqatları ilə bütün dünyada qəbul edilən ən mühüm elmi nailiyyətlərə imza atmış Cəlal Əliyev, əslində, ilahi nurun daşıyıcısı, işləri, əməlləri, yazıları, çıxışları, hər bir sözü isə bu nurun qaranlığı, nadanlığı, məchulluğu parçalayıb dağıdan şüaları olmuşdur.
Akademik Cəlal Əliyev fotosintez prosesinin müxtəlif tədqiqat istiqamətlərinin inteqrasiyası hesabına "yaxşı" fotosintez haqqında təsəvvür yaratmış, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması məsələlərini araşdırmışdır. O, dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan 40 illik təcrübələrlə sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Əminliklə demək olar ki, fototənəffüs prosesi ilə bağlı əldə etdiyi bu qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılmışdır.
Qeyd edək ki, fotosintez elminə verdiyi dəyərli töhfələr böyük alimə dünya şöhrəti qazandırmışdır. Beynəlxalq Fotosintez Cəmiyyətinin (ISPR) akademik Cəlal Əliyevin adına mükafat ("The Jalal Aliyev Lecture Award") və medal təsis etməsi bunun əyani sübutu olmaqla Azərbaycan elm tarixi üçün çox önəmli bir hadisə, xalqımız üçün qürurverici bir faktdır.
Akademik Cəlal Əliyevin bütün elmi fəaliyyəti Ulu Öndər Heydər Əliyevin "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə gətirə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur" kimi dahiyanə fikirlərinə əsas verir. Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində yeni elmi nəzəriyyənin formalaşdırılması akademik Cəlal Əliyevin mühüm xidmətlərindəndir və o, ilk dəfə təcrübi yolla yeni intensiv tipli sortların yaradılmasına və tətbiqinə imkan verən fundamental elmlə sahə tədqiqatlarının yeni formada vəhdətini, inteqrasiyasını yaratmışdır.
Alimin fundamental tədqiqatlarının nəticələri praktikada tətbiqini tapmaqla Azərbaycanda taxılçılığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəyərli töhfələr vermişdir. Fotosintez əlamətlərinin irsən keçməsinin, ümumiyyətlə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası "ideal" tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin seleksiyaçılarla genetiklərin, fizioloqların, kimyaçıların, fitopatoloqların, entomoloqların birgə fəaliyyəti çərçivəsində kompleks şəkildə həyata keçirilməsi onun adı ilə sıx bağlıdır.
Cəlal müəllimin ideal buğda konsepsiyasına uyğun olaraq, Azərbaycanın mürəkkəb torpaq-iqlim şəraitinə malik müxtəlif bölgələrinə uyğun yaratdığı sortlar yüksək məhsuldar, quraqlığa, aşağı və yuxarı temperatura, xəstəlik və zərərvericilərə davamlı, şoran torpaqlarda da nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik olmaqla ölkəmizin hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmış, beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə təqdir edilmişdir. Bu bir danılmaz həqiqətdir ki, son 50 il ərzində Cəlal Əliyevin yaratdığı buğda sortlarının unundan bişirilmiş çörəyin ətri Azərbaycanda, demək olar ki, hər ailəyə, hər evə daxil olaraq bərəkət və əmin-amanlıq simvoluna çevrilmişdir. Təsadüfi deyil ki, bu gün ölkədə ərzaqlıq buğda istehsalı ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasında akademik Cəlal Əliyev və davamçıları tərəfindən yaradılmış sortlar həlledici rol oynayır.
Akademik Cəlal Əliyevin respublikada biomüxtəlifliyin qorunub saxlanması və səmərəli istifadəsi sahəsində də xidmətləri böyük olmuşdur. Azərbaycanda "yaşıl inqilab"ın atası hesab edilən böyük alim biomüxtəlifliyə həm canlı həyatın davamı üçün yeganə vasitə, həm də seleksiya proqramlarında səmərəli istifadə üçün tükənməz gün mənbəyi kimi baxırdı.
Böyük alimin Azərbaycanın biomüxtəlifliyi sahəsində istiqamətverici fəaliyyəti, rəhbərliyi altında həyata keçirilmiş layihələr, vaxtilə yazı və çıxışlarında verdiyi tövsiyələr "Yaşıl dünya naminə həmrəylik ili"ndə xüsusilə aktuallıq kəsb edir. Azərbaycan təbiətinin, nadir və itməkdə olan növlərin bərpası və mühafizəsi, milli bitki və heyvan genefondunun qorunub saxlanması sahəsində son illərdə əldə edilmiş nailiyyətlərdə onun və tələbələrinin xidmətləri əvəzsizdir. Akademik Cəlal Əliyev 2013-cü ildə çap edilmiş Azərbaycan Respublikasının "Qırmızı kitab"ının II nəşrinin redaksiya heyətinə rəhbərlik etmiş, "Qırmızı kitab"ın 2023-cü ildə işıq üzü görmüş və Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş III nəşrinin hazırlanmasında isə onun davamçıları və elmi məktəbinin nümayəndələri həlledici rol oynamışlar.
2023-cü ildə Azərbaycanın elmi ictimaiyyəti və böyük alimin tələbələri tərəfindən akademik Cəlal Əliyevin anadan olmasının 95 illiyi qeyd edilmişdir. Hər zaman olduğu və özünün də vəsiyyət etdiyi kimi, yubiley tədbirləri elmi xarakter daşımışdır. 16 noyabr 2023-cü il tarixdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə "Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı" mövzusunda "Akademik Cəlal Əliyev qiraətləri" keçirilmişdir. Beynəlxalq iştirakla təşkil edilən bu mühüm elmi tədbirdə plenar məruzəçi fotosintez sahəsində dünyaşöhrətli alim, Beynəlxalq İpək Yolu Elmlər Akademiyasının Start Komitəsinin üzvü, Macarıstanın Elmlər Akademiyasının Bioloji Tədqiqat Mərkəzinin professoru, Çexiya Respublikasının Ostrava Universitetinin dəvətli professoru, Biofotonika R&D Ltd.-nin baş direktoru Gyozo Qarab olmuşdur.
Akademik Cəlal Əliyevin ideya və nəzəriyyələri, Azərbaycan və dünya elminə gətirdiyi yeniliklər, mühüm elmi nailiyyətlərı, onların əks olunduğu 800-ə qədər elmi əsər, o cümlədən 25 fundamental monoqrafiya və kitab, 20 müəlliflik şəhadətnaməsi, yadigarı olan Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, yaratdığı bitki sortları, daim təkamüldə olan elmi məktəbi Azərbaycan xalqının milli sərvətləridir. Əminliklə demək olar ki, bu sərvət nəinki heç vaxt tükənməyəcək, əksinə, zaman keçdikcə artacaq, genişlənəcək və bununla böyük alim, ictimai-siyasi xadim və müəllimin əziz xatirəsini əbədi yaşadacaqdır.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik