04 Sentyabr 2024 08:35
728
Mədəniyyət
A- A+
"Ölü" avtomobilləri necə "dirildirlər"?

"Ölü" avtomobilləri necə "dirildirlər"?

 

70-80 yaşlı avtomobillərə yeni həyat verən Elbrus Əliyevin emalatxanası həm də nostalgiya muzeyidir

 

Bura avtomobil "qəbiristanlığı" deyil, sovet avtomobil sənayesinin istehsal etdiyi, bir zamanlar ən dəbdə olan "retro avtomobillər"in yenidən həyata qaytarılması üçün növbə gözlədikləri Elbrus ustanın emalatxanasıdır...
Avtomobillər də sanki "canlı"dırlar. Daim hərəkətdə olurlar. Öz ömürlərini yaşayırlar. Bərkdən-boşdan keçirlər... Bəxti gətirənləri də olur, qara günə düşənləri də...
Yaxşı sahibkarın əlinə düşənlər sığal görürlər, qarşısına çıxdıqları insanların marağını cəlb edirlər...
Elə olub ki, bir gözəl qızın qarşısına çıxanda o avtomobili görərkən "kaş mən də belə bir maşında gəlin köçəydim" hisslərini yaşayanlar da az olmayıb.
Bəzən valideynlər ürəklərində arzu tutardılar ki, "övladıma toy edəndə gəlnimi "Volqa"da gətirim..."
"Bəxtəvər "filankəsin" başına, gəlnini "Volqa"da gətirdi" deyənlər də az olmayıb...
Vay o gündən ki, avtomobil naşı adamın əlinə düşə... 
Əyilirlər...
Sınırlar...
Sıradan çıxıb ömürlərini lap tez başa vuranlar da çox olub...
Uzunömürlüləri də olur...
Bəzən insanlar haqqında deyirlər ki, "filankəs" ikinci ömrünü yaşayır. Elbrus ustanın emalatxanasında ikinci həyatlarına vəsiqə almaq üçün növbə gözləyən maşınlara baxırıq... Əksəriyyətinin yaşı 70-i keçib, aralarında 80 yaşlılar da var...
Burada sovetin ilk avtomobillərindən olan "Moskviç 404" də var, 1941-1945-ci illər müharibəsində ən çox istifadə edilən "Komandir maşınları", "Villis" də alman faşizmi üzərində qələbənin şərəfinə istehsal olunmuş "Pobeda" da, ceyrangözlü "Qaz-21" də... sovet maşınlarının şahı olan "Qaz-24" də...

 

"Anadan usta doğulmuşam"

 

"Görünməyən qəhrəmanlar"ın bugünkü qəhrəmanı Bakıda "retro maşınlar"ın ən yaxşı təmirçi-restavratorlarından biri hesab olunan Elbrus Heydər oğlu Əliyevdir. Elbrus usta özü haqqında bunları deyir:
- 1971-ci ildə Gəncə şəhərində anadan olmuşam. Gözümü açandan özümü bu sənətin içində görmüşəm. Rəhmətlik Haqverdi dayım Gəncənin adlı-sanlı maşın ustalarından idi. Məni də sənətə o gətirib. "Retro" maşın həvəskarları Haqverdi ustanın yetişdirməsi olduğum üçün mənə daha çox müraciət edirlər... Arzu dayım da bu gün Gəncədə klassik maşın ustası kimi hörmət edilən sənətkarlardandır... Heç gizlətmirəm, bu sənət yaxşı pul gətirir. Bakıda bu işlə çox az usta məşğuldur. Maştağada Əlsahib, Şüvəlanda Rəşid usta bu sənətin peşəkarlarından hesab olunurlar... Onların yığdıqları maşınlar zavod maşınlarından qəti fərqlənmirlər... Hətta zavod istehsalından fərqli restavrasiya işləri də görürlər. Onda avtomobillər daha gözəl görünür. Mənim üçün bu sənət ailəmin dolanışıq yeri, həm də hobbimdir...

 

Həyata yeni vəsiqə alan avtomobillər...

 

- Bir də görürsən ki, evakuatorda 70-80 il bundan qabaq istehsal olunmuş çürük, üstündə yararlı bir hissəsi olmayan avtomobil gətirirlər. Bunlara "cənazə" deyirik. 
Elə avtomobil olur ki, üstündə bir ildən çox əziyyət çəkməli oluruq. İnsanlardan fərqli olaraq bura gələn "cənazə"lər birbaşa "cənnət"ə gedirlər... Tam təmir olunub, bəzədilib ikinci ömürlərini yaşayırlar... 
Özü də nə ömür? Çox istifadə olunmurlar. Bütün qalan ömürləri qulluq görür... İnsanların diqqətini çəkirlər. 
Həyat verdiyim avtomobillərdən sərgidə iştirak edənlər də çoxdur. Onları orada görəndə fərəhlənirəm... 

 

Arzuları kimi əməlləri də ayaq açıb yeriyir...

 

Elbrus Əliyev deyir ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxsin izlədikləri Bakıda klassik avtomobillərin yürüşündə və sərgisində həyat verdiyi avtomobilləri görəndə fərəhlənir. Deyir ki, "Elbrus, arzuların kimi əməllərin də ayaq açıb yeriyir".
Xatırladaq ki, bu günlərdə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunmuşdu. Sərgidə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edirdi. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də var idi. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edirdi. 
Elbrus usta deyir ki, yürüşdə əl işlərini görəndə çox sevinib. Bu sənəti bir növ loğmanın işinə bənzətmək olar. Loğmanlar, yaxşı həkimlər həyat verdikləri xəstənin normal həyatını, yaxşı bir işini görüb necə sevinirlərsə, o da ömrünü başa vurmuş maşını yenidən işə salanda elə sevinir.

 

Klassik maşınlara maraq artıb

 

Elbrus usta deyir ki, son vaxtlar klassik avtomobillərə maraq çox artıb. Bizə müraciət edən "retro avtomobil" həvəskarları əsasən avtomobillərin ilk sahibləri olmur. Bəzən elə olur ki, kimsə atasının, babasının yadigarı olan avtomobili təmir etdirib yadigar kimi saxlayır. Bəzən avtomobil kolleksionerləri köhnə maşınları alaraq onları yığdırıb kolleksiyalarını zənginləşdirirlər...
Son vaxtlar ən çox "Villis", "Qaz-21"  avtomobilləri və "Zim"lər dəbə düşüb. "Zim" çox az istehsal olunmuş avtomobillərdəndir. Bu maşınlar vaxtilə yüksəkvəzifəli partiya və hökumət işçilərinin istifadəsində olub. İndi elə avtomobil həvəskarları var ki "Zim", "Qaz-21" üçün istənilən məbləği verməyə hazırdırlar. 
Bu maşınları zavod qiymətindən çox baha alıb, restavrasiya etdirirlər. İnsan var ki, bu işin biznesi ilə məşğul olur. Klassik avtomobili yaxşı yığdırıb ağlagəlməz bir qiymətə klassik avtomobil həvəskarlarına satır...

 

Bu maşınlar sürmək üçün deyil

 

İndiyə kimi yenidən həyat verdiyi avtomobillər o qədər çoxdur ki, sayını itirib. Haradasa qarşısına çıxanda, rastlaşanda ikinci ömür verdiyi maşınları tanıyır. Elə olur ki, yaxınlaşıb baxır. Bəzən sahibindən icazə alıb onu işə salır, mühərrikinin səsinə də qulaq asır...
Bu maşınları uzaq məsafəyə sürmək üçün düzəltdirmirlər. Bunlar baxıb zövq almaq üçündür - belə söyləyir Elbrus usta. Əsasən klassik maşın həvəskarları bunları vaxtilə zavodun istehsalı olan detallarla yığdırmaq istəyirlər. Bəzən cüzi dəyişikliklər etdirənlər də olur. Sürət qutusunu müasirləşdirib yenisi ilə - "5 skorostla", mühərrikinin "Qaz-10"la əvəzlənməsini istəyirlər. Buna fərqli yanaşanlar da olur...
Avtomobili tamamilə yeniləyənlər də var. Onlar avtomobilin zahiri görkəmini saxlayıb salonunu əsasən "BMW"də olduğu kimi yığdırıb, motorunu "Mersedes" mühərriki ilə əvəzləyirlər. Bu cür müasirləşmələr əslində risklidir. Nə qədər hissələri yeniləsən də, zavod istehsalı olan detalı əvəz etmir. Avtomobillərin gücü, sürəti onun çəkisinə, eninə, uzununa görə tənzimlənir. Hansı maşında sahibinin, sifarişçinin istəyinə uyğun "məzmunda" dəyişiklik edərsə, qəza təhlükəsi barədə də xəbərdarlıq edir. Zahiri dəyişiklikləri ən çox gənc avtomobil həvəskarları etdirirlər. Usta Elbrus deyir ki, gənc avtomobil həvəskarlarının verdikləri yeni "dizaynlar" daha maraqlı və diqqətçəkən olur. Elə bu maşınları dəbə salan da  o cəhətlərdir.
Sovet dövrünü yaşayanlar bilirlər ki, o zamanın adamlarının həyat tərzi sadə olub. Təbii ki, sovet avtomobilləri də vətandaşların "xarakterinə" uyğun sadə dizayn edilirdi. Ona görə də bu maşınları "bəzəmək" elə də çətin deyil. İstənilən yeniliyi çox gözəl qəbul edirlər. Bundan sonra çox gözəyatımlı olurlar...

 

Ehtiyat hissələri tapmaqda çətinliklər olur...

 

Elbrus usta deyir ki, bəzən ehtiyat hissələri tapmaqda çətinlik çəkirlər. Bir hissəni tapmaq üçün aylarla vaxt sərf olunur. Satıcılar biləndə ki, "antikvar" avtomobil yığırsan, özü də əlacın yoxdur, bu hissə olmasa işin yarımçıq qalacaq, işini tamamlamaq üçün bunu almağa məcbursan, onda satdıqları hissəni daha da bahalaşdırırlar.
Elbrus Əliyev müştərilərindən narazılıq etmir:
- Həyatda nə qazanmışamsa zəhmətimlə, alnımın təri, əlimin qabarı ilə qazanmışıam. Elə kişilər var ki, onlardan ətir iyi gəlir, səliqə-sahmanlı olurlar. Məndən isə benzin, mazut, aseton iyi gəlir. Az qala bəzən üzümü də benzinlə, asetonla yuyuram. Amma narazı deyiləm. Çörəyimi halal zəhmətimlə qazanıram...
 Üç övladım var, şükürlər olsun ki, nə özüm, nə də övladlarım indiyə kimi haram tikə yeməyiblər. Oğlum Elmir hərbçidir. Hərbi Akademiyanı bitirib, Naxçıvanda xidmət edir. Qızım Fəridə keçən il ailə qurub. Zəhra da böyüyür. Zəhmətli də olsa, hamısını bu işin hesabına yaşadıram. Yaxşı işə yaxşı da qiymət verirlər. Müştərilərimlə heç vaxt qiymət danışmıram. Sağ olsunlar, onlar da xəsislik etmirlər... 
Elbrus ustanın köməkçisi Mərdan Məmmədov söhbətə qoşulur: 
- İki ildir ki, usta ilə birlikdə çalışırıq. Mən əsasən qaynaq işlərini görürəm. İşimdən də, qazancımdan da çox razıyam... Təvazökarlıqdan uzaq olsa da, deyim ki, əl işimizə bələd olanlar ömürlərini başa vurmuş avtomobillərinə yenidən həyat vermək üçün bizə müraciət edirlər. Cansız da olsa, bir şeyi yenidən həyata qaytarmaq, nəfəs vermək insana zövq verir...
Beləliklə, usta Elbrusun emalatxanasında ömrünü başa vurmuş "cənazələr"in ikinci dəfə həyata qaytarıldığının canlı şahidi olduq. Bu, bizə xüsusi zövq verdi... 

Elşən QƏNİYEV,
İlham BABAYEV ( foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!