18 Iyul 2024 09:25
399
Mədəniyyət
A- A+

Ölkəmiz sülh və dialoq ideyasına sadiqdir

 

Sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sistemində dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti meydana çıxır. Bütün bu amillər humanitar məsələlərin müzakirəsi istiqamətində də yeni platformanın təşkili zərurətini yaradır. Bu baxımdan, "Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülüb. Belə bir təşəbbüsün məhz Azərbaycan tərəfindən ortaya qoyulması isə təsadüfi deyil. Bu, çoxmillətli ölkəmizin tarixən malik olduğu dini tolerantlıq ənənələrindən, zəngin mədəni müxtəlifliyindən, insanlar arasındakı qarşılıqlı hörmət mühitindən irəli gəlir.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin hələ 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi" adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı Prosesi"ni xüsusi vurğulaması  qədim dövrlərdən bəri sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda xoş etirafı kimi tarixə düşmüşdü.

 

Həm həyat tərzi, həm də dövlət siyasəti

 

"Bakı Prosesi"nin mövzu dairəsi kifayət qədər genişdir. Dinlər arasında dialoq problemi isə burada hər zaman xüsusi yer tutur. Bu platforma çərçivəsində keçirilən bütün beynəlxalq tədbirlərdə hansısa formada gündəmə gətirilir. Belə bir mövzuya xüsusi diqqətin ayrılması sivilizasiyalararası, dinlər-arası dialoqun dərinləşməsi, güclənməsi, dünyada risklərin azalması, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilməsi və bu təhlükəli meyillərin qarşısının alınması niyyətindən irəli gəlir.

Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa, dini insanın mənəvi dünyasının müqəddəs dəyəri kimi qorumağa, hər cür siyasi məqsədlərdən uzaq tutmağa, dinin əxlaq, tərbiyə, mənəvi təmizlik mərtəbəsindən endirilib çirkli niyyətlər üçün alətə çevrilməsinin qarşısının alınmasına xidmət edir.

Azərbaycan dinlər arasında dialoqun əldə olunmasından ötrü təkcə dünyanın nüfuzlu din xadimlərinin görüş və müzakirə platformalarından deyil, ümumiyyətlə, insanları ortaq məxrəcə gətirə biləcək bütün mümkün vasitələrdən faydalanmağa çalışır. Bunun uğurlu nümunələrini yaradır. 2015-ci ildə ölkəmizdə I Avropa Oyunlarının, iki ildən sonra - 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi buna bir örnəkdir. Prezident İlham Əliyevin də həmin ərəfədə qeyd etdiyi kimi, baxmayaraq ki, bu, idman yarışlarıdır, ancaq belə yarışlar çox böyük siyasi əhəmiyyət daşıyır: "Çünki təsəvvür edin, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə islam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışır və eyni zamanda dostluq əlaqələri yaradırlar. Çünki bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Hər iki idman yarışında 100-dən çox ölkə təmsil olunurdu, minlərlə idmançı, məşqçi, qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu vardır".

Azərbaycan bütün bunlara ona görə nail ola bilir ki, bizim əsrlər ərzində formalaşmış tarixi ənənələrimiz var. Yüzilliklər ərzində müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. 2019-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitindəki çıxışı zamanı Azərbaycan Prezidenti də bu amili xüsusi vurğuladı. "Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir", - dedi. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Bunu ölkə ərazisindəki dini abidələrdə də görmək olar. Bu abidələrin aid olduğu tarixi dövrlər həm Vətənimizin qədimliyini, həm də müxtəlif dövrlərdə ayrı-ayrı dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb, yaratdıqları gözəl tarixi mirası əks etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, islam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir: "Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir. Eyni zamanda qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. ... Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir.".

 

Ölkədə dövlət-din münasibətləri yüksək səviyyədədir

 

Dünyəvilik, demokratik inkişaf prinsiplərinə sadiq olan Azərbaycanda bu gün dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Dövlət hər bir vətəndaşının dini etiqad azadlığına hörmətlə yanaşır. Müsəlman ölkəsi kimi əhalisinin əsas hissəsinin müqəddəs dini olan islamın ali dəyərlərinə sahib çıxaraq bu dəyərləri təbliğ etməklə yanaşı, digər dinlərin nümayəndələrinin sərbəst fəaliyyətinə, öz dini ayinlərini icra etmələrinə də şərait yaradır.

Azərbaycan dövləti dini dəyərlərə hörmət, dinlər arasında dialoqun əldə olunması məsələsinə başqa bir prizmadan da yanaşır. Din hər bir xalqın milli-mənəvi dəyəridir. Qloballaşan dünyamızda xalqın milli özünəməxsusluğunun, əxlaqi normalarının qorunması üçün bu dəyərlərin  böyük  təsir gücü var.

Dünyada sülhün, sabitliyin, inkişafın, mədəniyyətlər və dinlər arasında dialoqun bərqərar olması, multikultural dəyərlərin yayılması istiqamətində Azərbaycanın gördüyü işlər böyük bir tarixi missiyadır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video