24 Avqust 2024 08:40
238
DÜNYA
A- A+

Norveç şahzadəsi şamanla evlənir

 

Marta Luiza sevgisi naminə ali vəzifələrini qurban verir

 

Yüksək vəzifəli insanların həyatı ilə bağlı bütün stereotipləri qıran Norveç şahzadəsi Marta Luiza bir neçə gündən sonra amerikalı "ulduz" şaman Durek Verrettanın qanuni həyat yoldaşı olacaq. Cütlük öz ekstravaqantlığı ilə hər kəsi təəccübləndirdiyindən toy mərasimi də yəqin ki, qonaqların yaddaşlarında unudulmaz təəssüratlar buraxacaq.
Toy mərasimi avqustun 31-də Norveçin qərbindəki Geyranger-fyord şəhərində baş tutmalıdır. Yerli mətbuatın məlumatına əsasən, şənlik  Geyranger kəndində SPA mərkəzi, gecə klubu, bir neçə üzgüçülük hovuzu və köhnə avtomobil muzeyinin yerləşdiyi dördulduzlu "Union" hotelində keçiriləcək. Dəvət olunan qonaqlar arasında Norveç kral ailəsi, şahzadə Marta Luizanın ilk evliliyindən olan övladları, dostlar, eləcə də dünyanın müxtəlif ölkələrindən olan digər kral ailələrinin nümayəndələri var.
Rəsmi toy mərasimindən əvvəl iki gün bayram gəzintiləri, şənlik və əyləncə olacaq. Hər şey avqustun 29-da tanışlıq tədbiri ilə başlayacaq. Onun üçün geyim kodu "sərbəst" olaraq təyin edilib. Əyləncə mənzərəli sahil şəhəri Olesunnda yerləşən "1904" hotelində xüsusi olaraq icarəyə götürülmüş bağda keçiriləcək. Bu, kral ailəsinin sevimli istirahət yerlərindən biridir.
Ertəsi gün qonaqlar Geyranger kəndi ətrafında qayıqla gəzintiyə çıxacaqlar. Toydan əvvəl daha bir məclis təşkil olunacaq və orada hamı Latın Amerikası üslubunda salsa rəqs edəcək.
Şənbə günü, avqustun 31-də baş tutacaq rəsmi mərasimdə şahzadə Marta Luizanı yeddi rəfiqəsi müşayiət edəcək, onlardan üçü onun qızları - Mod Anjelika, Liya Aysedora və Emma Tallula olacaq. Mərasimdə şahzadənin valideynləri Kral Harald və Kraliça Sonya, həmçinin qardaşı vəliəhd Hokon və həyat yoldaşı Mette-Maritin iştirak edəcəyi gözlənilir. Qadın keşiş Margit Lovise Holte nikah mərasiminə cavabdeh olacaq. Rəsmi mərasim - toy səhər yeməyi və qəbulla davam edəcək.
51 yaşlı şahzadə Marta Luiza Durek Verretta ilə 2019-cu ildə ortaq dostları vasitəsilə tanış olub. Eyni zamanda cütlük bir-birlərini bundan çox əvvəl - keçmiş həyatda, Qədim Misir dövründə tanıdıqlarını iddia edirlər... 
Əslində, şahzadə çoxdan "qəribəlikləri" ilə seçilir: o, kəşfiyyatçı olduğunu iddia edir, mələklərin səslərini eşitdiyini  bildirir  və heyvanlarla ünsiyyət qurduğunu deyir.
Paradoksal olsa da, Marta Luiza sertifikatlı həkim-fizioterapevtdir.
Qara dərili şamanla tanışlıq Marta Luizanın ilk əri, yazıçı və ssenarist Ari Benin intiharından bir neçə ay sonra baş verib. Həmin hadisədən üç il əvvəl onlar boşanmışdı. Ancaq məhz Durek Verretta keçmiş həyat yoldaşını itirməsi səbəbindən düşdüyü depressiyadan çıxmaqda  şahzadəyə kömək edib.
Sevgilisi naminə Marta Luiza kral ailəsi üzvü vəzifələrini yerinə yetirməkdən imtina edib. Buna səbəb təkcə onun şübhəli fəaliyyəti - şamançılıq deyil, həm də mübahisəli və əsassız açıqlamaları olub. Belə ki, Marta Luiza Norveçdə nəşri qadağan edilmiş kitabında yazıb ki, uşaqlarda xərçəng xəstəliyinin səbəbi onların yaşadıqları bədbəxtlikdir. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video