Dünya bazarında neftin qiyməti bu həftə də geosiyasi proseslərin təzyiqi altında qalacaq. Hər bir bəyanatdan sonra qiymətlərin dəyişməsini gözləmək olar. Ötən həftənin birinci yarısında (2-4 fevral) ABŞ-İran münasibətləri fonunda “Brent” markalı neftin bir barelinin qiyməti 66,30 dan 69,46 dollara yüksəldi. Fevralın 5-də isə İran ilə ABŞ nümayəndələrinin Omanda görüşəcəkləri dəqiqləşəndən sonra 67,08 dollara düşdü.
“Finam” investisiya kompaniyasının analitiki Nikolay Dudçenko bildirib ki, hazırkı dönəmdə hərbi münaqişə nə ABŞ-a, nə də İrana lazım deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, seçkilər ərəfəsində “İran problemini” həll edəcəyini bəyan edən Prezident Donald Tramp irəli sürdüyü şərtlərin İran tərəfindən qəbul ediləcəyini bilirdi. Ona görə də bu gün Yaxın Şərq ölkələrindəki hərbi bazaları hərbi texnika və şəxsi heyətlə təchiz edərək danışıqlara başlamaqla İrana təzyiq göstərməyə çalışır ki, istədiyini əldə etsin. Noyabr ayında ABŞ-da Senata seçkilər keçiriləcək buna görə də Tramp hərbi əməliyyatlar aparmaq niyyətində deyil. Digər tərəfdən hərbi əməliyyatlar neftin qiymətinin artmasına səbəb olacaq ki, bu da ABŞ-ın iqtisadi maraqlarına cavab vermir.
İran da prioritetlərindən geri çəkilməyəcəyini bəyan edir və bilir ki, hərbi əməliyyatlar onsuz da geriləyən iqtisadiyyatı daha da pis vəziyyətə salacaq və insanlar yenidən kütləvi aksiyalara başlayacaqlar. Nəhayət, Omanda danışıqlar baş tutdu. Lakin danışıqlar zamanı nə İran, nə də ABŞ kompromis əldə edə bilmədilər. Analitik hesab edir ki, bu danışıqlar ona görə baş tutdu ki, tərəflərin heç biri hərbi əməliyyatların keçirilməsini istəmir. Danışıqların növbəti mərhələsi gələn həftə keçiriləcək.
ABŞ Prezidenti “Bizim vaxtımız çoxdur, hələ heç nə itirilməyib” deyərək Venesuela Prezidentini misal çəkərək bildirib ki, “Biz Venesuelaya da vaxt vermişdik”. İranın xarici işlər naziri Abbas Əraqçi isə “İran xalqının hüquqlarının bütün vasitələrlə qorunacağını” bildirib.
Danışıqların nəticəsiz başa çatacağı, əslində, gözlənilən idi. Bir dəfə görüşüb danışmaqla qlobal xarakterli problemin həll olunmayacağı hamıya aydın idi. Lakin bu danışıqların fonunda bazar yenə də həssas vəziyyətdə qaldı. N.Dudçenko bildirib ki, qiymətlər geosiyasi təsir altında qalaraq bu il “Brent”in qiyməti 63-65 dollar ətrafında olacaq. Niderlandın “İNG Bank” qrupunun təhlilinə görə isə cari ildə “Brent” markalı neftin qiyməti 57 dollar, 2027-ci ildə isə 62 dollar ətrafında olacaq.