Neftçala rayonunun Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xol Qarabucaq-Xəzər avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri başa çatmışdır.
Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadığından və təbii faktorların təsirindən yararsız vəziyyətə düşmüşdü. Yolun 30 kilometr uzunluğa malik Xanməmmədli-Xol Qarabucaq-Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 kilometr təşkil edən Qaçaqkənd-Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilmiş, enləri 10 metrə qədər genişləndirilmişdir.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yolun yararsız örtüyü sökülmüş, yeni yol yatağı inşa edilmişdir.Yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülmüş, yol əsasının tikintisi aparılmışdır.
Layihəyə uyğun olaraq, yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik suötürücü borular quraşdırılmış, zəruri ərazilərdə istinad divarları inşa edilmişdir. Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülər təmir olunmuşdur.
Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri həyata keçirilmişdir.
Avtomobil yollarının yenidən qurulması ilə 11 yaşayış məntəqəsində yaşayan 15 min əhali yol sarıdan rahatlığa çıxmışdır.
Seyran CAVADOV,
"Azərbaycan"