Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Uşaq hüquqları aylığı" çərçivəsində “İnformasiya təhlükəsizliyi kontekstində uşaq hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Rayon icra hakimiyyətinin, polis şöbəsinin, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul şəxsləri, məktəb rəhbərliyi, ağsaqqallar, psixoloq və müəllimlər, eləcə də şagirdlərin iştirak etdikləri tədbirdəki çıxışlarda qeyd olunub ki, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərinin ölkədə “Uşaq hüquqları aylığı” elan edilməsinin məqsədi ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasıdır. Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin bu il fevralın 27-də imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” sərəncam uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün kompleks vəzifələr müəyyən edir və bu sahədə qəbul olunmuş dövlət sənədləri uşaqların fiziki, psixoloji və mənəvi inkişafının dəstəklənməsi istiqamətində mühüm hüquqi bazadır.
Çıxışçılar həmçinin qeyd ediblər ki, müasir dövrdə uşaqların informasiya əldə etmək hüququ ilə yanaşı, onların zərərli və yaş qrupuna uyğun olmayan kontentdən, kiberbullinqdən və şəxsi məlumatların sızmasından qorunması dövlət, məktəb, cəmiyyət və valideynlərin birgə məsuliyyətidir. Sürətli texnoloji inkişaf fonunda uşaqların internetdən təhlükəsiz və səmərəli istifadə etməsi üçün onlarda rəqəmsal savadlılığın və tənqidi təfəkkürün formalaşdırılmasının, eləcə də valideyn nəzarətinin düzgün təşkilinin böyük rol oynadığı vurğulanıb. Azyaşlıların kiberməkanda təhlükəsizliyini təmin edən hüquqi baza, mövcud qanunvericilik və bu sahədə həyata keçirilən davamlı maarifləndirmə layihələrinin əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seyran CAVADOV,
“Azərbaycan”