Ədalət bərpa olunub. Azərbaycan öz problemlərini özü həll edib. 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır döyüş meydanında məğlub edərək Zəfər qazanıb. Böyük Zəfər Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi bizə qaytarıb. Bizi qalib xalq kimi qürurlandırıb.
İşğalçı xislətindən əl çəkməyən ermənilərə son zərbə 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə vurulub. Qəhrəman Azərbaycan Ordusu Qarabağ bölgəsində təxribatlar törətməkdə davam edən Ermənistan silahlı qüvvələrinin qalıqlarını və separatçıları məğlubiyyətə uğradaraq ağ bayraq qaldırmağa məcbur etdi. Müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımız Azərbaycanın bütün ərazilərində dalğalanaraq dövlətimizin suverenliyini bütün dünyaya bəyan etdi.
Ancaq tarix unudulmur. Ermənistanın ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycana qarşı ərazi iddiaları adı ilə törətdiyi cinayətlər də heç zaman yaddan çıxmayacaq.
1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğal edən erməni quldurları bir milyondan çox azərbaycanlını doğma yurdlarından didərgin saldılar. Otuz ilə yaxın əsarət altında saxladıqları o ərazilərdə daşı daş üstündə qoymadılar. Azərbaycanlıların ata-baba yurdlarında zəhmət çəkərək, böyük arzularla tikdikləri evləri qarət edərək yandırdılar. Azərbaycan xalqının dünya və ölkə əhəmiyyətli qədim abidələrinə qarşı da eyni amansızlıq göstərdilər. Həmin abidələri uçurub dağıtdılar, saxtalaşdırdılar.
Qarabağın və Şərqi Zəngəzurun əsrarəngiz təbiəti, zəngin təbii sərvətləri də erməni vandalizminə məruz qaldı. Vandallar nadir ağac növləri ilə zəngin olan meşələrimizi məhv etdilər. Qiymətli ağacları kəsib apardılar. Çinar meşələrini, Topxana meşəsini yox etdilər. Təbii su mənbələrini, bulaqları qurutdular.
Vətən müharibəsində işğaldan azad edilən Qarabağa, Şərqi Zəngəzura qədəm qoyan hər kəsi dəhşət bürüyürdü. Xarabalığa çevrilmiş kəndlər, qəsəbələr, şəhərlər, məhv edilmiş təbiət Ermənistanın qəddar işğalçılıq siyasətinin ağrılı mənzərəsinə çevrilmişdi.
Müharibədən qısa müddət sonra Azərbaycan dövləti həmin ərazilərdə geniş, sürətli tikinti-quruculuq işlərinə başladı. “Böyük Qayıdış” Proqramının nəticələri göz önündədir. İşğaldan qurtulmuş torpaqlarımızda həyat yenidən canlanır. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda yalnız yaşayış məntəqələri, infrastruktur qurmur, eyni zamanda həmin ərazilərin işğalçıların yaraladığı təbiətini də sağaldır.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə də sənayenin genişləndirilməsi ilə yanaşı, təbiətin qorunması və ekoloji standartların təmin edilməsi məsələləri xüsusi diqqət mərkəzində olub.
Müşavirədə çıxış edən dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblərdən danışarkən Prezident İlham Əliyev bildirib ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi: “Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi”.
Azərbaycan torpaqlarını tərk etməli olan ermənilərin gedərkən santexnika cihazlarını da aparmalarını isə bu gün də ironiyasız, gülüşsüz xatırlamamaq mümkünsüzdür.
Ermənistan otuz ilə yaxın davam etdirdiyi işğal müddətində zəngin təbii sərvətlərimizi də daşıyıb aparırdı. Dövlətimizin başçısının müşavirədə vurğuladığı kimi, təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi: “Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik”.
“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə yanaşı, həmin torpaqların zəngin təbii sərvətlərinin səmərəli istifadəsi və ətraf mühitin qorunması qarşıda duran mühüm vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri bu ərazilərin iqtisadi potensialının üzə çıxarılmasına, təbii sərvətlərdən məsuliyyətli şəkildə istifadə edilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”