11 Avqust 2022 00:46
776
SİYASƏT
A- A+

Müsəlman dövlətlərinin birliyi güclənir

 

Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində  dünyaya həm də qardaşlıq mesajı verildi 

 

Son illərdə müharibələrin, qarşıdurma və terrorizmin ən ağır zərbəsinin dəydiyi İslam dünyası ehtiyac duyulduğu sülh, tolerantlıq, həmrəylik və mərhəmət ruhu altında yenə bir araya gəlib. İslam dövlətlərini bir-birinə daha da yaxınlaşdıran, birləşdirən, mehribanlaşdıran V İslam Həmrəyliyi Oyunlarının start götürməsi əsl bayrama çevrilib.
Bu bir həqiqətdir ki, İslam dünyasını birləşdirən bu oyunların keçirilməsi antiislamçı qüvvələri hər zaman narahat edib. Çünki dünyada mövcud olan və dayanmadan fəaliyyət göstərən antiislamçı qüvvələr daim belə birliyin yaranmasına mane olmağa çalışır, məkrli planlar qurub "məharətlə" icra edir, İslam dünyasının yaxınlaşmasına, müxtəlif sahələrdə əməkdaşlığa başlamasına hər yolla mane olmağa çalışırlar. Düzdür, hərdən məqsədlərinə çatırlar da. 
Amma buna baxmayaraq, İslam dövlətləri həmrəylik oyunları ətrafında birləşərək həmin qüvvələrə gözdağı verirlər. Bu birliklə İslam dövlətləri dünyaya bir daha həmrəy ola bildiklərini sübut edirlər. Elə Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bu prosesin tərkib hissəsidir desək, yanılmarıq. 

 

İslam dünyası bir-biri ilə "Könüllər şəhəri"ndə qovuşdu

 

Həqiqətən də, İslam Həmrəyliyi Oyunları tək müsəlman ölkələrinin idman bayramı deyil. Bunun ən yaxşı izahını Azərbaycan Prezidenti verib. İlham Əliyev "İslam Həmrəyliyi Oyunları sırf idman tədbiridirmi?" sualına münasibətini aydın və dəqiq şəkildə belə ifadə edib: "Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq".
Avqustun 9-da idmanın birləşdirici gücü ilə həmrəyliyi inkişaf etdirməyi qarşısına məqsəd qoyan V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi, liderlərin səmimi görüşləri də bir daha dünyaya İslam dövlətlərinin birliyini nümayiş etdirdi. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi mərasimdə maraqlı anlar yaşandı.
Oyunların məhz Konyada keçirilməsi isə təsadüfi deyildi. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
Əsas qayəsi Cəlaləddin Ruminin "Biz birləşdirməyə gəldik, ayırmağa gəlmədik" olan açılış mərasimi maraqlı kompozisiyaların təqdimatı ilə keçdi. "Salam olsun!" kompozisiyası ilə Türkiyədən bütün İslam dünyasına salam göndərildi. "Həmrəyliyin gücü" kompozisiyasının əsas qayəsi isə odur ki, İslam dünyası bir-biri ilə qovuşur, birlik olur. Dünya müsəlmanları həmrəyliyin gücü ilə birləşir. Bu, İslam dünyasının dəyərlər düşüncəsi ilə birləşməsinin və həmrəyliyinin göstəricisidir. "Elmin gücü" kompozisiyasında İslam dünyasının qızıl dövrü tərənnüm edilir. Bu hissədə dünya qaranlıq dövrünü yaşadığı bir zamanda İslam alimlərinin bütün insanlığa bu günümüzə qədər gəlib çatan bəşəri irs qoymaları təbliğ olunur. "Hikmətin gücü" kompozisiyasında böyük bir mədəniyyətin paytaxtı, elmin və hikmətin diyarı, könüllərin görüş yeri olan Konyanın miras qalan əsərləri təqdim olunur, bu qədim şəhərin tarixinə səyahət edilir. "Könüllər şəhəri: Konya" kompozisiyasında isə İslam aləminin müdriklərinin uzun illər elm və hikmət axtarışlarından sonra Konyaya üz tutmaları və bu şəhərdə İslam mədəniyyətinin ən nadir incilərini yaratdıqları tərənnüm olunur. "Eşqin gücü" kompozisiyasında bu gözəl diyarda kök salan hikmətli düşüncələrin öz bəhrəsini verdiyi, bu hikmətin və sevginin Konyanı "Könüllər şəhəri"nə çevirdiyi təbliğ edilir.
Açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilən şam yeməyi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığı, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğu zamanda Konyadan bütün dünyaya ötürülən qardaşlıq mesajının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyini bildirdi.
Türkiyə Prezident 2017-ci ildə Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına da toxunaraq maraqlı fikir səsləndirdi: "İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın evsahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu evsahibliyinə imza atmışdır".
Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə etdi, oyunlara marağın böyük olduğunu da vurğuladı. 

 

İslam Həmrəyliyi Oyunlarına Azərbaycan töhfəsi

 

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində, IV isə 2017-ci ildə Azərbaycanda təşkil olunub.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bu möhtəşəm idman tədbirinə yeni nəfəs verdi. Prezident İlham Əliyev 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi ili" elan etmişdi. Bu da əlbəttə ki, İslam dövlətləri tərəfindən razılıqla qarşılanmış və geniş əks-səda doğurmuşdu. 
2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. 
"Bakı-2017"də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə apardı. Bu oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.
Azərbaycan İslam dünyasını birləşdirmək, ona qarşı yönəlmiş qəsdləri zərərsizləşdirmək və bütövlükdə özünü dünyaya sülh, əmin-amanlıq carçısı olan ölkə kimi təqdim etmək imkanlarını bir daha ortaya qoydu.
Üzərinə götürdüyü daha bir ali missiyanı adına layiq uğurla yekunlaşdıran ölkəmiz həm də dünyaya sülh mesajı verdi. Odlar Yurdu bu oyunlarla bir çox ilklərə imza atdı. Azərbaycan həm I Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən yeganə İslam dövləti oldu. 2015-ci ildə I Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazan Azərbaycan bu dəfə dörd qitənin İslam ölkələrinin insanlarını Bakıda birləşdirdi. Azərbaycan həm də İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrildiyini bir daha təsdiqlədi.
Birinci vitse-prezident, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın söylədiyi kimi, İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifə açdı və beynəlxalq idman ictimaiyyəti üçün növbəti unudulmaz hadisə kimi tarixə qızıl hərflərlə yazıldı.
Beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkana çevrilən paytaxtımız Bakıda İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələr yaratmaq üçün hər cür şərait yaradıldı. Bakının 16 idman arenası ötən on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu.
Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə heyəti gəldi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması müşahidə olunmamışdı. Elə İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi də bu oyunları təşkilati baxımdan ən uğurlu İslamiada adlandırdı.
Bütün bu fikirlərə əsaslanaraq əminliklə söyləyə bilərik ki, qazandığımız bu zəfər İslam dünyasında həmrəyliyə və birliyə nail olmağa yönəlmiş siyasət yürüdən İlham Əliyevin yüksək təşkilatçılıq və liderlik qabiliyyətinin təntənəsi oldu.

 

İdmançıların ən böyük hamisi

 

Hər zaman yarışlardan öncə idmançılarımızla görüşərək onları daha da ruhlandıran, stimul verən İlham Əliyev bu siyasətinə sadiq qalaraq Konyada atletlərimizlə görüşüb onlara öz dəstəyini nümayiş etdirdi. 
Avqustun 9-da Türkiyəyə işgüzar səfəri çərçivəsində İlham Əliyev ölkəmizi təmsil edən idmançılarla görüş zamanı səsləndirdiyi fikirlərlə onları qələbələrə köklədi. Bunun bir ənənə olduğunu xatırladan dövlət başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan atletləri ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Çünki atletlərimiz artıq bütün beynəlxalq yarışlarda öz güclərini təsdiqləyiblər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azarkeşlər də bir növ buna öyrəşiblər: "Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər... Bu dəfə bu oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq". 
Prezident bir daha 5 il əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarına toxunaraq vurğuladı ki, paytaxtımızdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib. Çünki bu oyunlar həm idman yarışı, həm də müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.
Prezident İkinci Qarabağ müharibəsinin qalib ölkəsinin idmançılarına stimul verərək deyib ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edirik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.
Əlbəttə ki, dövlət başçısının bu qürur dolu fikirləri Azərbaycan atletlərini qələbələrə ruhlandırır. İnanırıq ki, idmançılarımız Vətənə yüksək uğurlarla qayıdacaqlar. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video