Musa Əlifağa oğlu Əsgərov İkinci Qarabağ müharibəsində canını Vətənə fəda etməklə qərinələr boyunca gələcək nəsillərə örnək olacaq bir tarix yazıb. O, doğma Azərbaycana ürəkdən bağlanmışdı, vətəninin hər qarışını çox sevirdi. Onu mübarizə meydanında yağı düşmənin kabusuna çevirən də bu ilahi istək olub.
Vətənin yaşaması naminə son damla qanınacan vuruşub 23 yaşında şəhadətə yüksəlmiş Musa indi təkcə doğulduğu Cəlilabad rayonunun Sabirabad kəndinin deyil, böyük bir xalqın övladıdır. Dövlət tərəfindən layiq görüldüyü "Vətən uğrunda", "İgidliyə görə" və digər medalları isə Musanın odun-alovun içində necə hünər göstərdiyinə bir nişanədir.
Musa hələ uşaq yaşlarında hərbçi olmağa qərar vermişdi. Dərslərini yaxşı oxumaqla bərabər, idman yarışlarında da həmişə fərqlənirdi. 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan M.Əsgərov 2018-ci ildə oranı fərqlənmə ilə başa vurub.
Musa leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Xidməti boyunca iştirak etdiyi təlimlərdə bir qayda olaraq nizam-intizamı, peşəkarlığı həmişə ona uğur qazandırıb və Musa qısa vaxtda baş leytenant rütbəsinə yüksəlib. Elə bu rütbə ilə sentyabrın 27-də başlayan Vətən savaşında düşmənin kabusuna çevrilib.
Murovdağ yüksəkliyi istiqamətində ermənilərin qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşan zabit Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə böyük rəşadət göstərib. Neçə-neçə ağır sınaqlarda yağıya qan udduran Musa 27 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından şəhid olub.
Şəhid anası Sevda xanım deyir ki, Musa Vətəni hər şeydən üstün bilirdi, onun yolunda şəhid olmağı özünə şərəf sayırdı: "Arzusuna çatdı, mən də şəhid anası kimi onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi vətənpərvər böyüdəcəyəm".
Zəfər ORUCOĞLU