"Vətənim, soy-köküm, ailəm, sənətim, gələcək arzularım barədə danışmaq mənim üçün həmişə fəxrdir. Atam Ramil Kazımov köklü şuşalıdır. İşğaldan əvvəl heç cür inana bilməyiblər ki, tac-şəhərimizdəki son anlarıdır və həmin əsrarəngiz məkanı tərk edərək, 30 il ərzində Şuşasız yaşamaq məcburiyyətində qalacaqlar.
Nənəm orada məktəb direktoru vəzifəsində çalışırdı və babamla birgə son günədək doğma yurdlarından çıxmaq niyyətində olmayıblar. Özlərinin dediyinə görə, vəziyyət elə gərginləşibmiş ki, artıq qalmaq mümkün deyilmiş. Əlbəttə, bütün həyatı Şuşa ilə bağlı insanların belə uzun müddət onunla ünsiyyəti itirmələri xeyli ağır və ağrılıdır. İndi isə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər zəminində Qarabağın tam azadlığı hər bir azərbaycanlı kimi bizi də çox sevindirir".
Bu sözləri gənc və istedadlı həmyerlimiz, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının "Akademik vokal" şöbəsinin II kurs tələbəsi Teymur Kazımov deyir. Hələ 19 yaşında olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinin, musiqisinin səsini bütün dünyaya çatdıran, ölkə daxilində və xaricdə çoxsaylı nüfuzlu tədbirlərə qatılan vokalçı 27 beynəlxalq və respublika musiqi müsabiqəsinin laureatıdır. Onlardan iyirmisində birinci yeri tutub, ikisində Qran-priyə layiq görülüb. Ötən ilin martında ABŞ-nin Florida şəhərində baş tutan Cövdət Hacıyev adına "Florida Keys" VIII beynəlxalq onlayn musiqi müsabiqəsi (Vokal Pro nominasiyasında Qran-pri və Heydər Əliyev mükafatı), 30 oktyabrda Sankt-Peterburqda keçirilən "Nevski solovey" Ümumrusiya uşaq vətənpərvərlik mahnı müsabiqəsi (Müslüm Maqomayevin "Baharlı yurdum - Azərbaycan" mahnısını ifasına görə 1-ci yer), 2021-ci ilin 2-14 yanvarında Türkiyədə Caspi Art Competitions "New Year's Stars" beynəlxalq festivalı (1-ci yer), Moskvada "Qara Qarayev adına açıq internet müsabiqəsi" (1-ci yer və Peşəkar mükəmməlliyə və sənətkarlığa görə Xüsusi Diplom), "Yelena Obraztsova Mədəniyyət Mərkəzinin mükafatı uğrunda III Vokal və instrumental sənət müsabiqəsi" (1-ci yer) və digər ünlü festivallar bu qəbildəndir.
Bir məqamı da vurğulayaq ki, Teymur incəsənətimizi təbliğ edən vətənpərvər sənətçi kimi yalnız müsabiqələrlə kifayətlənmir, Azərbaycan diasporunun sərhədlərimizdən kənarda, əsasən də Rusiyada təşkil etdiyi mərasimlərə mütəmadi şəkildə qatılır.
Kazımov Teymur Ramil oğlu 2005-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. 2019-cu ildə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin "Fortepiano" ixtisası üzrə tam kursunu Fərqlənmə Diplomu ilə bitirib. 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən "ERUDİT" tam orta təhsil məktəbini əla qiymətlərlə başa vurub. Eyni zamanda Üzeyir bəy Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında "Akademik vokal" ixtisası üzrə təhsil alıb.
Məktəb-studiyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova sevimli tələbəsi haqqında deyir:
- Teymur Kazımov çox istedadlı musiqiçidir. O, gözəl səsə malik olması ilə yanaşı, özünü pianoçu, bəstəkar kimi də sınayır və yüksək nəticələr təqdim edə bilir. Onunla iki yaradıcı işimiz olub. İlk təqdim etdiyimiz, 44 günlük Vətən savaşımızdakı qələbə münasibətilə Gülər Əlvanqızının sözlərinə yazdığım "Zəfər nəğməsi" əsərimin uğurlu ifaçısıdır. Daha sonra məktəb-studiyanın 40 illiyinə həsr etdiyim himni özünəməxsus tərzdə oxudu.
Teymur Kazımov Vətənimizin bir parçası və sənət məbədi olan Qarabağımızdan səsləri havalanan, yaddaşlarda əbədi yaşayacaq Xan Şuşinskinin, Bülbülün, digər korifeylərimizin layiqli davamçısıdır.
Qurban MƏMMƏDOV