Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.
Oktyabrın 26-dan etibarən təşkil olunan təlimlər Bakı, Abşeron, Sumqayıt, Ağcabədi, Astara, Lənkəran, Mingəçevir, Gəncə və Qazax bölgələrində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimlərini əhatə edir.
Təlimlərin məqsədi müəllimlərin psixoloji qiymətləndirmə və diaqnostika sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, məktəb mühitində səmərəli müəllim–şagird–valideyn münasibətlərinin formalaşmasına dəstək göstərməkdir.
Proqram çərçivəsində iştirakçılar şagirdlərdə müşahidə oluna bilən müxtəlif psixoloji çətinliklər, onların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, eləcə də məktəbdə psixodiaqnostik işin təşkili ilə bağlı məlumatlandırılırlar.
Təlimlər zamanı psixodiaqnostikada istifadə olunan anket və sorğular, obyektiv və proyektiv testlər, habelə şagirdlərlə iş zamanı tətbiq edilən adaptasiya olunmuş metodikalar barədə məlumat verilir, onların tətbiqi qaydaları izah olunur.
Əyani formada keçirilən və 24 akademik saatı əhatə edən təlim proqramı iştirakçıların ilkin biliklərinin müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə ilə başlayıb. Proqram praktiki və interaktiv fəaliyyətlərlə davam etdirilir.
Təlimlər müəllimlərin şagirdlərin sosial-emosional ehtiyaclarına həssas yanaşmasının və məktəbdə dəstəkləyici öyrənmə mühitinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Layihə çərçivəsində əldə olunan bilik və bacarıqların təhsil prosesində tətbiqi müəllim, şagird və valideyn arasında qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcək.