Prezident
İlham ƏLİYEV: "Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji
sahəyə çevirməkdir”
Məlumdur ki,
həyata keçirilən genişmiqyaslı islahatların əsas məqsədi ölkənin ümumi inkişafına
nail olmaqdır. Bunu isə indiki dövrdə yalnız qeyri-neft sektorunun inkişafı hesabına
əldə etmək mümkündür. Hətta Azərbaycanda neft sənayesi iqtisadiyyatın əsasını təşkil
etsə də, ümumi inkişaf üçün bütün sahələrin inkişafı vacibdir.
Kənd təsərrüfatı
qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluğunun əhatəsinə görə üstünlük
təşkil edir. Bunun üçün də dövlət son dövrlər aqrar sektorun inkişafına xüsusi diqqət
göstərir. Kənd təsərrüfatında hərtərəfli
islahatlar həyata keçirilir, fermerlərə dövlət dəstəyi artırılır, o cümlədən güzəştli kreditlər ayrılarkən aqrar sahədə çalışan
sahibkarlara üstünlük verilir.
Müasir dünyada
aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq üçün qabaqcıl texnika və texnologiyalardan
istifadə edilir. Bir çox ölkələr bunun sayəsində torpaq sahələrinin məhdudluğuna
və iqlim şəraitinin kənd təsərrüfatı üçün yararsız olmasına baxmayaraq, yüksək məhsuldarlığa
nail olurlar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında aqrar sektorda yüksək texnika və texnologiyaların tətbiqinin əhəmiyyətini
qeyd edərək demişdir: "Bir daha demək istəyirəm ki, kənd təsərrüfatı qarşısında
duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə
təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf
edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı
bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm
də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma
sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur.
Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı
sistemini nəhayət ki, tətbiq etməliyik”.
Qeyd edək
ki, son dövrlər ölkəyə yüksək keyfiyyətli müasir, iqtisadi cəhətdən səmərəli və
itkisiz məhsul yığan texnika gətirilib. Təkcə keçən il 10 min ədəd yüksək səviyyəli
texnika alınıb, cari ildə isə daha 5 min texnikanın alınması üçün dövlət büdcəsindən
160 milyon manat vəsait ayrılıb. Artıq bu texnikaların istismarı hesabına aqrar
sektorda istər bitkiçilik, istərsə də heyvandarlıq sahələri üzrə məhsuldarlıq xeyli artıb.
Yüksək texnika
və texnologiyalardan daha çox aqroparklarda istifadə olunur. Aqroparklar kənd təsərrüfatında
iri istehsal, emal və logistik imkanlara malik
sahibkarlıq növüdür. Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələrində
aqroparklar sürətlə inkişaf edir. Aqroparklarda rentabellinin yüksək olması investorları
da özünə cəlb edir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində banklar və qeyri-kənd
təsərrüfatı sahəsində bizneslə məşğul olan sahibkarlar aqroparklara yüksək məbləğdə
investisiya qoyurlar. Yeri gəlmişkən qeyd edək ki, bunun bir səbəbi də dünyada ərzaq
məhsullarına tələbatın artması və onun qiymətinin yüksəlməsidir. Çünki əhali sürətlə
artır, əkinçilik üçün yararlı torpaqlar isə düzgün istismar olunmadığı üçün tədricən
sıradan çıxır. Bu, bir-birinə zidd olan belə məqamlar son nəticədə ərzaq məhsullarına
tələbatı artırır, təklifin yüksək olması qiymətin artımına səbəb olur.
Ölkəmizdə
də aqroparkların yaradılmasına dövlət səviyyəsində xüsusi qayğı var. Hazırda 30 rayonda 192 min hektar sahəyə malik
45 aqroparkın yaradılması layihəsi həyata keçirilir. Ümumi dəyəri 1 milyard manatdan
çox olan aqroparklarda zəruri infrastrukturun yaradılmasına indiyədək 207 milyon
manatdan çox dövlət vəsaiti xərclənib. Bundan əlavə, 111 milyon manat güzəştli kredit
və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Aqroparklarda 4-də birinci mərhələ üzrə işlər başa çatdırılıb. İlin sonunadək
14 aqropark istifadəyə veriləcək. Digər aqroparkların
da tikilməsi istiqamətində işlər davam edir.
Son dövrlər
aqrar sektora göstərilən dövlət dəstəyinin səmərəsi məhsul istehsalında və ixracında
özünü göstərir. Məsələn, cari ilin yanvar-iyul aylarında ixrac edilən qeyri-neft
sektoruna aid malların siyahısında kənd təsərrüfatı məhsullarının çəkisi digərlərinə
nisbətən daha çox olub. Bu dövrdə yalnız 144 milyon dollarlıq pomidor ixrac edilib.
Ümumilikdə meyvə-tərəvəz ixracı isə 101 milyon dollarlığı keçib. Həmin dövrdə
45 milyon dollarlıq pambıq lifi, 12 milyon dollarlıq pambıq ipliyi də ixrac edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin
ixracı 19 faiz artıb.
Kəmiyyətlə
bərabər, kənd təsərrüfatı məhsullarının keyfiyyəti də artır. Məhz bunun nəticəsidir
ki, bizim məhsullar Avropa bazarında özünə alıcı tapmaqda çətinlik çəkmir. Təkcə
fındığın 25 ölkəyə ixrac olunması bunu təsdiqləyir. Amma məhsullarımızın keyfiyyəti,
ekoloji cəhətdən təmizliyi bir yana, bütün hallarda belə nailiyyətlərin əldə edilməsinin əsas səbəbi
dövlət tərəfindən aqrar sektora investisiyaların qoyulması və fermerlərin dəstəklənməsidir.
Rüstəm KAMAL,
"Azərbaycan”