Müasir Azərbaycan Respublikasının inkişaf tarixi milli iradənin, güclü dövlətçilik ənənələrinin və uzaqgörən siyasi liderliyin vəhdətinin bariz təzahürüdür. Müstəqillik dövründə ölkəmizin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik çağırışları yalnız strateji düşüncə tərzinə malik, milli maraqları hər şeydən üstün tutan liderlik modeli sayəsində uğurla dəf edilmişdir.
Bu baxımdan, müasir Azərbaycanın formalaşması və güclənməsi prosesi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş fundamental dövlətçilik kursu və bu kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə ardıcıl və qətiyyətlə davam etdirilməsi ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin əsas mahiyyəti güclü dövlət, sabit cəmiyyət və davamlı inkişaf prinsiplərinə əsaslanırdı. Məhz bu strateji xətt Azərbaycanı xaos və parçalanma təhlükəsindən xilas edərək müstəqil dövlət quruculuğu yoluna çıxarmışdır.
Prezident İlham Əliyev bu siyasi irsi sadəcə qoruyub saxlamamış, onu yeni qlobal və regional çağırışlar fonunda zənginləşdirərək keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. XXI əsrin mürəkkəb geosiyasi mənzərəsində Azərbaycan artıq yalnız öz müstəqilliyini qoruyan deyil, eyni zamanda regionda söz sahibi olan, beynəlxalq təşəbbüslərlə çıxış edən nüfuzlu dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin liderlik modeli müasir siyasi idarəetmənin ən uğurlu nümunələrindən biri kimi səciyyələndirilir. Onun dövlət idarəçiliyinə yanaşması rasional düşüncə, strateji planlaşdırma və milli maraqlara sadiqlik prinsiplərinə əsaslanır. Yüksək təhsil, geniş dünyagörüşü və beynəlxalq təcrübə Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran əsas amillərdəndir. Dövlət başçısı qlobal siyasi və iqtisadi prosesləri dərindən təhlil edərək qərarlarını populizmə deyil, uzunmüddətli strateji hesablamalara söykənərək qəbul edir. Bu isə Azərbaycanın daxili sabitliyinin və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin edən əsas faktorlardandır.
2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri müasir dövlətçilik tariximizin ən mühüm siyasi hadisələrindən biri kimi tarixə düşmüşdür. Bu seçkilərin əsas xüsusiyyəti ondan ibarət idi ki, müstəqillik dövründə ilk dəfə olaraq səsvermə prosesi ölkəmizin bütün ərazilərində, o cümlədən azad edilmiş torpaqlarda keçirildi. Bu fakt Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının siyasi-hüquqi təsdiqi olmaqla yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Xankəndi şəhərində səs verməsi dərin rəmzi, siyasi və tarixi məna daşıyırdı. Dövlət başçısının “Orada verdiyim səs, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” fikri separatizmin tam iflasa uğradığını və Azərbaycan dövlətinin öz suveren hüquqlarını tam bərpa etdiyini açıq şəkildə ifadə etdi. Seçkilərdə seçici fəallığının 76,43 faiz, Prezident İlham Əliyevin qazandığı səsin isə 92,12 faiz olması Azərbaycan xalqının öz liderinə olan yüksək etimadının və siyasi həmrəyliyinin bariz göstəricisi oldu.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin başlanğıcı 2003-cü il prezident seçkiləri ilə bağlıdır. Həmin seçkilərdə Azərbaycan xalqı sabitliyə, davamlı inkişafa və Heydər Əliyev siyasi kursunun qorunmasına səs verdi. Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli müraciəti ilə İlham Əliyevi öz siyasi varisi kimi təqdim etməsi tarixi məsuliyyətin etibarlı əllərə ötürülməsi idi. Sonrakı illərdə həyata keçirilən islahatlar, sosial-iqtisadi yüksəliş və əldə edilən tarixi Zəfər bu etimadın tam doğrulduğunu sübut etdi. Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasəti müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətin davamlı inkişafına xidmət edir. Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizm dəyərlərinin uğurla tətbiq edildiyi nadir ölkələrdən biri kimi tanınır. Dinlər və mədəniyyətlər arasında harmoniyanın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu yanaşma Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmiş, ölkəmizi mədəniyyətlərarası dialoqun mühüm mərkəzinə çevirmişdir.
Gənclərə yönəlmiş dövlət siyasəti Prezident İlham Əliyevin strateji baxışının əsas sütunlarından biridir. Gənclərin savadlı, vətənpərvər və müasir düşüncəli kadrlar kimi yetişdirilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Təhsil, innovasiya, sosial rifah və gənc ailələrin dəstəklənməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan gəncliyində gələcəyə inamı daha da gücləndirmişdir. Prezident İlham Əliyevin fəaliyyətində insan amili hər zaman mərkəzi mövqedə dayanır. Dövlət başçısının ad günlərini və əlamətdar tarixləri sosial obyektlərin açılışlarında, şəhid ailələri və məcburi köçkünlərlə birlikdə qeyd etməsi Prezident–xalq birliyinin real və səmimi təzahürüdür. 50 illik yubileyinin Ağcabədidə məcburi köçkünlərlə, 60 illik yubileyinin isə Şuşada qeyd edilməsi bu liderlik modelinin humanist mahiyyətini aydın şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin xarici siyasəti milli maraqlara əsaslanan praqmatik və balanslaşdırılmış xətt üzərində qurulmuşdur. Azərbaycanın xarici siyasəti daxili siyasətin məntiqi davamı kimi çıxış edərək ölkəni mümkün risklərdən qoruyur, eyni zamanda beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycan həm region dövlətləri, həm İslam dünyası, həm də Avropa və Qərb ölkələri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmuşdur. 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində keçirilmiş Azərbaycan–ABŞ–Ermənistan Sammiti regionda sülh gündəliyi baxımından mühüm mərhələ oldu. İmzalanmış Birgə Bəyannamə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh konsepsiyasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərdi.
Nəqliyyat kommunikasiyalarının açılması və sülh sazişi perspektivi Cənubi Qafqazda uzunmüddətli sabitliyin real əsaslarını formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar Azərbaycanın iqtisadi müstəqilliyini və dayanıqlığını təmin etmişdir. Qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi yüksəlişi və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri Böyük Qayıdış strategiyasının əsasını təşkil edir. 2020-ci il Vətən müharibəsi Prezident İlham Əliyevin liderliyinin tarixi zirvəsi oldu. Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalq–ordu–lider birliyi nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ermənistanın kapitulyasiyası və 15 oktyabr 2023-cü ildə Xankəndidə Azərbaycan Bayrağının qaldırılması bu qələbənin siyasi və hüquqi təsdiqi oldu. Beləliklə, bu gün Azərbaycan qalib, suveren və güclü dövlətdir. Bu tarixi reallığın əsas memarı Prezident İlham Əliyevdir. Onun fəaliyyəti sübut edir ki, güclü liderlik, milli birlik və strateji baxış birləşdikdə tarix yazılır.
Şahin SEYİDZADƏ,
Milli Məclisin deputatı