27 Fevral 2024 09:00
1031
İQTİSADİYYAT
A- A+
Mingəçevirdən dünyaya

Mingəçevirdən dünyaya

 

Tekstil müəssisəsinin iplikləri "Made in Azerbaijan"nın əsas ixrac məhsullarına çevrilib

 

Köynək, cins və idman geyimləri üçün parçalar, uşaq geyimləri, dəsmallar, yataq ağları, döşəmə örtükləri, ev tekstil məhsulları, texniki və dekorativ parçalar və s...
İstənilən müəssisədə bütün bu məhsulların istehsalı üçün lazım olan əsas xammal iplikdir. Yüksəkkeyfiyyətli iplik isə pambıq mahlıcdan hazırlanır.  Ölkəmizdə son 20 ildə həm kənd təsərrüfatının, həm də qeyri-neft sənayesinin inkişafı artıq bu sahədə də nailiyyətlərə imza atmağımızı şərtləndirib. Belə ki, həm pambığımız var, həm də müxtəlif çeşidli ipliklər istehsal edən müasir sənaye müəssisələrimiz. Yəni artıq nə pambığı, nə də iplik məhsullarını xaricdən alırıq... 
İndi Mingəçevir Sənaye Parkındakı "Mingəçevir Tekstil"in istehsal etdiyi ipliklər daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendinin əsas ixrac məhsuluna çevrilib. Burada istehsal olunan ipliklərin müxtəlif növlərinə dünyada böyük tələbat var. Tekstilin yüksəkkeyfiyyətli ipliklərinin xarici sifarişlərinin gündən-günə artması bunu deməyə əsas verir. 
Bəs "Bu ipliklərin xammalı necə əldə edilir", "Çeşidlər nə cür seçilir", "Yeniliklərin tətbiqi hansı formada həyata keçirilir" kimi suallara cavab tapmaq üçün yolumuzu Mingəçevir Sənaye Parkından salıb tekstil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olduq.  

 

Qafqazın ən böyük iplik istehsal edən müəssisəsi

 

Ölkəmizdə qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılmasında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. 
Sənaye parklarının yaradılması əsas etibarı ilə ərazilərin malik olduğu resurslardan istifadə etmək, müasir, elmtutumlu texnologiyaların tətbiqi hesabına istehsal-təsərrüfat fəaliyyətini aktivləşdirməyə, regionların mövcud potensialından bəhrələnməklə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Hazırda ölkədə 12 sənaye zonası - 7 sənaye parkı (Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları), 5 sənaye məhəlləsi (Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri) fəaliyyət göstərir. Sənaye zonalarının yaradılmasında əsas məqsəd və əsas hədəflər qeyri-neft sektorunun inkişaf etdirilməsi, idxala olan tələbatın ödənilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Bu gün sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 65-dən çox ölkəsinə ixrac edilir.
Belə sənaye zonalarından biri də Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş sənaye parkında ilk fəaliyyətə başlayan müəssisə isə "Mingəçevir Tekstil" MMC olub. 
2018-ci il fevralın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışını ediblər. Sənaye parkının ərazisində 14,5 hektar sahədə yaradılan "Mingəçevir Tekstil" hazırda Qafqaz regionunun ən böyük iplik istehsal edən müəssisəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir və tekstil sahəsində beynəlxalq markaya çevrilib.
Ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu "Ring" (zərif və yumşaq iplik), 10 min tonu isə "Open End" (kobud iplik) üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsal edilir. 
Müəssisənin iş prinsipləri iplikdə keyfiyyət, ünvana vaxtında çatdırılma, müştərinin tələbatını qarşılamaq, davamlı əməkdaşlıqdır. Hədəfləri isə davamlı inkişaf, yeniliklərin tətbiqi, yeni məhsulların araşdırılması, yeni tərəfdaşların tapılması, təbiətə və ətraf mühitə ziyan vurmadan istehsal prosesini davam etdirməkdir. Müəssisədə istehsal prosesində Almaniya, Yaponiya, İsveçrə, Hindistan və İtaliya kimi ölkələrdə yüksək texnologiyalarla hazırlanmış avadanlıqlardan istifadə edilir.

 

İplik necə hazırlanır? 

 

Sənaye parkındayıq. 
Müvafiq təlimatlar, qaydalar və şərtlərlə tanış olduqdan sonra iplik müəssisənin iki sahəsində istehsal prosesi ilə yaxından maraqlanırıq. İlk olaraq "Ring" üsulu ilə istehsal edilən pambıq iplik sahəsinə daxil olarkən bizə qulaqcıqlar da verilir. Çünki içəridə çalışan makinaların yüksək səsi var. Həm də içəridə temperatur çox yüksəkdir - 30-32 dərəcə istilik var.... 
Bunun da səbəbi ipliklərin hazırlanmasının təminatına uyğundur. Əgər istilik aşağı olarsa, ipliklərdən istənilən formanı almaq mümkün olmaz. İstilik çox olarsa, xammal dəzgahlarda əriyib məhv ola bilər... 
Əvvəlcədən qeyd edək ki, "Ring" üsulu ilə hazırlanan pambıq iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və qiyməti bahadır. Bu məhsuldan, əsasən, köynək istehsal olunur. "Open End" üsulu ilə alınan iplik daha kobud olduğundan, əsasən, cins və digər geyimlərin istehsalında istifadə edilir.
Sahə ustası Nuru Əliyevin müşayiəti ilə istehsal prosesi ilə tanış olmağa başlayırıq.  
İpliyin hazırlanma prosesi ilk olaraq kiplənmiş pambığın "unifloq" adlanan dəzgahdan keçirilməsi ilə başlayır. Bu dəzgah möhkəm kiplənmiş pambığı ayıraraq içərisindəki yararsızları kənara atır və yararlı məhsulu digər dəzgaha - ağır töküm avadanlığına yönləndirir.  Ağır tökümdə isə pambığın içərisində ola biləcək xırda daş, dəmir qırıntısı təmizlənir. Bundan sonra pambıq "Uniklin" adlanan B12 dəzgahına yönləndirilir. Burada pambıq bir daha yenidən təmizlənir və yanğın detektorundan keçib anbara yığılır. Sonra pambıq "unistor" dəzgahına və oradan da səbətə ötürülür, ardınca rəng dedektorunda çeşidlənmə aparılr. Yəni ola bilir ki, hərdən pambığın içərisində rəngi saralanı da olsun. Bu dəzgah onu da ayırd edərək təmizləmə aparır. Pambıq "konvensor" dəzgahında son yoxlamadan keçdikdən sonra "C-70" daraq makinalarına ötürülür. Makinaya didilmiş və təmizlənmiş halda gələn pambıq "Serit" (lent) formasında "poller" dəzgahında müvafiq ölçülərə uyğun formada digər sahəyə yönləndirilir.
Lent formasında dəzgahdan çıxan pambıq "CER"sahəsində (lentləyici sahə) sifarişə uyğun şəkildə müvafiq növə ayrılır.
Makinaya nəzarət edən xanıma yaxınlaşıb proseslə maraqlanırıq. Mingəçevir sakini, müəssisədə "CER" sahəsində 6 ildir operator kimi çalışan Mehparə Loğmanova deyir ki, bu sahəyə gələn qalın "şerit"lər daha da incəldilərək "Kələf" sahəsinə ötürülür. Daraq sahəsindən lent formasında alınan iplik burada ütülənərək müvafiq ölçülərə uyğun seçilərək "fitil" sahəsinə yönləndirilir. Burada dişli çarxlar vasitəsilə ipliklər ölçülərə uyğun olaraq  kapron babinlərə dolanır. İpliklər müvafiq çəki alındıqdan sonra relslərə yığılır və "ring" sahəsinə ötürülür. Sonra isə kobud ipliklər "ring" sahəsində incə ipliyə çevrilərək "bobin"(müxtəlif ölçülü kapron vasitələr) sahəsinə yönləndirilir. Bu sahədə 40 bobin aparatı mövcuddur. Burada ipliklər müvafiq ölçülərə uyğun şəkildə bobinlərə yığılır. Əgər iplikdə hər hansısa nasazlıq varsa, "bobin" aparatı həmin hissəni kəsib atır. 
Beləliklə, burada hazır məhsul şəklini alan iplik ən sonda istilik sistemi olan "Fiksaj" dəzgahına daxil olur. Bir qədər nəm şəkilli olan iplik burada, sadə dillə desək, "bişir", yəni tam quruyur və bundan sonra anbarlara yığılır. Bununla da ipliyin hazırlanma prosesi yekunlaşır.       

 

Xammal da özümüzündü, məhsul da, istehsal da…

 

Mingəçevir Tekstil xammal olaraq 100 faiz Azərbaycan pambığı istifadə etməklə ayda 1200 ton məhsul istehsal edir. İstehsal edilən məhsulun böyük hissəsi Türkiyəyə ixrac edilir.
Müəssisənin hədəfləri ayda 1400 ton məsulun istehsalıdır. Bunun üçün isə ilk növbədə müəssisənin avadanlıqları yenilənib. Müasir avadanlıqlar alınıb və bu ildən müəssisə qarşıya qoyulan hədəflərə çatmaq üçün tam gücü ilə fəaliyyət göstərəcək. 
Onu da qeyd edək ki, hazırda istehsalat müəssisələrində 378 nəfər çalışır. Yeni avadanlıqların quraşdırılması isə yeni iş yerlərinin açılmasını da şərtləndirib. 
Müəssisədə həmçinin müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da mövcuddur. Laboratoriyanın rəhbəri Kəmalə Allahverdiyeva 2018-ci ildən burada fəaliyyət göstərir. Onun sözlərinə görə, laboratoriyada 9 laborant çalışır. Burada əsas məqsəd pambıq mahlıcından başlayaraq hazır məhsula kimi keyfiyyətə nəzarət etməkdir. Fasiləsiz çalışan laboratoriyada 24 saat ərzində sınaqlar, testlər aparılır.  Keyfiyyətə tam nəzarət həyata keçirilir. Əyrilən ipliklərin nömrələri sifarişə uyğun dəyişdiyi üçün dəqiqliklə yoxlanılır və rəy verilir. İpliyin keyfiyyətində nasazlıq olarsa, xammaldan imtina edilir. Laboratoriyada ipliyin "şerit" formasından "fitil" formasınadək bütün çeşidləri müasir avadanlıqlarda yoxlamadan keçdikdən sonra istehsalına icazə verilir. 
Üç növbə işləyən müəssisədə çalışanlar qayğı ilə əhatə olunublar. Hər növbədə işçilərə bir dəfə fabrikin hesabına yemək verilir. Burada həkim məntəqəsi də var.
"Mingəçevir tekstil" hələ ilk addımlarını atır. Həftələr, aylar ötdükcə bu addım daha möhkəm olur. Xammalı, məhsulu, istehsalı da Azərbaycana məxsus olan müəssisə həm yerli tələbatı ödəyir, həm də "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına çıxır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ersan ERGÜR: "Zəngəzur dəhlizi TDT və D-8-ə üzv dövlətlər ilə əlaqələrin inkişafına strateji töhfə verəcək"

08:20
24 Yanvar

Şəmkirdə məntəqələr seçki gününü gözləyir

08:15
24 Yanvar

Azərbaycanın etibarlı tərəfdaş olduğu Davosda da etiraf edildi

08:10
24 Yanvar

Davos Forumu iqtisadi inkişaf üçün yeni perspektivlər açır

08:05
24 Yanvar

Azərbaycana qlobal maraq hər zaman böyükdür

08:00
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında" 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2023-cü il 26 may tarixli 2151 nömrəli, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 1 aprel tarixli 25 nömrəli və "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:36
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

00:35
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan public hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

00:35
24 Yanvar

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

00:34
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilməsi haqqında

00:33
24 Yanvar

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında

00:31
24 Yanvar

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:30
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:29
24 Yanvar

Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub

23:57
23 Yanvar

Türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə genişlənir

23:17
23 Yanvar

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir  

22:36
23 Yanvar

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb  

21:37
23 Yanvar

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

21:28
23 Yanvar

Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

20:59
23 Yanvar

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

20:48
23 Yanvar

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

20:46
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!