09 İyun 2023 09:50
796
Mədəniyyət
A- A+
Milli yaddaşın xəzinəsi

Milli yaddaşın xəzinəsi

 

Beynəlxalq Arxivlər Şurasının (BAŞ) 2007-ci ildə  qəbul etdiyi qərarla  9 İyun  Beynəlxalq Arxivlər Günü kimi qeyd edilir. Bəşəriyyətin arxiv irsinin qorunması, inkişafı və istifadəsinə xidmət edən  BAŞ-nin isə bu il 75 ili tamam olur. 
Dünya arxiv təşkilatlarının, cəmiyyətlərinin peşəkar təşkilatı olaraq Arxivlər Şurası fəaliyyətini bu sahənin effektiv idarəolunması, bəşəriyyətin mədəni irsi olan arxiv sənədlərinin mühafizəsi, qaydaya salınması və istifadəsi sahəsində yeni norma və standartların müəyyən edilməsinə, arxivçilərin peşəkarlığının yüksəldilməsinə töhfə verən mötəbər qurumdur. Azərbaycan arxivçiləri də dünyada arxiv işi sahəsindəki yeniliklərin öyrənilməsində bu beynəlxalq təşkilatın təcrübəsindən və tövsiyələrindən bəhrələnir, əlamətdar günlə bağlı hər il müxtəlif tədbirlər, müzakirələr, ekskursiyalar, "açıq qapı" günləri və digər maarifləndirici tədbirlər həyata keçirirlər. 
Cəmiyyət üçün vacib sosial institut rolunu oynayan arxivlər həm də  çoxsahəli və universal informasiyanın saxlanıldığı elmi mərkəzlər olaraq dövlətin, vətəndaşların  retrospektiv informasiyaya əlçatanlığını təmin edir, ölkənin siyasi, ictimai-iqtisadi  və mədəni inkişafına təsir göstərir, idarəetmənin effektivliyini artırır, sosial hüquqların təminatçısı rolunu oynayırlar. Arxiv sənədləri insanın mənəvi zənginliyinin,  dünyagörüşünün genişlənməsində, tarixi şüurun, milli özünüdərkin, milli qürurun formalaşmasında əvəzsiz mənbə, tarixi tədqiqatların aparılması üçün etibarlı informasiya bazası rolunu daşıyır.  Arxivlərdə təkcə ciddi mədəni və tarixi informasiya resursları mühafizə olunmur, həm də hər birimizin həyatında bu və ya digər dərəcədə rolu olan çeşid-çeşid informasiya mühafizə edilir. Fərdi xarakterli məlumatlar, doğum, ölüm, nikah, boşanma, təhsil, əmək fəaliyyəti, əmlak münasibətləri, təltif və digər əməliyyatlara dair məlumatlar  da arxivlərdə saxlanılır. Arxivlərin bütövlükdə  cəmiyyətin sosial-mədəni fəaliyyət sahələrinin inkişafındakı rolunu nəzərə alaraq qeyd edə bilərik ki, Beynəlxalq Arxivlər Günü təkcə bu sahədə çalışanların peşə bayramı deyil, həm də arxiv işinin inkişafına töhfə verən, ondan faydalanan və ona qiymət verən hər kəsin, Vətən sevgisi ilə yaşayan hər bir vətəndaşın  bayramıdır.  
Xalqın hafizəsi və yazılı yaddaşı olan  arxiv sənədləri və arxivlər millətin mədəni dəyərlər toplusudur. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, mədəni irsin tərkib hissəsi olan arxiv sənədləri  xalqımızın tarixini  əks etdirən yeganə mənbə, həm də tariximizi təhrif edənlərin qarşısının alınması üçün mühüm vasitədir.  Bu gün  milli  arxivlərimiz  cəmiyyətin intellektual inkişafının məhsulu olan mədəni irsin qorunmasını və onun elmi məqsədlər üçün istifadəsi missiyasını ləyaqətlə həyata keçirən mühüm dövlət təşkilatlarıdır. 
102 illik inkişaf yolunu keçmiş Azərbaycan arxivləri xalqımızın dövlətçilik tarixinin, onun sosial-mədəni inkişafının öyrənilməsi üçün qiymətli arxiv materiallarının saxlanıldığı xəzinədir. Çoxsaylı  arxiv sənədləri təsdiq edir ki, tarixi torpaqlarımıza göz dikmiş yadelli qüvvələr təkcə Azərbaycanın maddi resurslarını istismar etməklə kifayətlənməmiş, həm də mədəni sərvətlərimizə  göz dikmişlər. Belə faktlardan birini  Dövlət Tarix Arxivində (DTA) mühafizə olunan tarixi "Türkmənçay" müqaviləsinin 3-cü bəndi təsdiq edir. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində  Rusiya ilə İran arasında imzalanmış müqavilə təkcə Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə nəticələnməmiş, İran tərəfi Azərbaycan xanlıqlarına məxsus arxiv sənədlərinin 6 ay müddətində Rusiyaya təhvil verilməsini öhdəlik  götürmüşdür. Bu faktın özü arxiv sənədlərinin dövlətlər üçün nə qədər əhəmiyyət kəsb etməsini bir daha təsdiq edir. Vaxtilə talan edilərək ölkədən çıxarılmış Azərbaycanla bağlı arxiv materiallarına bu gün  dünyanın bir çox arxivlərində  rast gəlmək mümkündür. Respublikamızın dövlət arxiv xidməti təşkilatları əməkdaşlıq etdikləri ölkələrin dövlət arxivlərində mühafizə olunan Azərbaycanla bağlı sənədlərin müəyyən edilməsi, onların siyahılarının əldə olunması və xüsusi əhəmiyyətli arxiv sənədlərinin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparırlar.
Azərbaycanda arxiv sənədlərinin  sistemli şəkildə toplanılması, mühafizəsi və istifadəsi işinə Xalq Cümhuriyyəti  Hökuməti dövründə başlanılmışdır. Cümhuriyyət Hökumətinin Xarici İşlər Nazirliyinin tərkibində çar Rusiyasının Azərbaycanda  fəaliyyət göstərmiş yerli idarələrində yaranmış sənədlərin toplanması və dərci məqsədilə xüsusi komissiya yaradılmışdır. Qısa müddət fəaliyyət göstərmiş  həmin komissiyanın  topladığı sənədlər hazırda DTA-nın fondlarında nadir sənədlər kimi qorunub saxlanılır. İmperiya məmurlarının məxfi qrifli hesabatları, məruzələrı, raportları və digər növ sənədlərdən ibarət  bu arxiv  materialları onların yerli müsəlman əhaliyə olan münasibətinin, milli münasibətlərin qızışdırılmasında yürütdükləri millətçilik siyasətinin mahiyyətinin öyrənilməsində, habelə təqiblərə məruz qalmış dövrün görkəmli şəxsləri barədə ətraflı məlumat almaq üçün qiymətli mənbə hesab olunur.  Cümhuriyyət hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar 1918-ci ilin əvvəllərində erməni vandalları tərəfindən  xalqımıza qarşı törədilən soyqırımı aktının nəticələrinin öyrənilməsi və vəhşiliklərin beynəlxalq səviyyədə ifşa edilməsində əvəzedilməz tarixi mənbə kimi qiymətləndirilir.
Dövlətin universal informasiya resursları kimi dəyərləndirilən arxiv sənədlərində milli dövlətçiliyimizin inkişaf tarixinin müxtəlif mərhələlərinin öyrənilməsində ilkin tarixi mənbə kimi xüsusi əhəmiyyət daşıyan çoxsaylı məlumatlar vardır. Bu sənəd xəzinəsi bizə vətən tarixinin son 300 illik dövrünü göz önünə gətirməyə, onu öyrənməyə,  baş vermiş hadisə və faktların elmi təhlilini aparmaqla nəticələr əldə etməyə,  gələcəyə baxışımızı formalaşdırmağa imkan verir. 
Dövlət arxivlərimizdə mühafizə olunan xüsusi qiymətli sənədlərin siyahısında Azərbaycan tarixinin bir çox qaranlıq məqamlarının öyrənilməsi və tədqiqi üçün son dərəcə əhəmiyyətli və oxucu üçün maraqlı olan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Milli Şurasının fəaliyyətinə dair arxiv materialları da vardır. Bu sənədlər xalqımızın fədakar oğulları və ideya sahiblərinin Azərbaycanın müstəqilliyi uğrunda apardıqları şərəfli mübarizənin şahidi olmaqla bizlərə həmin illərdə bölgədə gedən gərgin siyasi proseslər barədə ətraflı məlumat almağa imkan verir.  Həmin sənədlərdən məlum olur ki, 1918-ci ilin fevralında  Zaqafqaziyada hakimiyyət orqanı kimi yaradılmış seymin müsəlman fraksiyasının iclaslarında Zaqafqaziyanın müstəqil dövlət elan edilməsi, Türkiyə ilə münasibətlər, Rusiyadan gələn bolşevik təcavüzü, Bakıda, İrəvan quberniyasında ermənilər tərəfindən müsəlman əhalisinə qarşı törədilən qırğınlar, vəhşiliklər və digər məsələlər geniş müzakirə edilmişdir. 
 Arxiv sənədləri ilə tanış olduqca maddi və mədəni sərvətlərlə zəngin olan vətən torpaqlarına əsrlər boyu şimaldan, cənubdan, şərqdən və qərbdən gələn təhlükələrin  miqyasını öyrənmək mümkündür. Dövlət arxivlərimizdə mühafizə olunan və Azərbaycan xalqı üçün ağır nəticələrlə sonlanan "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələri ilə tanışlıq son 200 ildə xalqımızın başına gətirilən faciələrin miqyasını və bu məkrli siyasəti həyata keçirən qüvvələrin məqsəd və niyyətlərini aydın görmək imkanı verir. Sənədlərin təhlili göstərir ki, XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək qərb dövlətlərinin köməyi ilə "böyük Ermənistan" dövləti yaratmaq xülyasına düşmüş və bu işdə onlara Qərb dövlətləri və  çar Rusiyası   himayədarlıq etmişdir. XVIII əsrdən Cənubi Qafqazı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX əsrin birinci yarısında  buna nail olmuş və tarixi Azərbaycan torpaqlarının bir hissəsini imperiyaya qatmağa müvəffəq olmuşdur. Ərazilərimizin işğalı tarixi Azərbaycan torpaqlarında kəskin demoqrafik dəyişikliklərin baş verməsi ilə nəticələnmişdir. Rus ordusunda xidmət edən erməni millətindən olan zabit və generalların dəstəyi ilə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ərazidə demoqrafik mənzərənin tədricən ermənilərin xeyrinə dəyişməsinə səbəb olmuşdur. Tarixi sənədlər təsdiq edir ki, 1929-cu ilin dekabr ayınadək  8000 mindən yuxarı erməni ailəsi (40 min nəfər)  Arazı keçərək Rusiyanın tutduğu İrəvan, Naxçıvan, Qarabağ torpaqlarında məskunlaşmışdır. Eyni zamanda həmin il Rusiya ilə Türkiyə arasında imzalanan Ədirnə müqaviləsindən sonra türk xalqına  qarşı törətdikləri cinayətlərdən qorxaraq 14 mindən artıq erməni ailəsi (84600 nəfər)  rus ordusunun köməyi ilə tarixi Azərbaycan torpaqlarına köçürülmüşdür. Dövlət arxivlərimizdə saxlanılan o dövrün statistik hesabatları, məlumat kitabları həyata keçirilən  bütün köçürmələrə baxmayaraq, XX əsrin əvvəllərində hazırkı Ermənistan ərazisində yaşayan əhalinin əksəriyyətinin doğma torpaqların əbədi və əzəli sakinləri olan azərbaycanlılardan ibarət olduğunu təsdiq edir. Bu ərazidə azərbaycanlıların say tərkibinin azalması bədnam Daşnak partiyasının 1918-20-ci illərdə yaratdığı Ararat respublikası dövründə daha böyük vüsət almışdır. Ermənistan dövləti öz mövcudluğunun ilk günündən qədim Azərbaycan torpaqlarını işğal etməyə çalışmış, daşnaklar İrəvan quberniyası, Zəngəzur, Cavanşir, Şuşa qəzalarının yüzlərlə kəndini yandıraraq məhv etmiş və yerli əhaliyə qarşı misli görünməyən vəhşiliklər, qırğınlar törətməklə 100 mindən artıq azərbaycanlını öz yurd yerlərini tərk etməyə məcbur etmişlər. 
 Arxiv fondlarımızda saxlanılan Ermənistan SSR-dən azərbaycanlı kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında  SSRİ Nazirlər Sovetinin sədri tərəfindən  1947-ci və 1948-ci illərdə imzalanmış  qərarlar belə faktları bir daha təsdiq edir. Ermənistandan azərbaycanlıların köçürülməsinə yönəldilmiş bu qərarlar ittifaq hökumətinin başında duranların ermənilərlə birləşərək xalqımıza qarşı yönəlmiş ən böyük repressiya və deportasiya  siyasətinin təzahürü, XX əsrin əvvəllərinə qədər bu ərazilərə köçürülən ermənilərin həmin torpaqlarda daha geniş əl-qol açmasına yönəlmiş ən ədalətsiz qərarlar idi. 
  Bu gün Prezident İlham Əliyevin Qarabağ və Qərbi Azərbaycan məsələləri  ilə bağlı ölkə daxilində və beynəlxalq səviyyədə apardığı ardıcıl və məntiqli dövlət siyasəti erməni xislətinin beynəlxalq miqyasda ifşasına və  tarixi ədalətin bərpasına istiqamətlənmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə beynəlxalq səviyyədə  aparılan işlər, həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində olduğu kimi, çox tezliklə dünyada erməni mifinin darmadağın edilməsi və soydaşlarımızın tarixi torpaqlara qayıdışı ilə nəticələnəcəkdir. Bu şərəfli missiyanın həyata keçirilməsi və tarixi ədalətin bərpasında dövlətin mötəbər informasiya resursu olaraq arxiv sənədlərinin əvəzsiz əhəmiyyəti vardır. Bütün bu qeyd olunanlar son 200 ildən artıq bir dövrdə Ermənistan-Azərbaycan münasibətləri kontekstində regionda baş vermiş hadisələrin obyektiv təhlili və həlli üçün arxiv sənədlərində tutarlı faktların mövcudluğunu ortaya qoyur və bu sahədə fundamental  elmi araşdırmaların aparılması üçün qiymətli mənbə olduğunu təsdiq edir.
Dövlət arxivlərimizdə peşəkar tədqiqatçılar tərəfindən elmi araşdırmaların aparılması üçün zəngin sənəd bazası mühafizə olunduğu kimi, həm də sənədlərdən səmərəli istifadə üçün lazımi şərait yaradılıb. Bu sahədə qabaqcıl dünya ölkələrinin təcrübəsi öyrənilərək normativ hüquqi baza təkmilləşdirilib, istifadəçilərin, tədqiqatçıların arxiv sənədlərinə əlçatanlığı və çıxış imkanlarının genişləndirilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən  istifadəyə başlanılıb. Görülən tədbirlər, istifadəçilərin arxiv materiallarına giriş imkanlarının genişləndirilməsi həm də dövlətin ideoloji tapşırıqlarının  daha səmərəli həllinə və iqtisadi aktivliyinin artmasına xidmət edir, yeni reallıqda cəmiyyətdə arxivlərin rolunun daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradır. Hazırda arxivlər mənbə yaratmaq və məlumat vermək istiqamətində, başqa sözlə, sənədləri toplamaq, saxlamaq, qeydiyyatını aparmaq  və istifadəçilərin arxiv materiallarına açıq, sərbəst və rahat çıxış imkanlarının yaradılması istiqamətlərində geniş fəaliyyət göstərirlər. 

Həsən HƏSƏNOV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!