15 May 2024 02:21
2198
PARLAMENT
A- A+

Milli Məclisin deputatları Şimali Kiprdə "İtirilmiş avtobus" abidəsinin açılışında iştirak ediblər

 

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyevin başçılıq etdiyi deputat qrupu Şimali Kiprdə "İtirilmiş avtobus" abidəsinin açılışında iştirak edib. 
AZƏRTAC xəbər verir ki, 60 il əvvəl işə gedərkən yunan millətçiləri tərəfindən qətlə yetirilən 11 kiprli türkün xatirəsinə həsr olunmuş mərasimdə ŞKTR-in Prezidenti Ersin Tatar, parlamentin spikeri Zorlu Töre, Baş nazir Ünal Üstel çıxış ediblər. 
O faciəli gündə - 1964-cü il mayın 13-də fəhlələri daşıyan həmin avtobusu tapmaq mümkün olmayıb, faciə qurbanlarının cəsədlərinin qalıqları isə 2009-cu ildə kənd quyularının birində aşkar edilib. Qatillər onları güllələdikdən sonra quyuya atıblar. 
Prezident Ersin Tatar çıxışında azərbaycanlıların günahsız dinc insanların öldürülməsi kimi faciələrin acısını bütün xalqlardan yaxşı bildiyini qeyd edərək, ermənilərin Xocalıda törətdikləri qanlı soyqırımı aktını nümunə göstərib.
Siyasətçi mərasimdə iştirakına görə azərbaycanlı parlamentarilərə təşəkkür edib, türk xalqlarının yaxınlaşmasında Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib.
ŞKTR-in Baş naziri Ünal Üstel çıxışında Lefkoşanın Ankara və Bakı ilə həmrəyliyinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycanla yaxınlaşma istiqamətində atılan hər yeni addım digər dövlətləri Şimali Kipr Türk Respublikası ilə dialoqa stimullaşdırır.
Baş nazir Şimali Kipr sakinlərinin gənc nəslini tarixi faktları yadda saxlamağa və yalan təbliğatla mübarizə aparmağa çağırıb.     
 Sonra çıxış edən ŞKTR parlamentinin sədri Zorlu Töre ölkəsinin suverenlik və müstəqilliyin təmin edilməsi istiqamətindəki kursunun dəyişmədiyini bildirib. "Xalqın tarixini unutdurmaq yolverilməzdir. Bundan dərs almaq və gələcək nəsillərə çatdırmaq vacibdir. Əks halda, faciəli hadisələr təkrarlana bilər və dezinformasiya Kiprdə baş verən hadisələrin təhrif olunmasına gətirib çıxarar", - deyə o vurğulayıb.
Azərbaycan və ŞKTR parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycan tarixiboyu dəfələrlə çağırış və təhdidlərlə üzləşib, lakin sonda bəlalara və problemlərə son qoyub. Millət vəkili buna misal olaraq Vətən müharibəsində ölkəmizin Qələbəsini göstərib.
"Əminəm ki, ŞKTR xalqı da müstəqillik mübarizəsində uğurlar qazanacaq. Azərbaycan sakinləri Kipr türk xalqına dərin rəğbət bəsləyir və həm parlament, həm də digər strukturlar səviyyəsində dəstəyə hazırdırlar", - deyə Feyziyev vurğulayıb.
Onun sözlərinə görə, Milli Məclis ŞKTR ilə dialoq üzrə gələcək addımları müzakirə etməyə hazırdır.
Mərasim iştirakçıları "İtirilmiş avtobus" abidəsinin açılışını bildirən qırmızı lenti kəsiblər. Heykəlin ətrafında yunan millətçilərinin qurbanlarının qalıqlarının yanında aşkar edilmiş əşyaların nümayiş olunduğu stend yaradılıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video