24 Iyul 2024 13:08
109
SİYASƏT
A- A+

Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib YENİLƏNİB

 

2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində iyulun 24-də dəyirmi masa təşkil edilib.

"Azərbaycan" qəzeti xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması, eyni zamanda, fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O bildirib ki, ölkəmizdə keçirilən seçkilərdə qadınların rolu çox böyükdür. Həmçinin seçicilərimizin çoxu qadınlardır. Seçkilərdə fəallığı baxımından ən gözə görünməyən, amma effektli olanlar da qadınlardır.

Artıq yeni bir Azərbaycanda yaşadığımızı qeyd edən MSK sədri deyib: “Azərbaycan 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə bu xalqın, Ordunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu dövrdə yaşamağımız bizə nəsib olan çox böyük bir xoşbəxtlikdir. Azərbaycan yüz illərdir arzu etdiyi, həsrətində olduğu halların reallaşdığını görür. Ona görə çalışmalıyıq ki, bizə aid olan sahələrdə öz fəaliyyətimizi həmin standartlar üzərində quraq. Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra artıq ikinci dəfə seçki keçirəcək. Birincisi fevral ayında keçirilən prezident seçkiləri idi. Biz onu “Zəfər seçkisi” adlandırırdıq. Mən hesab edirəm ki, o, prezident seçkiləri ilə bağlı Zəfər seçkiləri idi, bu isə Milli Məclisə seçkilər baxımından Zəfər seçkisi olmalıdır”.

Dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, istər qadın, istər kişi olaraq biz, ilk növbədə, hüquqlarımızı bilməliyik. Hər bir Azərbaycan vətəndaşının ölkənin ictimai-siyasi həyatında, bütün səviyyələrdə bərabər şəkildə iştirak hüququ var. Bu hüquqdan bərabər istifadə edək, bərabər iştirak edək və təmsil olunaq. Eyni zamanda, nəticələrə məsuliyyətlə cavabdehlik daşıyaq.

“Bizim bu qəbildən olan məlumatlandırma kampaniyalarımızın məqsədi bu bərabərliyi təmin etməkdir. Biz bütün demokratik ölkələrin əksəriyyətindən əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişik. Keçdiyimiz inkişaf yolu, əldə etdiyimiz nailiyyətlər bizi o həddə gətirib çıxarıb ki, biz kişilərdən öndə olmalı deyil, onlarla çiyin-çiyinə, bərabər şəkildə qurduğumuz bu dövlətə töhfələrimizi verməliyik, bərabər iştirak etməliyik, bərabər cavabdehlik daşımalıyıq”, - deyə komitə sədri əlavə edib.

Açılış nitqlərindən sonra dəyirmi masanın gündəliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçilərinin təqdimatları dinlənilib. İştirakçılar seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları, eləcə də Milli Məclisə seçkilərdə qadınların fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumatlandırılıb.

Tədbirdə Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri və digər təmsilçiləri ilə yanaşı, qadın məsələlərinə dair təşkilatlar, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Dəyirmi masa qadınların seçkilərdə iştirakı ilə bağlı müxtəlif mövzular ətrafında geniş müzakirələr və meydana çıxan sualların cavablandırılması ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video